Əlaqə Arxiv
news Image
2014.07.23
10:56
| A A A
Yerli avtomobillərə böyük tələb yaranır
Ramil Osmanlı: «Yerli istehsalı artırmaq üçün isə ilk növbədə yeni istehsal müəssisələri yaradılmalıdır» Fərhad Bayramov: «Ölkə iqtisadiyyatında avtomobil sənayesinin inkişaf etdirilməsi üçün ciddi addımlarım atılması zəruridir»

Bilindiyi kimi, ölkədə "Avro-4" standartının tətbiqindən sonra idxal maşınlarının sayı azalmağa başladı ki, bu, qiymətlərdə də öz əksini tapdı. Artıq ölkəyə gətirilən avtomobillərin yalnız beynəlxalq standartlara cavab verən, əsasən yeni avtomobillər olduğuna görə yüksək qiymətlə təklif olunması bazara öz təsirini göstərib. Yaranan indiki şəraitdə qiyməti nisbətən ucuz olduğundan yerli istehsal olan avtomobillərə tələbat artmaqdadır. Lakin ölkəmizdə avtomobil istehsalının illik həcmi tələb olunan səviyyədə deyil. Belə demək mümkünsə, yerli istehsal olan maşınlar tələbə uyğun həcmdə təklif olunmur. 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanlı Movqe.az-a Azərbaycanda bugünkü avtomobil bazarı ilə bağlı fikrilərini bildirib: "Azərbaycan avtomobil bazarındakı problemlərin aradan qaldırılması qısa müddətin məsələsi deyil. Bunu 1-2 ilə inkişaf etdirib nəticə əldə etmək, hesab edirəm ki, mümkünsüzdür. Burada məsələnin başqa tərəfləri var. Düşünürəm ki, müəyyən proqramlar həyata keçirilərsə, Azərbaycanda avtomobil istehsalı artarsa, bu halda nəticə əldə etmək olar. İndiki halda isə idxalın qarşısını alan addımların kəskin şəkildə atılması iqtisadi baxımdan daha zərərli ola bilər". 

Ramil Osmanlı yerli avtomobil istehsalını artırmaq üçün görülməli işlərdən də danışıb: "Yerli istehsalı artırmaq üçün isə ilk növbədə yeni istehsal müəssisələri yaradılmalıdır. Bu istehsal müəssisələri yaradıldıqdan sonra, bu sahəyə investisiya qoyacaq xarici investorların cəlbi istiqamətində müəyyən addımlar atılmalıdır. Lazım olarsa, ilkin dönəmlər üçün onlara müəyyən imtiyazlar da verilə bilər.  Zamanla  Azərbaycanın özündə də bu prosesi gücləndirmək üçün müəyyən işlər görülə bilər. Əgər Azərbaycanın istehsal elədiyi avtomobil bütün parametrlərinə görə xarici avtomobildən geri qalacaqsa, rəqabətdə uduzacaqsa, eyni zamanda qiymət siyasəti düzgün aparılmayacaqsa, burda ciddi irəliləyiş gözləmək olmaz. Amma hal əksinə olarsa, müsbət nəticələr əldə etmək olar. Çünki bu sahədə keyfiyyət və qiymət çox vacib məsələlərdir". 

İqtisadi Və Sosial İnkişaf Mərkəzinin iqtisadi-tədqiqatçısı Fərhad Bayramov indiki halda yerli avtomobil istehsalının iqtisadi baxımdan əlverişli layihə ola biləcəyini düşünür: "Birmənalı şəkildə ölkə iqtisadiyyatında avtomobil sənayesinin inkişaf etdirilməsi üçün ciddi addımlarım atılması zəruridir. Bunun ən əsas səbəbi həm ölkədə qeyri-neft sektoru üzrə ÜDM-in artırılması, həm də ixrac qabiliyyətli məhsulların yerli bazarla yanaşı, xarici bazarlara çıxarılaraq ümumi ticarət dövriyyəsinin artırılmasına olan tələbdir. Əlbəttə, qısa və orta müddətli dövr üçün bu sənayenin inkişaf edərək daxili bazarda Avropanın, xüsusilə Almaniya, Yaponiya və s. ölkələrin istehsalı olan avtomobillərlə rəqabət aparması qeyri-real görünür. Lakin istənilən halda uzun müddətli dövr üçün iqtisadi baxımdan əlverişli layihə ola bilər. Ancaq bu şərtlə ki, dünya tələblərinə cavab verə biləcək aşağı maliyyətli istehsal həyata keçirilə bilsin". 

