Nərmin İbrahimova: "İnternet üzərindən alış-veriş etmək ənənəsi hələ də ənənəvi olaraq mağazalardan edilən alış-verişlə müqayisədə çox zəifdir"
Aparılan son araşdırmalar ölkəmizdə də artıq internet mağazaların sayının sürətlə artmaqda olduğunu göstərir. Bütün dünyada elektron ticarətin genişləndiyi bir zamanda bu prosesin Azərbaycanda da müşahidə olunması sevindirici haldır. Lakin digər bir məsələ bu mağazaların vergi ödəyicisi olmamasıdır.
İqtisadçı Natiq Cəfərli deyir
ki, buna səbəb qanunvericilikdəki boşluqlardır. Natiq Cəfərli
Mövqe.az saytına əvvəlcə internet mağazaların üstünlüklərindən
danışıb. İqtisadçı bildirib ki, onlayn alış-verişin ən böyük
özəlliyi, üstünlüyü qiymət fərqidir: "Çünki internet üzərindən
alış-veriş edən şirkətlər və dükanlar bir çox xərclərdən
azaddırlar. Onlar fiziki olaraq dükan saxlayıb onlara icarə haqqı
verməkdən, bəzi vergilər ödəməkdən azad olduğuna görə, daha ucuz
qiymətlər təklif edirlər. Bu da insanları daha çox cəlb edir.
Xidmətin keyfiyyəti də getdikcə yaxşlaşdıqca, yəni sifariş olunmuş
məhsulların vaxtı-vaxtında çatdırılması baş verirsə, bu, gələcəkdə
internet mağazaların daha çox inkişaf edəcəyini və insanların bu
xidmətdən daha çox yararlanmağa meyilli olacağını sübut edir. Bəzi
qonşu ölkələrin rəqəmlərini gördükdə bunun açıq-aşkar şahidi
oluruq. Məsələn, qardaş ölkə Türkiyədə internet və onlayn
alış-veriş artıq pərakəndə satışın 20%-nə çatıb. Bu, çox
böyük göstəricidir. Avropada və ABŞ-da bu rəqəmlər daha yüksəkdir.
Azərbaycan da çox güman ki, bu yolla gedəcək. Çünki bu yenilikdir
və qarşısını almaq mümkün deyil. Sadəcə olaraq, Azərbaycanda bəzi
tənzimləyici addımlar atılmalıdır və onlayn alış-verişlə məşğul
olan şirkətlərin daha asan və daha tez fəaliyyət göstərməsi üçün
ortalıqda olan bəzi maneələr aradan qaldırılmalıdır. Əgər bu
problemlər həll olunarsa, həm dövlət büdcəsi, həm də
vətəndaşlarımız bu ticarət növündən çox xeyir görə
biləcəklər".
Eyni zamanda ekspert internet mağazaların sayının çoxalmasının ənənəvi mağazaların mövqeyin zəifləməsinə gətirib çıxara biləcəyini deyib. Lakin bu göstəriici yaxın 3-5 il üçün Azərbaycanda gözlənilmir: "Yaxın gələcək üçün gözlənilmir ki, onlayn mağazalar ənənəvi mağazaları ikinci plana keçirsin. Ən azından yaxın 3-5 ili üçün. Amma dünyada inkişafa baxsaq, prosesləri izləsək, görərik ki, bəlkə də 10-15 il sonra dünyada pərakəndə ticarətin böyük bir hissəsi onlayn ticarət üzərindən aparılacaq. Bu isə ənənəvi pərakəndə alış-veriş mərkəzlərinin mövqelərinin getdikcə zəifləməsi ilə nəticələnəcək. Amma, dediyim kimi, yaxın 5 ildə bunu hələ də gözləmək düzgün deyil. Çünki Azərbaycanda onlayn ticarət yenidir. Digər ölkələrdə 10-15 il tarixçəsi olan onlayn alış-veriş Azərbaycanda təzəlikcə başlayıb. Amma inkişaf emiş ölkələrdə ola bilər ki, pərakəndə satışla məşğul olan onlayn dükanlar real fiziki dükanların üstələsin və gələcəkdə önəmli bir mövqeyə malik olsun".
