Əlaqə Arxiv
news Image
2014.07.23
08:28
| A A A
Sement su qiymətinə olacaq
Ruslan Atakişiyev: “Bazarda bir neçə istehsalçı olduğu hada qiymətlərin aşağı düşməsi də qaçılmazdır” Rəşad Həsənov: “Bazarda təklifin çoxalması sementin qiymətinin azalmasına gətirib çıxaracaq”

Xəbər verildiyi kimi iyulun 21-də Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən "Norm" sement zavodunun açılışı oldu. Müəssisə gündə 5 min ton klinker, ildə 2 milyon ton sement istehsalı gücünə malikdir. Beləliklə də bu zavodun fəaliyyətə başlaması ilə Azərbaycanda sement istehsalı ildə 5 milyon tona çatacaq. Bu isə yerli tələbatın tam olaraq ödənilməsi deməkdir. Çünki, hazırda ölkənin tələbatı ildə təxminən 4,5 milyon tondur. Rəqəmlərdən də göründüyü kimi gələcəkdə Azərbaycan sement ixrac edən ölkəyə çevrilə bilər. Eyni zamanda artıq sözügedən zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi də məqsədəuyğun deyil. Bu xüusuda isə müvafiq addımların atlıması, məsələn, xaricdən gətrilən sementə daha çox gömrük rüsumunun tətbiq olunması zəruri sayılır.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirdi ki, Azərbaycanda uzun müddət "Holcim-Azərbaycan" şirkəti tərəfindən təklif olunan sement üstünlük təşkil edirdi: "Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmaq istiqamətində müxtəlif islahatlar aparır. Bu çərçivədə ölkədə 73-ə yaxın şirkət var ki, onlar təbii inhisar mövqeyində dayanıb. "Holcim-Azərbaycan"da təbii şəkildə inhisarçıya çevrilib. Yeni zavod da məhz altenativ istehsalın təşkil olunması ilə bağlı idi. Əvvəl bazarda qiymət bir istehsalçının diqtəsi əsasında müəyyənləşirdi. Artıq yeni sement zavodunun açılması bazarda rəqabət şəraitinin formalaşmasına, o cümlədən istehlakçının seçimlərinin artmasına və keyfiyyətin yüksəlməsinə təsirini göstərəcək. Bazarda bir neçə istehsalçı olduğu hada qiymətlərin aşağı düşməsi də qaçılmazdır".

Ekspert bildirdi ki, belə böyük həcmli zavodların hamısı gələcək mərhələdə ixracyönümlü olacaqlar: "Azərbaycan yaxın qonşularına sement ixrac edə bilər. Bu baxımdan ixracın stimullaşdırılması əhəmiyyətini saxlamalıdır. O cümlədən gələcəkdə daxili bazarda rəqabətin daha da dərinləşməsi baxımından idxal edilən sementlərin gömrük tariflərinə yenidən baxılmalıdır. İdxal edilən və yerli istehsal sementinin hesabına güclü rəqabət formalaşar ki, sonda istehlakçı ucuz, keyfiyyətli məhsulla qarşılaşmış olacaq".

İqtisadi və Sosial İnkişaf Rəşad Həsənov bildirdi ki, ildə 5 milyon ton sement istehsal etmək kifayət qədər böyük rəqəmdir: "Bu, o deməkdir ki, yeni zavod ixrac barədə düşünməlidir. Bu da Azərbaycanın ixrac potensialının artmasına kömək edə bilər. Eyni zamanda qeyri-neft ixracının çoxalmasına dəstək olacaq. Həmçinin, regionda potensial alıcılar mövcuddur. Gürcüstan kimi ölkələr yeni quruculuq prosesi keçir. Onlarda infrastruktur layihələrinin çoxluğu sementə tələbatı artıran əsas amillərdir. Digər tərəfdən, bazarda təklifin çoxalması sementin qiymətinin azalmasına gətirib çıxaracaq. Bu isə Azərbaycanda tikinti sektoru üçün müsbət bir haldır. Çünki, Azərbaycanda ən bahalı və sürətlə inkişaf edən sektorlardan biri tikinti sektorudur".

Ekspert əlavə etdi ki, tələbatı tam ödəsək, idxal olunan sementin rüsumlarını qaldırmaq olar. Ancaq bu məsələ tək zavodun işi deyil: "Bu, dövlətin idxal-ixrac siyasətindən doğan məsələdir. Əgər ixrac baş tutmayacaqsa, belə bir addımın atılması gözləniləndir".

Sizin Reklam Yeriniz