Əlaqə Arxiv
news Image
2014.07.17
08:29
| A A A
Bankların kredit siyasəti daha çox əcnəbilərə sərf edir
Ekspert: "Əgər banklar real sektoru birbaşa maliyyələşdirməkdə maraqlı deyillərsə, bu halda onları dolayı maliyyələşdirməyə stimullaşdırmaq olar"

Bilindiy kimi ölkə banklarının real sektora az miqdarad kredit ayırması hökumət tərəfindən də narazılıqla qarşılanır. Məsələ Mərkəzi Bankın da nəzarətindədir. Ölkənin baş bankı da yerli komersiya banklarının real sektora daha çox kredit ayırmasını istəyir. Lakin hesab edilir ki, buna nail olmaq üçün müəyyən stimullaşdırıcı addımlar atılmalıdır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qeyd edir ki, qısa zamanda bankların real sektora üz tutmasını gözləmək sadəlövhlük olardı. Onun sözlərinə görə, Azərbaycanda istehlak kreditlərinin payı durmadan artır. 2005-ci ildə istehlak kreditinin ümumi kredit qoyuluşunda 27% olduğu halda hazırda bu rəqəm 41%-ə yüksəlib. 2014-cü ilin 5 ayında kredit qoyuluşunda müşahidə edilən 1,2 milyard manatlıq artımın 0,5 milyard manatı istehlak kreditlərinin payına düşür.

Mütəxəssisin fikrincə, Azərbaycan kimi ölkələrdə istehlak kreditlərinin indiki surətlə artımı iqtisadiyyat üçün təhlükə yaradır: "Çünki, əhali borclanmaya gedir, istehlak kreditləri yerli yox, xarici istehsalı stimullaşdırır. Məsələn, Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya və hətta Rusiya kimi ölkələrdə istehlak kreditləri əsasən yerli istehsalın dəstəklənməsinə yönəldilir. Həmin ölkələrdə istehsalı dəstəkləmək üçün istehlak krediti vasitəsilə tələbat yaradır. Azərbaycanda situasiya fərqlidir. Əhali götürdüyü istehlak krediti ilə alman avtomobili, Cənubi Koreya telefonu, Fransa məişət texnikası, yapon televizoru və s. alır. Yerli sahibkarlar isə istehsal etmək üçün pul tapa bilmir. Ya da şərtlər o qədər ağır olur ki, sahibkar kredit götürməkdə maraqlı olmur".

Ekspert bildirir ki, zəruri həcmdə kreditin olmaması iqtisadi aktivliyi azaldır və ölkə iqtisadiyyatında tənəzzül yaranır. Onsuz da yüksək olmayan kredit qoyuluşunun 40%-nin istehlaka, 15%-nin ticarət və xidmət sektoruna yönəldilməsi real sektora yönəldilən vəsaitin nə qədər az olduğunu göstərir: "İnzibati tədbirlər də heç bir səmərə verməyəcək. Əksinə inzibati metodlar bank sektoruna zərbə vura bilər. Ona görə də stimullaşdırıcı tədbirlər barədə düşünmək lazımdır. Əgər banklar real sektoru birbaşa maliyyələşdirməkdə maraqlı deyillərsə, bu halda onları dolayı maliyyələşdirməyə stimullaşdırmaq olar. Real sektoru dolayı maliyyələşdirməyin yolu yerli malların alınması üçün banklar tərəfindən kreditlərin verilməsidir. Ölkədə az-çox inkişaf edən sahələrdən biri də mebel sənayesidir. Bu sahəyə istehlak krediti verməklə həm əhalinin mebel tələbatını ödəmək olar, həm də mebel istehsalını dəstəkləmək. Sumqayıt Texnologiyalar Parkını götürək. Parkda hazırda avadanlıqlar istehsal edilir və gələcəkdə onların çeşidi artırılacaq. Belə olan halda həmin məhsulların, məsələn günəş kollektoru, nəyə görə kreditlə alışı təmin edilməsin? Bəzi banklar tərəfində "indi al, pulunu hissə-hissə ödə" prinsipi ilə işləyən taksit kartları verilir. Həmin kartlar vasitəsilə yerli geyim mallarının alışını təmin etmək olar. Artıq adları əcnəbi dildə olan yerli brendlər formalaşır, onları dəstəkləmək lazımdır".

Samir Əliyevin fikrincə, real sektorun maliyyələşdirilməsi vacib olduğundan bu məsələ gündəmdə saxlanılmalıdır. Mütəxəssis bununla bağlı kifayət qədər təkliflərin verildiyini də bildirib: "Ancaq ilkin dövrdə hökumət yerli istehsalı dəstəkləyən istehlak kreditləşməsinin stimullaşdırılması barədə düşünməlidir. İstehlak kreditləşməsinin ağırlığı xarici mallardan yerli mallara keçməlidir. Banklarla şirkətlər arasında bu sahədə əməkdaşlıq başlamalıdır".

Sizin Reklam Yeriniz