Aparılan araşdırmalar göstərir ki, Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya və hətta Rusiya kimi ölkələrdə istehlak kreditləri əsasən yerli istehsalın dəstəklənməsinə yönəldilir. Həmin ölkələrdə istehsalı dəstəkləmək üçün istehlak krediti vasitəsilə tələbat yaradılır. Artıq analoji siyasətin Azərbaycanda da həyata keçirilməsi zəruri sayılır.
İqtisadçı Natiq Cəfərli
Movqe.az-a açıqlamasında sözügedən təklifin Azərbaycanda tətbiqi
məsələsinə rəyini bildirib: "Artıq bir müddətdir ki, müxtəlif
şəxslər tərəfində bu təkliflər səsləndirilir. Burada məsələ ondan
ibarətdir ki, əgər yalnız yerli malların alınması üçün istehlak
kreditləri verilirsə, bu malların istehlakçıların tələbatının
ödəyib-ödəyə bilməməsi var ortada. Çünki, adətən istehlak
kreditlərinin əsas hədəfi elektronika mallarıdır. Məsələn,
soyuducular, televizorlar, kondisionerlər və sair kimi məişət
əşyaları, telefon, kompüter kimi texnoloji alətlər və digərləri
olur. Azərbaycanda bütün bu malların istehsalı çox aşağı
səviyyədədir. Bu metodun tətbiq edilə biləcəyi yeganə sahə
mebel sənayesi ola bilər. Çünki artıq ölkəmizdə bir neçə mebel
zavodu var ki, rəqabətə davamlı əşyalar istehsal edir. Amma
onsuz da indinin özündə də həmin şirkətlər kreditlə satış həyata
keçirirlər.
Mobil telefonlar, məişət avadanlıqları, avtomobillər kreditlə satılan ən çox məhsullardır. Ümumi istehlak kreditlərinin 80%-ə yaxını məhz bu mal və məhsulların üzərinə düşür. Əgər bu gün Azərbaycanda bu məhsulların istehsalı yoxdursa, istehlak kreditlərini yalnız yerli məhsullar üçün məhdudlaşdırmaq doğru olmaz. Əslində, yanaşma olaraq düzgün yanaşmadır. Çünki, yerli istehsalı təşviq etmək lazımdır. Qeyri-neft sektorunun inkişafı nöqteyi-nəzərindən də bunun təşviqi vacibdir. Amma heç bir infrastruktur olmadan birdən-birə bu addımın atılması, düşünürəm ki, istehlakçıların hüququnu pozmuş olacaq. Çünki məhsulların xarici analoqlarının ölkədə satışını azaltmaq istehlakçıların əldə etmək istədikləri mal və xidmətlərə əlçatanlığını zəiflədəcək. Bütün bu məsələlər həll olunarsa, orta və uzun vədədə bu addımı atmaq olar".
İqtisadi və
Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov istehlak
kreditləri üçün yerli mallarla məhdudiyyət qoyulmasını məqsəduyğun
saymır: "İstehlak kreditlərinin yalnız yerli məhsulların alınması
üçün verilməsini düzgün hesab etmirəm. Baxmayaraq ki, belə bir
təcrübə yerli istehsal məhsulların satışının gücləndirilməsinə
gətirib çıxra bilər. O baxımdan ki, bu zaman artıq vətəndaşlar
yerli məhsulların alınması üçün kreditlər götürəcəklər. Lakin bu
məhdudiyyət məhsullar arasında diskriminasiyanın formalaşmasına
gətirib çıxaracaq. Yəni, faktiki olaraq, bu amil süni şəkildə
xaricdən idxal olunan məhsulların sıxışdırılmasına səbəb ola bilər
ki, bu da diskriminasiya baxımdan heç də aruzolunan deyil. Eyni
zamanda bu, uzun müddət üçün effektli bir metod deyil. Çünki bəzi
inkişaf etməkdə olan ölkələrdə də belə praktika tətbiq olunmuşdu.
Bu zaman müşahidə edilən problem o olacaq ki, biz istehlak
kreditlərini yerli mallarla məhdudlaşdırsaq da, vətəndaşlar
kommersiya bankları ilə danışaraq xarici mal alacaqlar. Belə olan
halda süni şəkildə diskriminativ qayaların tətbiq olunması
birmənalı şəkildə arzuolunan deyil".
Ekspert bildirir ki, şəraitdə yerli malların qiyməti qalxa bilər: "Düşünmürəm ki, yalnız yerli məhsullara kreditlərin verilməsi yerli istehsalı stimullaşdıracaq. Əslində, yerli mallara tələbat artacaq, amma həm də bununla bərabər, qiymətlər də artacaq. İstehlak kreditlərinə xarici məhsullar üçün məhdudiyyət qoyulması nəinki yerli istehsalın dəstəklənməsi, əksinə, kredit şərtlərinin daha da ağırlaşmasına və bütövlükdə kreditləşmənin məhdudlaşmasına gətirib çıxara bilər".