Əlaqə Arxiv
news Image
2014.07.19
08:18
| A A A
Xəstəliyə görə ətin qiyməti artacaq?!
Vahid Məhərrəmov: " Sözügedən xəstəliklər daha geniş yayılaraq, heyvanlar arasında ölüm hallarının artmasına səbəb olsa, belə vəziyyət sözsüz ki, ətin qiymətinin qalxmasına təsir edəcək " Yolçu Xanvəli: "Xəstəlik təhlükəsi ilə bağlı olaraq, heyvanın ət töküb məhv olması itkiyə və gələcəkdə bu əsasda da qiymətlərin bahalaşmasına daha çox rəvac verər, nəinki kiminsə bazarının 2-3 həftəyə bağlanması&

Məlumat verildiyi kimi, bir müddət əvvəl İraq, Türkiyə və İran ərazisində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri ölkəmizin Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında da müşahidə olunmaqdadır. Bu təhlükə ilə bağlı olaraq, artıq bir neçə heyvan bazarı bağlanıb. Həmin bazarların bağlanması istər-istəməz heyvan kəsimində müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Maraqlıdır, belə şəraitdə bazarlarda ət qıtlığı və bahalaşma tendensiyası müşahidə edilə bilərmi?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov yay fəslində əhalinin ətdən istifadə hallarının azaldığını nəzərə alaraq, baş verən xəstəliklə bağlı əlaqədar bu sahədə qıtlıq yaranacağı və qiymət bahalaşmasının baş verəcəyini düşünmür: "Hazırda yay fəslidir. İlin bu aylarında əhali ət və ət məhsullarından o qədər də geniş çeşiddə istifadə etmir. Keçən il də heyvanlar arasında virus xəstəliyinin yayılması halları yay aylarına təsadüf etmişdi. Həmin dövrdə də gördük ki, istehlakçılar ətdən o qədər də istifadə etmirdi. Bu üzdən belə demək mümkünsə, bir növ istehlakçıların bəxti gətirib. Bu bəxt də ondan ibarətdir ki, yay fəsli ilə müşayiət olunan fonunda yaxın bir neçə ayda ət və ət məhsulları sahəsində qıtlığın olması və qiymətin bahalaşmasının baş verəcəyini düşünmürəm. Ancaq sözügedən xəstəliklər daha geniş yayılaraq, heyvanlar arasında ölüm hallarının artmasına səbəb olsa, belə vəziyyət sözsüz ki, ətin qiymətinin qalxmasına təsir edəcək. Qeyd edək ki, Azərbaycanın ət təminatında idxaldan asıllığı da tədricən artır. Keçən il Gürcüstandan 110 min başa yaxın iri buynuzlu mal-qara idxal edilib. Bu isə olduqca böyük rəqəmdir. Bir yandan ət və ət məhsulları idxal olunur. İndi də diri heyvanları gətirərək, daxildə kəsim edirlər. Ət idxalının artması onu deməyə əsas verir ki, nodulyar dermatit xəstəliyi geniş yayılarsa, qısa zamanda onun qarşısı alınmazsa, belə olan halda Azərbaycanın ət bazarında qiymət çox böyük sıçrayışla qalxa bilər. Nodulyar dermatit xəstəliyi Azərbaycanda geniş yayılmayıb. Ölkəmizdə əsasən birsellyoz, vərəm, dabaq xəstəliyi daha geniş yayılıb. Hansı ki, həmin xəstəliklər də mövsümü xarakter daşıyır. Mövsüm ərzində də bu xəstəliklərin bəzən artdığı, bəzən də azaldığını müşahidə edirik. Nodulyar dermatit xəstəliyi elmi əsaslarla sübut olunub ki, qan soran həşəratlar vasitəsi ilə yayılır. Ümumiyyətlə, digər xəstəliklərdən fərqli olaraq, həmin xəstəlik barədə məlumatlar bir o qədər də geniş deyil. Həmin xəstəlik daha çox dəri xəstəliyi ilə bağlıdır. Bu xəstəlik fermerə iqtisadi cəhətdən zərər vurur. Ölüm halları bir o qədər də çox deyil. Nodulyar dermatit xəstəliyinə iri buynuzlu mal-qarada təsadüf edilsə də, dünya ölkələrində daha çox qoyun və keçilər arasında yayılan xəstəlikdir. Azərbaycanda sözügedən xəstəliyin hansı mənbədən yarandığı, daşıyıcısının qan soran həşərat olduğu, ya da ola bilsin, digər ölkələrdən idxal olunan mal-qaradan keçməsi kimi məqamlar araşdırılmalıdır. Bir müddət əvvəl ona oxşar xəstəlik Naxçıvanda yayılmışdı. Onlar iddia edirdilər ki, bu xəstəlik Malta qızdırma xəstəliyidir. Belədə hərə bir şey söyləyir. Əslində, laboratoriya şəraitində xəstəliyin hansı xəstəliyə malik olduğu tam müəyyən edilməlidir".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli isə qeyd etdi ki, xəstəlik təhlükəsi ilə əlaqədar bir sıra heyvan bazarlarının bağlanması tendensiyası təhlükədən qorunmağa və bu əsasda da qiymət bahalaşmasına stimul verməməyə hesablanmış addımlardır: "Yayılan virusla bağlı olaraq bazarları ona görə bağlamışıq ki, heyvanlar arasında xəstəlik geniş forma almasın. Hörmətli nazirimizin tapşırığı əsasında heyvan bazarları xəstəliyin qarşısını almaq məqsədi ilə bağlanıb. Xəstəlik tuğyan edərsə və bu halda heyvanlar daha kəskin xəstəliyə tutularsa, həmin halda aydındır ki, itki daha çox olacaq. Kiminsə müvəqqəti olaraq bazarının bağlanıb, onun xərcinin itirilməsi halı geniş itkiyə yol açmır. Aydındır ki, birinci variantda itki daha böyükdür. Çünki, xəstəlik halında heyvanda sürətlə arıqlama baş verir, həm süd məhsulu ciddi itkiyə gedir. Hətta heyvanda hövrə gəlmə, yəni cinsi əlaqənin aşağı düşməsi də baş qaldırır. Belə hallar aydındır ki, daha böyük iqtisadi itkiyə gətirir, nəinki kiminsə 5 günlüyə bazarının bağlanması. Atılan addım sırf xəstəliyin qarşısını almaq üçün atılıb. Xəstəlik təhlükəsi ilə bağlı olaraq, heyvanın ət töküb məhv olması daha çox itkiyə və gələcəkdə bu əsasda da qiymətlərin bahalaşmasına rəvac verər, nəinki, kiminsə bazarının 2-3 həftəyə bağlanması".

Sizin Reklam Yeriniz