Əlaqə Arxiv
news Image
2014.07.26
08:19
| A A A
Taksit kartları ətrafında yaranan böyük problem
Eyyub Hüseynov: " Təşkilatımıza məhsulu taksit kartı ilə alarkən endirimin edilmədiyi, hətta kartla mal alandan rüsum tutulduğu barədə şikayətlər olur" Vüqar Bayramov: " Sözügedən endirimin edilməsində problem varsa, məsələ o zaman kart sahibi ilə kartı verən bank arasındakı müqavilə əsasında tənzimlənməlidir "

Azərbaycanda da son illər bankların təqdim etdiyi taksit kartlarından istifadə edən insanların sayı artır. Bəzi mağazalar hətta taksit kartları ilə alış-veriş edənlərə güzəştlər də edir, onlara mal daha ucuz qiymətə verilir. Bu da mağazaların taksit kart sahiblərinə endirimlər etməsi deməkdir. Lakin elə mağazalar da var ki, hansısa məhsulu endirimli qiymətlərlə satdığını bildirir. Lakin həmin məhsul taksit kartı iləalındıqda göstərilən endirmin tətbiqindən imtian edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu məsələyə istehlakçı hüquqlarının pozulması prizmasından yanaşdı: "Təşkilatımıza məhsulu taksit kartı ilə alarkən endirimin edilmədiyi, hətta kartla mal alandan rüsum tutulduğu barədə şikayətlər olur. Bu da istehlakçıların aldadılması deməkdir. Bundan başqa, taksit kartı ilə mal alan vətəndaş məhsul tələbatını ödəmədikdə, onu geri qaytarmaq istəyəndə də problemlər yaradılır. Nəzərdə tutulan bu endirimləri elan edib, sonra ona əməl etməmək, istehlakçını mal alışına cəlb edib, onu aldatmaqdan ibarətdir. Müvafiq qurumlar gərəkdir ki, belə halların qarşısını alsın".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, taksit kart sahiblərinə münasibətdə yaranan bu aldadıcı hərəkətə səbəb mağaza sahiblərinin müştərini cəlb etməklə daha çox gəlir əldə etməyə hesablanmış addımıdır: "Taksit kartlarının əsas özəlliyi ondan ibarətdir ki, vətəndaş həmin kartlardan istifadə edən zaman endirim əldə edir. Vətəndaş bu kartlardan istifadə anında endirim əldə etmədikdə, o zaman həmin kartlara sahib olmağın da praktik olaraq ciddi əhəmiyyəti qalmır, onu sual altına alır. Bu baxımdan vətəndaşlara vəd edilən endirimlərin edilməsi olduqca vacibdir. Sözügedən endirimin edilməsində problem varsa, məsələ o zaman kart sahibi ilə kartı verən bank arasındakı müqavilə əsasında tənzimlənməlidir. Müqavilədə endirimlər nəzərdə tutulub, amma reallıqda həmin endirimlər verilmirsə, bu halda birmənalı şəkildə kart sahibinin endirimi tətbiq etməyən tərəfdən şikayət etmək hüququ vardır. Çünki, həmin halda müqavilə qaydaları pozulur. Halbuki, birmənalı olaraq, müqavilə qaydaları gözlənilməlidir. Müqavilə qaydalarının gözlənilməsi üçün də, kart sahibi banka müraciət etməlidir. Bank bu müraciəti dəyərləndirmirsə, bu sahədə problem yaranırsa, vətəndaş məhkəməyə müraciət etməklə endirimi bərpa edə bilər. Amma bütün hallarda endirimlərin tətbiqi olduqca vacibdir. Endirim yoxdursa, həmin kartın olmasına nə ehtiyac vardı ki? Endirimin tətbiq olunmaması gələcəkdə həmin taksit kartlarına olan marağın azalmasına gətirib çıxaracaq. Yəni əhalinin kartlara olan inamının azalması fonunda, ona tələbat da zəifləyəcək. Satış məntəqələrində taksit kartlarında göstərilən endirim qaydalarını pozmaqda məqsəd həmin məhsulu daha baha qiymətə satmaqdan ibarətdir. Çünki, endirimlə satılması o deməkdir ki, bu halda məhsul daha ucuz qiymətə satılır. Bəzi hallarda şirkət və mağaza sahibləri isə malı daha ucuz qiymətə satmaqda maraqlı deyil. Ona görə də bu qaydaların pozuması məhsulu baha qiymətə satmaqla, daha çox gəlir əldə etmək məqsədi daşıyır".

Araşdırmalar onu da göstərir ki, vətəndaşlar əksər hallarda taksit kartları ilə alış-veriş edərkən xərclədikləri vəsaitləri geri qaytarmalı olduqlarını unudurlar. Bir çox hallarda kredit kartlarındakı vəsaitlər lüzumsuz, lazım olmayan istiqamətlərdə xərclənir. Problemli kreditlərin yaranmasında taksit kartlarının payının getdikcə artması məhz vətəndaşların kartlardan səmərəli istifadə ilə bağlı məlumatsız olmaları ilə əlaqələndirilir. Bu isə o deməkdir ki, müştəri taksit kartından istifadə edərkən mütləq şəkildə öz xərclərinə nəzarət etməlidir. Əksər hallarda isə bu baş vermir. Məsələn, Türkiyədə aparılan araşdırmalar göstərir ki, kredit götürən şəxslərin 60%-i limitdən artıq istifadə etdiyindən külli miqdarda borc yaranır. İqtisadçılar Azərbaycanda da belə bir problemin tədricən genişlənəcəyini istisna etmir

Sizin Reklam Yeriniz