Bu günlərdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəyə idxal olunan avtomobillərin sayının azalması haqda məlumat verib. Onun sözlərinə görə, Azərbaycana gətirilən avtomobillərin sayında hələ də azalma müşahidə olunur: "May ayında da azalma qeydə alınıbAmma mənə elə gəlir ki, bazar boş qalmayacaq. Azərbaycana gətirilən maşınlar yalnız ilinə görə ölkəyə idxal olunmur. Orada maşınlar müayinədən keçir. Yoxlamalarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birgə lazımi nəzarət tədbirləri həyata keçirilir".
Qeyd edək ki, bu azalma məhz ölkədə "Avro-4" standartının tətbiqindən sonra müşahidə olundu. İndi avtomobillərə əvvəlki tələb yoxdur və istian deyil ki, bu hal maşınların qiymətini ucuzlaşdıra bilər.. Bununla bağlı iqtisadçılar vəziyyəti Movqe.az-a açıqlamalarında dəyərləndiriblər.
İqtisadi
Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev bildirib: "Avtomobil
idxalının azalması daha çox ölkəmizin bu ildən "Avro-4" standartına
keçidi ilə əlaqədar baş verib. İndi ölkəyə idxal olunan
avtomobillərin bu standartın tələblərinə cavab verməsi əsas
götürülür. Ona görə də, standart istər-istəməz ölkəyə daha yeni
avtomobillərin gətirilməsini zəruri edir. Əvvəllər Azərbaycan
avtomobil bazarında işlənmiş avtomobillərin satılması daha böyük
yer tuturdu. Ancaq "Avro-4" standartına keçid artıq təzə
avtomobillərin ölkəyə gətirilməsini tələb edir. Onların qiymətləri
də yüksəkdir. Bu baxımdan söhbət avtomobilə tələbatın azalmasından
yox, ölkəyə indiki halda avtomobil gətirilməsinin
məhdudlaşdırılmasından gedir. Təbii ki, bu avtomobil bazarının
özündə də müəyyən tələb azalması yaradır. Ona görə ki, bazarda
köhnə avtomobillərin sayının azalması prosesi baş verir.
Nəzərə almaq lazımdır ki, əhalinin avtomobillərə böyük marağının
olmasına rəğmən, Azərbaycan avtomobil bazarında ikinci əl
avtomobillər daha çox üstünlük təşkil edirdi. Ona görə ki,
insanların təzə avtomobil almaq imkanları geniş deyil. Bu səbəbdən
də ölkəyə gətirilən avtomobillərin azalması məhz həmin o təzə
avtomobillərin gətirilməsi ilə bağlıdır".
İqtisadçı hesab edir ki, bunun avtomobil bazarına necə təsir edəcəyini zaman göstərəcək: "Ona görə ki, ölkə daxilində əvvəldən gətirilmiş və əhalinin istifadə etdiyi maşınlar satışa çıxarılıb. Bu gün bazardadır və bunlar üçün bir qadağa yoxdur. Ona görə də bu müəyyən qədər qiymətlərə təsir göstərir. Bunların sayının da getdikcə azalması, təbii ki, bazarda bir qədər təklifin azalmasına gətirib çıxara bilər. Bu da növbəti mərhələlərdə müəyyən qiymət ucuzlaşmasına gətirib çıxarar. Amma söhbət böyük ucuzlaşmadan getmir. Ona görə ki, avtomobil qiymətlərində aksizlər də mühüm rol oynayır. Gömrük rüsumları azalmadığı müddətdə bazarda qiymətlərin kəskin düşməsini gözləmək doğru deyil".
İqtisadi Resursların
Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan
Atakişiyev idxalın azalma səbəblərindən danışarkən qeyd edib ki,
bunun bir neçə səbəbi var: "Birinci səbəb Mərkəzi Bankın istehlak
kreditləri ilə bağlı olaraq qaydaları çətinləşdirməsidir.
Bildiyiniz kimi, istehlak kreditlərinin tərkibində avtomobil
kreditlərinin həcmi daha böyükdür. Başqa bir məsələ isə, "Avro-4"
standartlarına keçidlə bağlıdır. Həmçinin də, son dövrlərdə
yanacağın qiymətinin qalxması fonunda da müasir istehsal olan,
mühərrik həcmi böyük olan avtomobillərin işlətdikləri yanacağın
baha başa gəlməsi yerli alıcıların tələbatının aşağı
düşməsinə səbəb olub. Ümumiyyətlə, idxalın azalması daxili
tələbatın aşağı düşməsi ilə bağlıdır. Tələbat aşağı düşübsə,
gələcəkdə avtomobillər qiymətinin də aşağı düşməsi
gözlənilir".