Əlaqə Arxiv
news Image
2014.07.10
08:14
| A A A
Üç bankın bağlanması qətiləşir
Vüqar Bayramov: "3 bankların öz nizamnamə kapitalını 50 milyon manata çatdırması praktiki olaraq mümkün deyil" Əli Əlirzayev: "Vəziyyətdən çıxmaq üçün gözləyirəm ki, nizamnamə kapitalına cavab verməyən banklar birləşmə yolunu tutacaq"

Məlum olduğu kimi, ilin sonuna qədər kommersiya bankları nizamnamə kapitallarını 50 milyon manata çatdırmalıdırlar. Bu qərar 2012-ci ilin sonlarında Mərkəzi Bank tərəfindən verilmişdi. Həmin vaxt banklara nizamnamə kapitalını 50 milyon manata çatdırmaq üçün 2013-cü ilin sonuna qədər möhlət qoyulmuşdu. Lakin sonradan bu möhlət daha bir il uzadıldı. Belədə özəl bankların nizamnamə kapitalını göstərilən limitə çatdırmaları üçün 6 aydan da az vaxtları qalıb. Lakin müddətin az qalmasına baxmayaraq, bəzi banklar nizamnamə kapitalını miqdarı ilə bağlı göstərişi icra etməkdə üzləşdikləri çətinlikləri aradan qaldıra bilməyib. Bu isə ona dəlalət edir ki, ilin sonuna bir neçə bankın bağlanmasının şahidi ola bilərik, əgər çıxış yolu üçün onlar başqa variantlara əl atmasalar. Qeyd edək ki, bir sıra beynəlxalq kredit təşkilatlarının son tədqiqatlarda ölkəmizdə fəaliyyət göstərən 43 bankdan böyük əksəriyyətinin məcmu kapitalını 50 milyon manata çatdırdığı göstərilir. Lakin digər tərəfdən də, 2014-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycandakı kommersiya banklarının 28-i Mərkəzi Bankın məcmu kapitalın minimum həcminə dair qoyduğu tələbə uyğunlaşıb. Hətta artıq 9 bankın məcmu kapitalı 100 milyon manat həddini ötüb. Daha 19 bank 50-100 milyon manatlıq həddə çatıb. 2014-cü ilin birinci rübündə 3 bankın məcmu kapitalı 35-50 milyon manat həcmindədir, 8 bankın kapitalı 20-30 milyon manat, 5 bankın kapitalı isə 3,5-20 milyon manat civarında olub.

Görəsən, 50 milyonluq nizamnamə kapitalı tələbini icra edə bilməyən bankların taleyi necə olacaq?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun sözlərinə görə, hazırda təxminən 3 bankın minimum nizamlama kapitalı 10 milyon manatdan azdır: "Bir bankın isə minimum nizamlama kapitalı 3,5 milyon manatdan da aşağıdır. O baxımdan bu bankların öz nizamnamə kapitalını 50 milyon manata çatdırması praktiki olaraq mümkün deyil".

Nizamnamə kapitalı üzrə limitə cavab verə bilməyən bankların birləşməsinə gəldikdə, Vüqar Bayramov bildirdi ki, hələlik birləşməklə bağlı onlar arasında arasında danışıqlar getmir: "Çox təəssüf ki, Azərbaycan kommersiya bankları birləşməyə üstünlük vermir".

V.Bayramov düşünür ki, birləşmək istəməyən bankların məhz müflis olmaqdansa, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi daha məqsədəuyğundur: "Bu, onlara imkan verəcək ki, hüquqi subyekt kimi fəaliyyət göstərsin. Eyni zamanda onlar müflis olmayacaq. Gələcəkdə hətta müflis olsa belə, bunun bankçılıq sektoruna mənfi təsirləri olmayacaq".

İqtisadçı alim Əli Əlirzayev isə vurğuladı ki, hər bir proses bazar iqtisadiyyatına uyğun olaraq reallaşacaq. Limiti yerinə yetirə bilməyən banklar bağlana, birləşə və ya bank olmayan kredit təşkilatlarına çevrilə bilərlər. Hansını seçəcəkləri isə özlərindən asılıdır: "Qanun qanundur. Bütün banklar Mərkəzi Bankın qoyduğu 50 milyon manatlıq nizamnamə kapitalı məsələsinə riayət etməlidirlər. Bu göstərişi yerinə yetirə bilməyənlər sözsüz ki, bazardan çıxacaqlar. Nizamnamə kapitalında göstərilən qədər vəsaiti olmadıqda, banklar nə cür fəaliyyət göstərə bilər? Hüquqi şəxs olmaq üçün müəyyən şərtlərin icrası lazımdır. Bu şərtlərə əməl edilmədikdə banklar fəaliyyətini dayandırmalıdırlar. Şərtlər elə-belə ortaya atılmır. Əsaslandırılır, perspektivi nəzərə alınır, sonra da onun icrasına başlanılır. Amma başqa çıxış yolları da var. Nizamnamə kapitalına cavab verməyən banklar bir-biri ilə birləşmə yolunu da tuta bilərlər. Vəziyyətdən çıxmaq üçün gözləyirəm ki, nizamnamə kapitalına cavab verməyən banklar birləşmə yolunu tutacaq. Əslində, istənilən islahatlar müəyyən nəticələrə gətirib çıxarır. Bəziləri bu islahat nəticəsində qüvvələrini birləşdirir, bəzilərinə daha güclü olduğundan heç birləşməyə də ehtiyac yoxdur. Digərləri də islahatlar sonucunda müflis olub, bazardan yoxa çıxa bilərlər. Mərkəzi Bank nizamnamə kapitalını artırmaqla ciddi rəqabət mühiti yaradır, bankların səmərəli fəaliyyətinə təkan verir. Bu prinsiplərə cavab vermək gücündə olmayan kommersiya bankları sözsüz ki, birləşmədiyi təqdirdə, sıradan çıxacaq. Onların bəzilərinin bank olmayan kredit təşkilatına çevrilməsi də gözlənilən variantlardandır. Sərfəli olarsa, limitə cavab verməyən banklar bu məqamdan da istifadə edəcəklər".

Sizin Reklam Yeriniz