İqtisadçı qeyd edib ki, avtomobillərlə bağlı verilən son qərar bazarda şok effekti yaradıb.  Xüsusilə ikinci əl avtomobil alqı-satqısı ilə məşğul olanlarda bu təsir daha çox özünü göstərir: "Nəzərə alsaq ki, ölkədə orta aylıq əmək haqqı 420 manat ətrafındadır və həmçinin Avropadan istehsal tarixi 2005-ci ildən, Asiyadan isə 2007-ci ildən daha yeni avtomobillərin idxalı öncəkilərinə nisbətən dəfələrlə bahalı olur ki, bu da orta aylıq əmək haqqı ilə müqayisə edildiyində satın alınması mümkünsüz olan bir vəziyyətdir. Ölkədə bahalı avtomobil satın alınması üçün orta təbəqənin iqtisadi gücü yetərsiz qalmaqdadır. Ona görə də bu məsələnin həll edilməsi həm ölkədə fərdi olaraq vətəndaşların avtomobil ehtiyaclarının qarşılanması, həm də ümumilikdə dövlət gəlirlərinin artmasına imkan yarada bilər. Eyni zamanda sənayenin də inkişaf etməsi gözləniləndir". 

İqtisadçı yerli istehsalda qabaqcıl dünya ölkələrinin təcrübəsindən yararlanmağı məqsəduyğun sayır: "Arzuedilən olardı ki, iri avtomobil şirkətlərinin təcrübəsindən istifadə edilərək bu sənaye yaradılsın. O zaman bu layihə effektiv ola bilər. Daha doğrusu, belə bir vəziyyətdə dövlətlə özəl sektorun iş birliyinin yaradılması daha məqsədəuyğundur. Səbəb ondan ibarətdir ki, iri avtomobil şirkətləri üçün bizim regionda zavod tikilməsi cəlbedici deyil. Çünki istehsal olunacaq avtomobil üçün bu regionun bazarı kiçikdir və istehsal yüksək dəyərli olacaqdır. Lakin Azərbaycan mövqeyindən vəziyyət nisbətən fərqlidir. Belə ki, həm Qafqaz, həm də Orta Asiya regionu, eləcə də Rusiya və İran bazarı potensial yerlərdir ki, ölkəmizdə istehsal olunacaq avtomobillər ixrac edilə bilsin. Dövlət dəstəyi ilə özəl sektorun bu sahəyə investisiya qoyması, avtomobil sənayesinin inkişafı üçün böyük təkan ola bilər. Burda nəzərdə tutulan istehsal faktorlarının dövlət tərəfindən ya tam geri ödənişsiz, ya da güzəştli kredit ilə təmin edilməsidir.  Dövlət həmçinin, istehsal olunacaq avtomobillərin bazarda reallaşmayan hissəsini özü satın alaraq müxtəlif ölkələrə ixracı ilə məşğul ola bilər ki bu da dövlətin bazara müdaxiləsinin müsbət nümunəsidir. Eləcə də, çalışmaq lazımdır ki, istehsal xərcləri mümkün qədər aşağı olsun. Eyni zamanda keçid dövrü müəyyən edilərək yerli istehsal nəticəsində bazara çıxan avtomobillərin satın alınması üçün əhaliyə çox aşağı faizli  dövlət dəstəkli kreditlər və ya bir başa dotasiyalar verilə bilər. Xüsusilə unutmaq lazım deyil ki, belə bir sənayenin yaradılması uzun müddətli dövr üçün hesablanmalıdır".


Sizin Reklam Yeriniz