Əlaqə Arxiv
news Image
2014.07.18
08:51
| A A A
Varlılardan daha çox vergi alınacaq…
Vüqar Bayramov: "10 il əvvəl varlılardan daha çox vergi tutulmasının tətbiqinə ehtiyac olmasa da, hazırda onların sayı artdığından, bu addımın tətbiqi daha məqsədəuyğundur" Əliməmməd Nuriyev: " Dünyada belə bir prinsip mövcuddur ki, kim daha çox gəlir əldə edirsə, ona uyğun olaraq da vergi ödəməlidir "

Qərb ölkələrinin əksəriyyətində milyonçı hesab olunan şəxslərdən daha çox vergi alınır. Bunun ən bariz nümunəsi qismində Fransanı göstərmək olar. Burada və bir sıra digər ölkələrdə şəxs nə qədər çox vəsaitə sahibdirsə, bir o qədər də çox vergi ödəyir. Bununla sözügedən ölkələr dövlət büdcəsinin həmin addım hesabına daha da artmasına nail olurlar. Maraqlıdır, analoji təcrübənin Azərbaycanda da tətbiqi mümkündürmü? Axı., yayılan məlumatlara əsasən, ölkədə milyonçuların sayı artır. Belə fikirlər səslənir ki, Azərbaycanda təxminən 8 min nəfər milyonçu var. Hər üç aydan bir isə ölkəmizdəki milyonçuların sayı bir nəfər artır. Son illər ölkəmizdə milyonçuların artımı müşahidə olunur. Xüsusən də son 10 ildə onların sayı 10% artıb. Milyonçuların çox hissəsi özəl sektorda çalışanlardır. Milyonçu deyərkən isə vəsaiti bir milyon dollardan çox olan adamlar nəzərdə tutulur, onlardan daha çox vergi alınması isə mümkün sayılır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov sözügedən addımın ölkəmizdə də tətbiqini məqsədəuyğun hesab etdi: "Milyonçu insanlardan daha çox verginin tutulması yolu ilə varlılar hesabına yoxsulların sosial vəziyyətinin yaxşılaşdırılması praktikası bu gün əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiqinə ehtiyac var. Azərbaycanda rəsmi olaraq milyonçu və milyarder adlanan insanlar yoxdur. Amma aydındır ki, ölkəmizdə də varlılar mövcuddur. Belə olduğundan, onların daha çox vergiyə cəlb edilməsi mümkündür. Bu, eyni zamanda sərvət vergisi kimi xarakterizə olunur. Aydın məsələdir ki, ölkəmizdə də kifayət qədər bahalı mülkə, bahalı avtomobillərə sahib insanlar var. Təbii ki, onların böyük qismi həmin vəsaiti işləyərək, biznes yolu ilə əldə edib. Burada söhbət onların vəsaiti hansı yolla əldə etməsindən təbii ki, getmir. Söhbət ondan gedir ki, insan varlıdırsa, o zaman bu şəxs daha çox vergi ödəmək hesabına digərlərin, xüsusən də yoxsul təbəqənin sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım etməlidir. Vergilər də məhz varlıların sərvətinin yoxsul təbəqəyə çatdırılmasının əsas yollarından biridir. Azərbaycanda oxşar praktikanın tətbiqi birmənalı şəkildə imkan verəcək ki, varlıların əldə etdiyi gəlirlər hesabına nisbətən aztəminatlı təbəqələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına töhfə vermək mükün olsun. Aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ümumiyyətlə, büdcədən ayrılan vəsaitin həcmindən asılıdır. Güman olunur ki, ölkəmizdə də varlılardan daha artıq vergi tutulması büdcə vəsaitlərinin artmasına səbəb olacaq. Amma hər halda bu uzun bir mərhələdir. Praktik olaraq, indiki halda faiz etibarı ilə varlılardan tutulan verginin artması prosesinin büdcədə rolunun nə qədər ola biləcəyini hesablamaq çətindir. Lakin bütün hallarda bu sosial yardımların məbləğinin çoxalması və varlıların öz sərvətinin bir qismini aztəminatlılarla bölüşdürməsinə gətirib çıxaracaq. Sözügedən təcrübədən hələlik Azərbaycanda ona görə istifadə olunmur ki, ölkəmizdə əhalinin gəlirləri ancaq yaxın 5 il ərzində kəskin şəkildə artıb. 5 ildir ki, Azərbaycan yüksək gəlirli orta ölkələr sırasına daxil olub. Varlı ölkələrdə bu təcrübəni tətbiq etmək asandır. ABŞ-da varlıların sayı çoxdur. Azərbaycan isə yeni müstəqillik qazanan ölkələrdəndir. Bununla belə 10 il əvvəl varlılardan daha çox vergi tutulmasının tətbiqinə ehtiyac olmasa da, hazırda varlıların sayı artdığından, həmin addımın tətbiqi daha məqsədəuyğundur".