Yuxarda da qeyd etdiyimiz kimi, onlayn mağazlar vergi ödəyicisi deyillər. Ekspert bildirib ki, bununla bağlı qanunvericilikdə müəyyən boşluqlar var: "Bu da qanunların 90-cı illərdə tərtib olunmasıyla əlaqədardır. O vaxt internet ticarəti deyilən bir anlayış olmadığından, qanunvericilikdə də öz əksini tapmır. Boşluqlar da burdan yaranır. Həmin boşluqlar düzəldilməlidir. Bu düzəlişlər həm onlayn ticarətlə məşğul olan insanların vəziyyətini yaxşılaşdırmaq, həm də onlayn ticarətdən istifadə edən vətəndaşların bura çıxışını asanlaşdırmaq üçün edilməlidir. Əks proses baş verərsə, bu, qeyri-leqallığa gətirib çıxaracaq. Bu isə nə dövlətə, nə də vətəndaşlara xeyir gətirə bilməz".
İqtisadi Təhlil
İnstitutunun sədri Məhəmməd Talıblı isə bildirib: "İnternet
mağazalarının artması ondan xəbər verir ki, cəmiyyətdə bitərəf
internet resurslarından istifadəyə meylli olan sosial qruplar
meydana çıxıb və onların bu cür vərdişlərə yiyələnməsi, bunlara
daha çox meyl göstərməsi ümumiyyətlə, həmin bazarı daha da
canlandıra bilər. Digər tərəfdən əsas məsələ həmin şirkətlərin
yaranması və fəaliyyəti deyil, daha çox onların vergi ödəyicisi
kimi çıxış etməsidir. Artıq ticarətin məhsuldarlığının,
ümumiyyətlə, ticarət dövriyyəsində elekron ticarət növü daha çox
populyarlıq qazanmağa başlayır. Belə bir vəziyyətdə daha arzuolunan
hal odur ki, Azərbaycanda belə şirkətlər artsın və yaxud da ki,
mövcud şirkətlər tendensiyaya uyğun olaraq peşəkarlıqlarını
artırsınlar. Eyni zamanda bu istiqamətdə fəaliyyəti
genişləndisinlər. Bu halda ölkədə həm elektron ticarətin dövriyyəsi
genişlənə bilər, eyni zamanda daha az xərcli ticarət növü olaraq,
istehlakçı hüquqlarını əhatə edə bilər, istehlakçıların rahatlığına
da xidmət edər".
İqtisadi və
Sosil İnkişaf Mərkəzinin üzvü Nərmin İbrahimova isə hesab edir ki,
internet üzərindən edilən alış-verişlərin həcmi hələ o qədər deyil
ki, ənənəvi mağazaların mövqeyinə hər hansı təsir etsin:
"Azərbaycanda elektron ticarət inkişaf tempində son zamanlar
irəliləyişlər var. Lakin internet üzərindən alış-veriş etmək
ənənəsi hələ də ənənəvi olaraq mağazalardan edilən alış-verişlə
müqayisədə çox zəifdir. Hətta ümumi dövriyyənin cəmi 1 faizini
təşkil edir. Elektron ticarət haqqında qanun 2005-ci ildə qəbul
edilib, lakin internet vasitəsilə alış-veriş 2008-dən etibarən
həyata keçirilməyə başlayıb. Elektron ticarətin vergidən azad
edilməsinin səbəbi bu sahəni inkişaf etdirilməsidir. Ümumiyyətlə,
hər hansı bir yeni yaranan sektorun inkişaf və təşviq edilməsi üçün
vergidən azad edilmə ənənəvi metoddur və bu addım adətən özünü
doğruldur.
İnternet mağazaların ənənəvi mağazalara təsirinə gəldikdə isə, burada ciddi təsirdən söhbət gedə bilməz. Yuxarıda da qeyd etdiyim ki, dövriyyənin cəmi 1 faizi elektron ticarətin payına düşür. Eyni zamanda, ənənəvi mağazalar onlayn platformalar yaradaraq ticarəti internet vasitəsilə də həyata keçirə bilərlər. Bu halda isə, ancaq müsbət təsirdən söhbət gedə bilər".