Əlaqə Arxiv
news Image
2014.07.07
10:32
| A A A
Köhnə maşınlar sürətlə bahalaşır
Vüqar Bayramov: «Yeni avtomobillərin gətirilməsi köhnələri sıxışdırır» Ərşad Hüseynov: «Bu gün bazardakı durğunluğun, alıcılıq qabiliyyətinin aşağı düşməsinin iki səbəbi var»

Əvvəllər Azərbaycana idxal olunan işlənmiş avtomobillər əsasən Gürcüstandan gətirilirdi. Belə ki, buradakı bazardan gedib işlənmiş maşın alan azərbaycanlıların sayı kifayət qədər idi. Lakin indi vəziyyət dəyişib. İşlənmiş və ölkəyə gətirilməsinə icazə verilən avtomobil almaq istəyənlərin böyük əksəriyyəti maşınları birbaşa yerindən ölkəmizə gətirməyə üstünlük verirlər. Bu da Gürcüstandan Azərbaycana maşın idxalının azalmasında az rol oynamır.  

Gürcüstanın Statistika Komitəsindən verilən məlumata görə isə, bu il ərzində Azərbaycana ixrac olunan avtomobillərin sayı ötən illə müqayisədə 20% azalıb. Təbii ki, burada "Avro-4" standartına keçid də az rol oynamayıb.  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Movqe.az-a bununla bağlı bildirib: "Gürcüstandan avtomobil idxalının azalması "Avro-4" standartının tətbiqi ilə bağlıdır. Nəzərə alanda ki, Gürcüstandan gətirilənlər köhnə avtomobillər idi, bunların ölkəyə gətirilməsinin qadağan olunması praktiki olaraq Gürcüstandan avtomobil idxalını azaltdı. Birbaşa olaraq Azərbaycana gətirilən  avtomobillər isə daha çox bahalı avtomobillərdir. Ona görə də onların  birbaşa gətirilməsi daha sərfəlidir".

İqtisadçı köhnə avtomobillərin bahalaşacağını, yeni gətirilənlərin qiymətində isə, azalma müşahidə olunacağını dedi: "Bu gün avtomobil bazarında birbaşa avtomobil gətirilməsi ilə bağlı yaranan problem ondan ibarətdir ki, yeni avtomobillərin gətirilməsi köhnələri sıxışdırır.  Bu da köhnə avtomobillərin qiymətinə təsir göstərir. Belə ki, köhnə avtomobillərin qiymətində 7% artım müşahidə edilib. Yeni gətirilənlər isə çox olduğundan, qiymətlərində ucuzlaşma yaşanır. Güman olunur ki, birbaşa avtomobillərin gətirilməsi durğunluğunun aradan qaldırılmasında müəyyən rol oynayacaq. Bütün hallarda ölkəyə köhnə avtomobil gətirilmədiyi üçün qiymətində artım tempi müşahidə olunacaq. Köhnə avtomobillərə də tələbat artacaq. Çünki artıq idxalı həyata keçirilmir. Yeni avtomobillərin idxalı artdığı üçün isə onların qiymətində ucuzlaşma müşahidə ediləcək".

Ekspert Ərşad Hüseynov isə idxalın 20%-dən daha çox azaldığını qeyd edib: "Azalma 20% yox, bəlkə də 30-40%-dir. "Avro-4" standartı tətbiq edildikdən sonra köhnə avtomobillərin ölkəyə gətirilməsi qadağan edildi. Bu, onun nəticəsidir. Amma Azərbaycana Gürcüstandan başqa digər ölkələrdən də avtomobil gətirilirdi. Belə ki, Azərbaycan vətəndaşları bir çox hallarda Avropadan avtomobilləri birbaşa gətirirdilər. Hətta Yaponiyadan avtomobil gətirən də var. Eyni zamanda ən çox avtomobil gətirilən yerlərdən biri də Dubay idi. İndi bu yolla gətirilmə artacaqsa da,  fikrimcə, bu amil avtomobil bazarındakı hazırki vəziyyəti dəyişmək iqtidarında deyil. Çünki bu gün bazardakı durğunluğun, alıcılıq qabiliyyətinin aşağı düşməsinin iki səbəbi var. Birincisi, yanacağın bahalaşması, ikincisi isə "Avro-4" standartının tətbiqidir.  Belə ki, standart tətbiq edildikdən sonra ölkəyə ancaq yeni avtomobilləri gətirilir. Bunlar isə qiymət baxımından hamı üçün sərfəli olmur. Bunu almağa hamının gücü çatmır. Ona görə də, avtomobillərin müxtəlif ölkələrdən birbaşa gətirilməsi başlanıb. Bunlar da yeni avtomobillərdir. Xüsusən Çindən gələn avtomobillərin sayı artacaq. Çünki Çində "Avro-4" standartının tələblərinə cavab verən avtomobillər kifayət qədər çoxdur. Qiyməti də əlverişlidir. Ucuz avtomobil axtaran şəxslər üçün bunlar sərfəli olacaq. Amma düşünürəm ki, 2014-cü il boyu bazarda durğunluq davam edəcək. Bu vəziyyət qaçılmazdır. Əgər insanların maddi durumunda artım olsa, o zaman durğunluq aradan qalxar".

Ərşad Hüseynov Azərbaycana elektromobillərin gətirilməsini təklif edir: "Bu gün Azərbaycan avtomobil bazarında boşluqlar çoxdur. Dünya üzrə orta göstərici olaraq 6 nəfərə bir avtomobil düşürsə, Azərbaycanda ən yaxşı halda 8 adama 1 avtomobil düşür. Dünyanın inkişaf etmiş ölkələrində 10 adama 7-8 avtomobil düşür. Yəni, bu ölkələrlə müqayisədə Azərbaycan 5-6 dəfə geri qalır. Ona görə də, Azərbaycana avtomobillər gəlir. Qarşısını almaq mümkün deyil. Durğunluğa səbəb dediyimiz kimi, yanacağın bahalaşması, "Avro-4"ün tətbiqi, üstəgəl kreditləşmə şərtlərinin pisləşməsidir. Bu fürsətdən istifadə edib ölkəyə elektromobillər gətirmək olar. Gələcək o avtomobillərindir. Ölkədə infrastrukturu yaratmaq olar. Onların ölkəyə gətirilməsini stimullaşdırmaq olar. Düşünürəm ki, avtomobil bazarındakı boşluğu elektrompbillərlə doldurmaq olar". 



Sizin Reklam Yeriniz