Əlaqə Arxiv
news Image
2014.07.04
08:22
| A A A
Dollara qarşı Çin və Hindistan valyutaları
Ekspert: "Birbaşa olaraq Çin və Hindistan valyutalarına müraciət kommersiya xərclərini azaldır, eyni zamanda dolların dönərliliyini azaldır"

Hazırda dünyanın bir sıra ölkələri valyuta ehtiyatları kimi Hindistan rupisi, Braziliya realı və Çin yuanı almağa da xüsusi diqqət yteirməkdədirlər. Qeyd edək ki, hazırda dünyanın demək olar ki, əksər ölkələri valyuta ehtiyatlarını əsasən dollar və avroda saxlayır. Yəni indilikdə bu iki valyuta daha etibarlı sayılır. Çin, Hindistan və Braziliyaya gəldikdə, son illər bu ölkələrdə müəyyən iqtisadi yüksəliş yaşanır. Çin hazırda ümumi daxili məhsulun həcminə görə dünya ikincisidir. Hindistan və Braziliya bu istiqamət üzrə ilk onluğa daxil olub. Bu da o deməkdir ki, dünya iqtisadiyyatının formalaşmasında həmin üç ölkənin özünəməxsus payı vardır. Azərbaycana gəldikdə, burada əsas xarici valyuta rolunda dollar və avro çıxış edir. Azərbaycanın valyuta ehtiyatlaının əsas hissəsi məhz bu iki valyuta ilə saxlanılır. Bununla belə, bəzən belə fikirlər səslənir ki, valyuta ehtiyatlarımızın tərkibində digər ölkələrə məxsus pullara da müəyyən qədər yer verilsin.

Müstəqil iqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, bəzi ölkələrin valyuta ehtiyatlarında Çin, Hindistan və Braziliya puluna müraciət etmələri onların Avropa İttifaqı və ABŞ-la konfliktdə olmaları ilə bağlıdır: "Hazırda Hindistan, Çin və Braziliya valyutalarına müraciət edən ölkələr Avropa Birliyi və ABŞ-la hansısa formada problemi olan, onların siyasətini dəstəkləməyən, dollar və avronun dünya pulu olmasından xislət çəkən ölkələrdir. Belə bir tendensiya ilk dəfə bir çox Afrika ölkələrində özünü göstərməyə başlamışdı. Lakin sonradan, Qərbin İrana tətbiq etdiyi sanksiyalarla bağlı olaraq, məsələ yenidən gündəmə gəldi. İran artıq özünün xarici ticarət dövriyyəsinin bir hissəsini Çin yuanı ilə həyata keçirməyə üstünlük verdi. Bu da ondan irəli gəlirdi ki, o dövrdə İrana qarşı qoyulan sanksiyalar fonunda bu ölkənin dollar və avroya çıxışı azalmışdı. Onun bu valyutalarda olan xarici hesabları dondurulmuşdu. Hazırda isə İranla Qərb arasında buzlar ərimək istəyir. Belə olan halda yaxın dövrdə İran yenidən avro və dollara müraciət edəcək. İndilikdə isə, sanksiyalarla bağlı olaraq, Rusiya da xarici ticarətində rubl və Çin yuanına üstünlük vermək məsələsini gündəmə çıxarıb. Hazırda bildiyiniz kimi, Çin və Hindistan, habelə Braziliya ən çox məhsul ixrac edən ölkələrdəndir. Hansı ki, onların istehsal etdiyi məhsulun böyük hissəsi də aşağı alıcılıq qabiliyyəti olan ölkələrə ixrac edilir. Bu da Hindistanla Çinin keyfiyyəti aşağı və eyni zamanda qiyməti ucuz məhsul istehsal edən ölkələr olması ilə bağlıdır. Alıcılıq qabiliyyəti aşağı olan bir sıra ölkələr var ki, onlar xarici ticarətində məhz Çin və Hindistandan olan aşağı keyfiyyətli və ucuz mallar üstünlük təşkil edir. Çin özü yuanı dünya puluna çevirmək iddiasındadır. Birbaşa olaraq Çin və Hindistan valyutalarına müraciət etməklə, bu ölkələr həm kommersiya xərclərini azaldır, eyni zamanda dolların dönərliyini azaltmağa cəhd edirlər. Belə vəziyyət gələcəkdə böyüdüyü halda, dolların məzənnəsinin, dəyər ifadəsinin aşağı enməsinə gətirib çıxara bilər".

Ekspert bununla belə düşünmür ki, bir sıra dövlətlərin Çin, Hindistan və Braziliya puluna müraciət etmək tendensiyası uzun çəkəcək. Azərbaycana gəldikdə, həmsöhbətimiz ölkəmizdə də haqqında söhbət açılan tendensiyanın təkrarlanmasını uğurlu saymır: "Hazırda dünyadakı xarici ticarət sistemi bu iki valyuta üzərində qurulub. Onların arxasında dayanan iqtisadi gücün dayanıqlığı da möhkəmdir. Azərbaycanın özünün Dövlət Heft Fondunda saxlanılan dövlər vəsaitlərinin böyük qismi məhz avra ilə dollarda saxlanılır. Bu da həmin ölkələrin iqtisadiyyatına olan güvəndən irəli gəlir. Ona görə, ölkəmizin öz valyuta ehtiyatlarının tərkibində bəzi dövlətlər kimi Çin, Hindistan və Braziliya puluna müraciət etməsinə lüzum görmürəm. Çin iqtisadiyyatı da uzunmüddətli perspektivdə dayanıqlı görünmür. Burada siyasi sabitlik və davamlı iqtisadi böyümə olmalıdır. Çin dövlətinin siyasi quruluşuna diqqət yetirsək görərik ki, o fərqli bir quruluşa malik ölkədir. Burada təkpartiyalılıq sistemi uzun müddət davam edə bilməz. Nə zamansa demokratiya Çinə də çatacaq. Bu zaman da o ciddi iqtisadi sarsıntılar yaşayacaq. Belədə də Çin valyutası ciddi dəyər itirə bilər. Həmçinin, indi Çin əhalisi kəskin çəkildə qocalır. Belədə yaxın 20 ildə Çin ucuz işçi qüvvəsi olan ölkə statusunu əldən verəcək. Çin iqtisadiyyatında yeni böhran dalğası gözlənilir. Bu zaman Çin büdcəsini böyütməyə məcburdur. Həmin hal da yuanın ucuzlaşmasının ikinci dalğasına səbəb olacaq. Ona görə də, Çin, Hindistan və Braziliya valyutasına müraciət etmək istiqamətində hazırda atılan addımlar qısa müddətli taktiki gedişlərdir".

Sizin Reklam Yeriniz