Əlaqə Arxiv
news Image
2014.07.12
08:21
| A A A
Aqrar məhsullarımız Avropa bazarların çıxacaq
Vahid Məhərrəmov: " Azərbaycanın çoxsaylı kənd təsərrüfatı məhsulu var ki, onu istehsal edib, Avropaya çıxara bilər" Nizami Qarayev: "Malın Avropada tanıdılması, ixrac üçün icazə alınması kimi ciddi işlər var və marketinq istiqamətində fəaliyyət həyata keçirilməlidir "

Kənd təsərrüfatının inkişafı məqsədilə hökumət tərəfindən atılan məqsədyönlü addımlar davam etdirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqində fermerlərin torpaq vergisindən başqa bütün vergilərdən azad edildiyini qeyd edib: "Subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, yollar çəkilir, meliorasiya layihələri icra edilir, Taxtakörpü, Şəmkirçay su anbarlarına yüz milyonlarla manat qoyulur ki, suvarılan torpaqların sahəsi artsın. Kreditlər verilir. Fermerlərə güzəştli şərtlərlə 300 milyon manat kredit verilib. Həmçinin tövsiyələr, metodik təlimatlar verilir ki, bu kreditlərdən necə istifadə edilsin. Hansı ölkədə bu qədər qayğı, diqqət göstərilir? Mən sizə deyim ki, heç bir ölkədə. Bu, bizim siyasətimizin əsas istiqamətidir və bunun hesabına qeyri-neft sektorunun inkişafına nail ola bilmişik".

Çıxışı zamanı President onu da vurğulayıb ki, Avropa bazarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilərik. Buna nail olmaq üçün keyfiyyət yüksək səviyyədə olmalıdır. Qeyd edək ki, Azərbaycan kənd təsərrüfatı məhsulları hazırda xarici bazar olaraq, əsasən Rusiya və bəzi MDB ölkələri bazarlarında realizə olunur. Qərb bazarına gəldikdə isə, Azərbaycan aqrar sahə məhsullarının buradakı satış fəaliyyəti çox azdır.

Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, Azərbaycan Avropa bazarına kənd təsərrüfatı məhsullarını çıxarmaq üçün öz üzərində mükəmməl işləməlidir: "Hətta Azərbaycan öz daxili bazarını bu gün kifayət qədər mal, məhsulla tam təmin edə bilmir. Qonşu MDB ölkələrinə ixrac etdiyimiz məhsulun həcmi də yüksək deyil. Azərbaycanın Avropa bazarına aqrar sektor məhsullarını çıxara bilməsi gələcəyin planlarıdır. Hazırda isə ölkəmizdə Avropa standartına uyğun olan hər hansı bir kənd təsərrüfatı məhsulu yoxdur ki, bunun hesabına həmin bazarda məhsulumuzu realizə edə bilək. Yalnız nar istehsal edib, konservant formasında Avropaya təqdim edə bilirik.

Bu da ondan irəli gəlir ki, nar məhsulu Avropada yoxdur. Cüzi sayda konyak, şərab da istehsal edib, Avropaya çıxarırıq. Amma Azərbaycanın çoxsaylı kənd təsərrüfatı məhsulu var ki, onu istehsal edib, Avropaya çıxara bilər. Lakin bunun üçün xeyli işlər görülməlidir. Birinci növbədə məhsuldarlığın artırılmasına diqqət yetirməliyik. Onun keyfiyyətini yüksəlməli, Avropa standartına cavab verməlidir, qablaşdırılmasını müasir tələblərə uyğun şəkildə həyata keçirməliyik. Onun loqistikası yüksək səviyyədə həyata keçirilməli, reklamı getməlidir. Ancaq bu işlər həyata keçirildikdən sonra, kənd təsərrüfatı məhsullarımızın Avropaya çıxması mümkün ola bilər. Lakin bu da qısa zamanda görüləcək iş deyil. Bunun üçün xeyli işlərin görülməsi lazımdır. Proses əməldə həyata keçməlidir".

Kənd təsərrüfatı eksperti Nizami Qarayev bildirdi ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxması üşün müəyyən tədbirlərin görülməsi vacibdir: "Avropa bazarlarında adətən çirklənməmiş, təmiz məhsullara üstünlük verilir. Azərbaycan məhsularının da əksəriyyəti kimyəvi maddələrlə çirklənməmiş məhsullardır. Çünki ölkəmizdə Avropa ilə müqayisədə gübrələrdən az istifadə olunur. Amma Azərbaycan kənd təsərrüfatı məhsulları bununla belə Avropa bazarına çıxa bilmir. Çünki, ölkəmizdə qablaşma, markalanma, malın Avropada tanıdılması, ixrac üçün icazə alınması kimi ciddi işlər var və marketinq istiqamətində fəaliyyət həyata keçirilməlidir. Bu fəaliyyətlər indiyə kimi həyata keçirilmədiyindən, Azərbaycan məhsulu Avropa bazarlarına çıxa bilmir. Avropa bazarlarının məhsula qoyduğu tələblər çox ciddidir. Məhsulun tərkibi, keyfiyyət göstəricisi, qablaşdırılması məsələlərini icra edə bilmədiyimizdən, məhsullarımız keyfiyyətli olmasına rəğmən, Avropa bazarına çıxmaqda acizdir. Bu istiqamətdə ciddi təşkilatı işlərin görülməsi vacibdir. Hazırda, əvvəllər olduğu kimi Azərbaycan məhsullarının əsas realizə olunduğu bazar Rusiyadır. Rusiya böyüklükdə böyük bazar olduğuna görə də, Azərbaycan istehsalçısı məhsulunu Avropa bazarına çıxarmaqda o qədər də maraqlı olmayıb. Rusiya bazarının tələbatı onsuz da ödənilmir. İstehsal edilən istənilən məhsul da Rusiya bazarında standartlar tələb olunmadan rahat satılır. Lakin zaman keçdikcə, bu da mümkün olmayacaq. Çünki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzv olması fonunda, onların da Azərbaycan məhsuluna qarşı qoyduğu tələblər dəyişəcək. Bu səbəbdən gələcəkdə, məhsullarımızı alternativ bazarlara çıxarmağa hazır olmalıyıq. Bu istiqamətdə iş başlanılmalıdır. Həm məhsulların tanıdılması, həm də onun qablaşdırılması, markalanması baxımından".

Sizin Reklam Yeriniz