Əlaqə Arxiv
news Image
2014.07.24
08:42
| A A A
Qaz siyasətində yeni qiymət oyunu
İlham Şaban: "Rusiyanın Avropaya satdığı qazın qiymətini aşağı salmağa hazırlaşması, müəyyən mənada ölkəmizə də təsirsiz ötüşməyə bilməz"

Rusiya gələn ildən başlayaraq Avropa və Türkiyəyə satdığı qazın qiymətini aşağı salmağa hazırlaşır. Qeyd edək ki, Rusiya hazırda dünyanın aparıcı qaz ixracatçılarındandır. Bu ölkə Avropanın mavi yanacağa olan tələbatının mühüm bir hissəsini, 40 faizə qədərini ödəyir. Lakin Moskvanın Qərbə münasibətdə yeritdiyi qaz siyasəti, istər-istəməz köhnə dünya ölkələrini alternativ variantlar axtarmağa sövq edib. Bu isə Kremlin heç də ürəyincə deyil. Çünki, alternativlərin olması bu bazarda onun mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Bununla belə, yuxarıda qeyd olunduğu kimi, Moskvanın Qərbə ixrac etdiyi qazın qiymətini aşağı salmaq barədə planları var.

Azərbaycan da son illər Avropanın qazla təminatında mühüm mövqe tuta biləcəyini ortaya qoyub. Bunun nəticəsidir ki, Azərbaycan qazının Avropaya nəqli barədə TAP, TANAP kimi layihələr artıq icraya yönləndirilir. Ona əsasən Azərbaycan 2018-2019-cu ildən başlayaraq, Avropaya böyük həcmdə qaz ixrac edəcək. Digər tərəfdən, sözügedən layihələrin Türkmənistan qazı vasitəsi ilə daha perspektivli bir layihəyə çevrilməsi məsələsi də gündəlikdədir.

Görəsən, Rusiyanın sözügedən məkana qaz ixracı qiymətini aşağı salmaq niyyəti, yaxın gələcəkdə daha çox mavi yanacaq göndərməyı hazırlaşan Azərbaycana nə vəd edir?

Neft və qaz məsələləri üzrə ekspert İlham Şaban düşünür ki, Rusiyanın bu addımı müəyyən mənada ölkəmizə də təsir göstərə bilər: "Azərbaycan Avropa bazarına ancaq 2019-cu ildən başlayaraq qaz çıxarmağı planlaşdırır. İkincisi, Rusiya şirkəti "Qazprom"un strategiyasına nəzər yetirsək, görərik ki, qazın qiymətini aşağı salmaq niyyəti heç də yenilik deyil. Şirkət 2013-cü ilin dekabrında Avropa bazarında qaz satışı ilə bağlı üç illik strategiya hazırlayıb. Burada tendensiyanın nəyə doğru getdiyi göstərilirdi. Şirkətin marketinqi ilə məşğul olan qruplar hiss edir ki, Avropanın diversifikasiya siyasəti sadəcə, söz olaraq deyilmir. Həqiqətən, müxtəlif mənbələrdən alınan müxtəlif qeyri-ənənəvi enerji hesabına Avropa bazarında böyük həcmdə qaz satışını həyata keçirmək mümkün deyil. Nəticədə qazın qiymətində əvvəlki illərlə müqayisədə enmə siyasəti aparılmalıdır ki, "Qazprom" Avropa bazarındakı hazırki həcmi qoruyub saxlaya bilsin. Buna görə də onlar ildən-ilə qazın satış qiymətinin enmə strategiyasını hazırlayıb, hökumətə təqdim ediblər. Bununla bağlı onlar 2014-2016-cı illər ərzində təqribən orta qiymətin 3-5 dollar civarında aşağı salınmasını zəruri hesab edirlər. Özü də bu qiymət aşağı salınması müxtəlif ölkələr üzrə fərqli olacaq. Keçən il Avropada qazın orta qiyməti 387 dollar olmuşdu. Bu baxımdan, Rusiyanın Avropaya ixrac etdiyi qazın qiymətini aşağı salması faktı hazırda köhnə dünya ilə Moskva arasında olan qarşıdurmada əvvəlcədən düşünülmüş hərəkətdir. Bununla Moskva yenidən Avropanın Rusiyaya olan simpatiyasını qaytarmağı düşünür. Hazırda bilirsiniz ki, İtaliya, Almaniya kimi ölkələrdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün siyasi elitaya təzyiqlər var. Bu mənada Rusiyanın Avropa və Türkiyəyə satdığı qazın qiymətini aşağı salmaq niyyəti, həmin hadisənin nəticəsidir. Azərbaycana gəldikdə, ölkəmizin Avropa bazarına qaz çıxarmasına hələ 5 il var. Bu 5 ildə isə çox şey dəyişə bilər. Bir tərəfdən, qiymətlərin belə aşağı düşməsi müəyyən mənada ölkəmizə də təsirsiz ötüşməyə bilməz. Azərbaycan 9 Avropa ölkəsi ilə qaz alqı-satqısına dair müqavilə imzalayıb. Bu müqavilədə fiksasiyalı qiymət qeyd olunmayıb. Qeyd olunub ki, satılacaq qazın qiyməti Avropada neft və digər yanacağın qiymətinə ekvivalent olacaq. Yəni ona münasib olaraq hər rübə görə düşüb, qalxacaq. Təbii ki, qiymət enəndə Azərbaycan qazının qiyməti də düşəcək. Qalxanda isə o da qalxacaq. Amma bunun da nə qədər davam edəcəyini zaman göstərəcək".

Sizin Reklam Yeriniz