Hüquqşünas ekspert Əliməmməd Nuriyev isə düşünür ki, gəlirlər haqqında bəyannamənin işə düşməsi ilə sözügedən məsələ də tənzimlənəcək: "Dünyada belə bir prinsip mövcuddur ki, kim daha çox gəlir əldə edirsə, ona uyğun olaraq da vergi ödəməlidir. Əslində, Azərbaycanda da bu məsələ mövcuddur. Azərbaycanda gəlir vergisi ilə bağlı müəyyənləşib ki, aylıq 2000-2500 manat əmək haqqı alan şəxslər 35 faiz civarında vergi verir. Belədə hüquqi şəxslərlə məsələnin aydın olduğu üzə çıxır. Amma təəssüflə deməliyəm, məsələ ondadır ki, ölkəmizdə heç də bütün fiziki şəxslər gəlirləri barədə tam, dolğun məlumat vermir. Qərb ölkələrində isə belə hallar yoxdur. O ölkələrdə əmək haqqı, biznes sahəsi, fərdi əmək, yaradıcı və digər fəaliyyətlə bağlı bütün hallarda vergidən gizlənməyə meyl yoxdur. Belə olan halda, onlar illik gəlirləri barədə məlumat verib, ona uyğun da vergi ödəyir. Ölkəmizdə isə gəlirlərin gizlədilməsi tam olaraq vergi yükünü müəyyənləşdirməyə imkan vermir. Vergilər Nazirliyi bu istiqamətdə geniş addımlar atır ki, vergiyə cəlb olunmanın faizi artsın. Hətta bir sıra hallarda islahat, müəyyən stimullaşdırıcı təkliflərlə vergi ödənişi prosesinin həyata keçirilməsinə çalışırlar. Lakin təəssüf ki, bu istiqamətdə ciddi addımlar yoxdur. Əlbəttə ki, Azərbaycanda da varlılardan daha çox vergi tutulması təcrübəsinə baxmaq olar. Bu, normal prinsipdir. Daha çox qazanan, daha çox da vergi ödəməlidir. Çünki, onlar birinci növbədə cəmiyyətin hesabına qazanırlar. Lakin bu addım o zaman baş verəcək ki, "Gəlirlərin bəannanəməsi" barədə qanun tam olaraq işləsin. Bütün vəzifəli şəxslər gəlirlərini açıq göstərməkdən imtina etməsin. Belə olan halda vergini müəyyənləşdirib, onu almaq da asan olacaq. Hazırda ölkədə vergidən yayınma halları ilə bağlı cinayət işlərinin sayı çox deyil. Vergi orqanları texnoloji və peşəkarlıq baxımından işlərini yüksək səviyyədə qurub. Sadəcə olaraq, insanlara o imkanı vermək lazımdır ki, onlar gəlirlərini elan etməkdən çəkinməsin. Bu amilə diqqət yetirilsə, vergi ödənilməsi məsələsində problem olmayacaq və yüksək gəlir əldə edən şəxslər də daha çox vergi ödəməkdən yayınmayacaqlar".

Sizin Reklam Yeriniz