Əlaqə Arxiv
news Image
2014.07.12
08:59
| A A A
Banklarda batan pulların həcmi arta bilər
Ekspert: “2015-ci il yaxınlaşdıqca, sığortalanmayan əmanətlərin taleyi daha da qaranlıqlaşır”

Banklara əmanət yerləşdirən zaman vətəndaşlar bir daha diqqətli olmalıdırlar. Çünki, mövcud əmanətlərin təxminən yarısı qorunmur. Bundan başqa, bilindiyi kimi, ilin sonuna qədər nizamnamə kapitalını 50 milyona çatdıra bilməyəcəyindən bir neçə bankın bağlanma təhlükəsi böyükdür. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun verdiyi açıqlamaya görə, ümumilikdə əmanətlərin həcmi 6 milyard 77 milyondur. Onlardan 3,568 milyardı qorunan, 2,5 milyardı isə qorunmayan əmanətlərdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Əmanətlərin Sığortalanması Fondunun son məlumatına görə bu gün Azərbaycanda əmanətlərin təxminən 40%-i sığortalanmır: "Bu da kifayət qədər böyük rəqəmdir. Əmanətlərin sığortalanmaması bank sektorunun ən ciddi problemlərindən biri kimi qiymətləndirilir. Bu gün sığortalanmayan əmanətlərin həcminin artmasında ən ciddi səbəblərdən biri əmanətlərin sığortlanması ilə bağlı siyasətin qüsurlu olmasıdır. Bu gün 30 min manta qədər olan əmanətlər sığortalanır. Əmanətlərin Sığortalanması Fondu ölkədə kredit faizlərinin aşağı düşməməsinə baxmayaraq, sığortalanan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması il bağlı mütəmadi olaraq qərarlar qəbul edir. 2013-cü illə müqayisədə sığortalanan əmanətlər üzrə faiz dərəcələri 12%-dən 9%-ə qədər endirilib. Amma kommersiya banklarının kredit faizlərində praktiki olaraq dəyişmə yoxdur. Bu da ona gətirib çıxarır ki, vətəndaşların yerləşdirdiyi əmanətlərinin bir qismi sığortlanmır. Ona görə də həmin əmanətlər üzrə risk qalmaqdadır. Əmanətin sığortalanmaması o deməkdir ki, bank müflis olarsa, həmin əmanətlərin geri qaytarılmasında dövlət və ya Əmanətlərin Sığortalanması Fondu məsul olmayacaq. Əmanətlərin qaytarılması kommersiya bankının aktivlərindən asılı olacaq. Yəni, onun aktivləri ilə passivləri müqayisə olunacaq. Əgər aktivlər həmin əmanətlərin qaytarılmasına imkan vermirsə, əmanətlər qaytarılmayacaq. Bu da həmin əmanətlərin taleyini sual altında olmasından xəbər verir. Nəzərə alsaq ki, hazırda 10 bank nizamnamə kapitalnın yerinə yetirilməsi ilə bağlı problemlərlə üzləşib. Odur ki, 2015-ci il yaxınlaşdıqca sığortalanmayan əmanətlərin taleyi daha da qaranlıqlaşır".

İqtisadçı təklif etdi ki, vətəndaşlar əmanət yerləşdirən zaman Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına riayət etsinlər: "Sığortalanmayan əmanətlərin bir qismi yüksək faizlə təklif edilən əmanətlərdir. Yəni, 9%-dən daha yüksəklə qoyulur. Yəni, vətəndaş daha çox gəlir əldə etmək üçün yüksək faizlə öz əmanətini risk altına alır. Ona görə də əmanət yerləşdirilən zaman faiz dərəcələrinə diqqət etmək vacibdir. 9 faizdən artıq əmanətlərin yerləşdirilməsi arzuolunan deyil. Bu, həmin əmanətlərin sığortlanamasına imkan vermir. İkincisi, mövcud qaydalara əsasən, hər bankda sığortalanan əmanətlərin maksimum məbləği 30 min manatdır. Əmanətçi əmanət yerləşdirən zaman bunu nəzərə almalıdır. Azərabycanda praktiki olaraq, bankların sayı 40-dan artıqdır. Təxminən hələlik onun 30-nun müflisləşmə riski yoxdur. Ona görə də həmin 30 bank arasında əmanətləri bölməklə yerləşdirmək mümkündür. Bununla əmanətçi əmanətini sığortalamış olur. Dövlət də əmanətlərin sığortalanmaında maraqlı olmalıdır. Çünki, əmanətlərin geri qaytarılmaması bank sektoruna inamın itməsinə gətirib çıxara bilər. Əmanətlərin Sığortalanması Fondu mütəmadi olaraq sığortalanan əmanətlərin faiz dərəcəsinin aşağı salınması kursunu dayandırmalıdır. Əmanətlərin sığortalanma dərəcələri mövcud kredit dərəcələrinə uyğunlaşdırılmalıdır. Eyni zamanda Azərbaycan orta gəlirli ölkələr sırasındadır. Mərkəzi Şərqi Avropada olduğu kimi Azərbaycanda da 100 min manata qədər əmanətin sığortalanması mümkündür".

Sizin Reklam Yeriniz