Artıq bütün dünyada smartfonlar texnologiya bazarını ələ keçirməkdədir. "eMarketer" analitik şirkətinin araşdırmalarına görə, 2014-cü ilin sonunadək smartfon istifadəçilərinin sayı ötən illə müqayisədə 25 faiz artaraq təxminən 1,76 milyarda çatacaq. 2017-ci ilədək artıq dünyada yaşayan insanların 33 faizi smartfonlardan istifadə edəcəkdir. Başqa bir tədqiqata görə, smartfonlar yaxın beş ildə kompüter qurğularının ən sürətlə artan növü olmaqla, 2018-ci ildə payı 74,1 faizə çatacaq. Belə proqnozlaşdırılır ki, dünyada smartfonlar masaüstü və mobil kompüterlərdən altı dəfə çox satılacaq.
Hazırda smartfon istifadəçilərinin sayına görə Çin dünyada birinci yerdədir. Ölkəmizdə də smartfonlara tələbat kifayət qədər yüksəkdir. Lakin bizə bu məhsullar bir qayda olaraq xaricdən gətirilir. Təklif olunur ki, smartfon istehsalı Azərbaycanda da həyata keçirilsin. Qeyd edək ki, artıq ölkəmizdə planşet istehsal edilir. O zaman smartfonlar üzərində də bu təcrübənin aparılması mümkün sayılır. Smartfonların yerli istehsalı onların Azərbaycan alıcısına da daha ucuz başa gəlməsinə gətirib çıxaracaq.
İqtisadçı-ekspert Natiq
Cəfərli bununla bağlı Mövqe.az saytına fikirlərini açıqlayıb.
Ekspert deyir ki, bu, rəqabət yükü çox ağır olan sahədir. Əgər
Azərbaycan belə bir istehsala başlayarsa, bu məhsullar dünyada olan
"Samsung", "Apple", "Nokia" kimi analoqları ilə rəqabətə davam
gətirə biləcək məhsullar olmalıdır: "Ən azından keyfiyyətdə
onlara yaxın smartfonlar olmalıdır ki, alıcılar tərəfindən
müsbət qarşılansın. Həm də qiymət məsələsi də vacibdir. Əgər
Azərbaycan bazara dünyada olan analoqları ilə eyni olmasa da, ən
azından onlara yaxın keyfiyyətdə modellər çıxarda bilsə, o
zaman təbii ki, Azərbaycan istehlakçılarının da gündən-günə artan
tələbatının müəyyən hissəsini ödəməyə nail olmaq olar. Amma dediyim
kimi, bu çox çətin bir bazarın seqmentidir. Rəqabətlilik həddindən
artıq yüksəkdir. Bir neçə iri şirkət var ki, dünyada bazarı öz
aralarında bölüblər. Və onlar arasında kəskin rəqabət gedir. Bu,
elə bir sahədir ki, tez-tez model yenilənməsi olmalıdır. Bunun üçün
isə elmi baza da olmalıdır. Əgər Azərbaycan Çindən hər hansı
detalları alaraq smartfonların Bakıda istehsalını, yığımını həyata
keçirsə və bunun elmi bazası olmasa, getdikcə inkişaf etdirilməsə,
bu seqmentdə hər hansı bir uğur qazanmaq çox çətin olacaq. Ona görə
də, ən azından bu gündən etibarən elmi baza yaratmaq
lazımdır. Öz yerli proqramçılarmızı, bu sahədə biliyi, bacarığı
olan, xaricdə təhsil almış insanları cəlb etməklə dövlət dəstəyi
ilə müəyyən bir proqram qəbul etmək olar ki, bu sahəni inkişaf
etdirmək mümkün olsun. Bu gün smartfonlara Azərbaycan daxili
bazarında kifayət qədər tələbat var. İş yaxşı qurulsa, müəyyən uğur
qazanmaq mümkündür".
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin iqtisadi tədqiqatçısı Fərhad Bayramov isə smartfon
bazarındakı rəqabətli mühitə yalnız yüksək keyfiyyətli məhsulların
davam gətirə biləcəyini deyir: "Əlbəttə, bu iş heç də asan
görünmür. Ona görə ki, bazarda kifayət qədər daha aşağı qiymətlə
yüksək keyfiyyətə sahib dünya brendləri iştirak edir. Ancaq bazara
rəqabət qabiliyyəti yüksək olan məhsulların çıxarılması imkan
verəcəkdir ki, həmin brendlərlə yanaşı, yerli istehsalın nəticəsi
olan son məhsullar da ölkənin daxili bazarında reallaşa bilsin.
Təklif edərdim ki, smartfonların istehsalı başlandığı zaman kifayət
qədər aşağı dərəcəli vergilər və eyni zamanda 0%-li dövlət dəstəkli
kreditlər verilsin. Bu imkan verəcəkdir ki, istehsal olunan son
məhsulun maya dəyəri nisbətən aşağı olsun və bazarda olan
brendlərin qiymətlərinə nisbətən daha ucuz məhsul
çıxarılsın".
Fərhad Bayramov bu sahədə beynəlxalq təcrübədən yararlanmağı, beynəlxalq korporosiyalarla birlikdə fəaliyyət göstərməyi məqsəduyğun sayır: "Digər bir məsələ də, beynəlxalq təcrübənin öyrənilməsidir. Yəni belə istehsal sahələri yaradılarkən yaxşı olardı ki, beynəlxalq korporasiyalarla birlikdə fəaliyyət göstərilsin. Çünki həmin şirkətlər dünya bazarında olan mövcud reallıqları, innovasiya yönümlü istehsalı daha yaxşı bildikləri üçün, bu təcrübə Azərbaycana da faydalı ola bilər. Nəticə etibarı ilə də həmin yerli istehsal bir müddətdən sonra dünya bazarlarına ixrac edilməklə beynəlxalq ticarətdən əldə olunan gəlirlərin artımına səbəb olacaqdır. Birmənalı şəkildə biz iqtisadiyyatımızla bağlı həssas bir dövrə keçirik. Yəni, ölkə iqtisadiyyatının neft gəlirləri olmadan hansı strategiya ilə inkişaf etdiriləcəyi sualı hər zaman aktiv olaraq qalmalıdır".