Əlaqə Arxiv
news Image
2014.07.21
08:29
| A A A
Nağd ödənişlərə limit qoyulur
Nərmin İbrahimova: «Təşviqedici addımlardan biri kimi nağd pul əməliyyatlarına limitlərin qoyulması ola bilər» Oqtay Haqverdiyev: «İlin sonuna kimi nağd ödənişlərə limit qoyulması ilə bağlı qərar qəbul olunması gözlənilir»

Azərbaycanda nağdsız ödənişlərin həcminin genişləndirilməsi uzun müddətdir gündəmdə olsa da, hələlik bu istiqamətdə istənilən nəticə qeydə alınmır. O da məlumdur ki, bir sıra ölkələrdə nağdsız ödənişlərin həcmini artırmaq üçün istifadə olunan üsullardan biri nağd ödənişlərə müəyyən miqdarda limit qoyulmasıdır. Məsələn, Fransada, "Maliyyə Kodeksi"nə müvafiq olaraq, fiziki şəxslərin 3 min avrodan yuxarı bütün ödənişləri yalnız nağdsız formada aparılmalıdır. Bu şərtin pozulmasına görə 15 min avro cərimə nəzərdə tutulur. İsveçdə nağd pulun dövriyyədən tamamilə çıxarılması ilə bağlı müzakirələr aparılır. Qazaxıstan qanunvericiliyinə görə, hüquqi şəxslər arasında bir əqd üzrə nağd qaydada aparılan hesablaşmanın məbləğinin yuxarı həddi 26 min ABŞ dolları həcmində müəyyən olunub. Bundan yuxarı hesablaşmalar isə yalnız nağdsız qaydada aparıla bilər. Rusiya Federasiyası qanunvericiliyinə əsasən, hüquqi və fiziki şəxslərin bir müqavilə üzrə nağd qaydada apardıqları hesablaşmaların maksimal məbləği 3,4 min ABŞ dolları təşkil etməlidir. Belarus Respublikasında təsərrüfat subyektləri arasında nağd qaydada aparılan hesablaşmaların maksimal məbləği 1,7 min ABŞ dollarıdır. Avropa ölkələrindən Bolqarıstanda nağd qaydada aparılan ödənişlərin maksimal məbləği 3,3 min ABŞ dollarına bərabərdir. Bu qəbildən olan təcrübələrin ölkəmizdə də tətbiqi zəruri sayılır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Nərmin İbrahimova bildirir ki, Azərbaycanda nağdsız ödənişlərin hələ də geniş miqyas ala bilməməsi insanların hələ də bununla bağlı ənənlərə malik olmamasıdır:

"Ölkəmizdə nağdsız ödənişlərin həcmi ildən-ilə artmaqdadır. Buna həm elektron dünyanın insanların həyatına təsir etməsi, həm elektron ödənişlərin daha az vaxtaparan olması kimi amillər təsir etməkdədir. Lakin bugünkü gün nağdsız ödənişlərin həcmi nağd pul əməliyyatlarının həcmindən dəfələrlə aşağıdır. Çünki insanlar nağdsız ödənişlər etmə ənənəsinə malik deyillər. Buna görə də bu sahəni stimullaşdırmağa ehtiyac var".

Nərmin İbrahimovanın sözlərinə görə, dövlət tərəfindən vergi güzəştləri və ya vergidən azadetmə kimi atılan addımlar nağdsız ödənişlərin həcminin artmasını stimullaşdıra bilər: "Çünki bu zaman sahibkar birbaşa olaraq əməliyyatların nağdsız olaraq aparılmasına maraqlı olacaq".

Ekspert nağd əməliyyatlar üçün limit qoyulmasını məqsədəuyğun addım sayır: "Digər tərəfdən, təşviqedici addımlardan biri kimi nağd pul əməliyyatlarına limitlərin qoyulması ola bilər. Hansı ki, digər ölkələrin təcrübəsində bu vardır. Məsələn, qonşu ölkə Rusiyada nağd pul əməliyyatlarına limit qoyur. Bu təcrübəni Azərbaycanda tətbiq etmək olar. Bunun üçün isə ilk növbədə müvafiq qanun qəbul edilməlidir. Eyni zamanda, məlumatverici kampaniyaların keçirilməsi və s. kimi tədbirlərin görülməsi prosesi daha da sürətləndirə bilər".

İqtisadçı Oqtay Haqverdiyev isə bildirdi ki, ilin sonuna kimi nağd ödənişlərə limit qoyulması ilə bağlı qərar qəbul olunması gözlənilir:

"Bizdə nağdsız ödənişlər sisteminə başlansa da, reallıq budur ki, proses zəif gedir. Sürətləndirilməsi üçün addımlar atılmalıdır ki, limit qoyulması da bu sahədə müvafiq addım olar. Bir müddətdir ki, bu məsələ hökümət tərəfindən də müzakirə olunur. Hələ qərar qəbul olunmasa da, yəqin ki, ilin sonuna kimi bir nəticə olacaq".

İqtisadçı hesab edir ki, Azərbaycan üçün indiki halda uyğun limit təxminən 1000 manat həcmində ola bilər.

Sizin Reklam Yeriniz