Əlaqə Arxiv
news Image
2014.07.30
18:15
| A A A
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 3,5 faizə endirdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 30 iyul 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.25%-dən 3.5%-ə endirilməsi barədə qərar qəbul edib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, cari ilin birinci yarısında Azərbaycanda iqtisadi artım 2.1% təşkil edib, o cümlədən qeyri-neft iqtisadiyyatı 7% artıb.

2014-cü ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında dinamik inkişaf, milli gəlirin və rifah səviyyəsinin yüksəlməsi prosesləri davam edib. Azərbaycan milli iqtisadiyyatın maliyyə dayanıqlığı və makroiqtisadi sabitlik göstəricilərinə görə dünyada ön mövqelərini inamla qorunur.

İqtisadi artımda daxili inkişaf mənbələri əhəmiyyətli rol oynayır. Mövcud inkişaf dinamikası şəraitində iqtisadi artım, məşğulluq və inflyasiya arasında optimal tarazlıq təmin olunub. Dövr ərzində orta illik inflyasiya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.4% bəndi azalaraq 1.6%-ə enib.

İnflyasiyanın aşağı səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq, habelə iqtisadiyyatın şaxələnməsinə, real sektorda investisiya, o cümlədən kredit fəallığının daha da yüksəlməsinə və iqtisadi artıma zəruri dəstək vermək məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 30 iyul 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.25%-dən 3.5%-ə endirilməsi barədə qərar qəbul edib. Həmçinin, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 6%-dən 5%-ə, aşağı həddi isə 0.5%-dən 0.1%-ə endirilib. Eyni zamanda, bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə endirilib.

Sizin Reklam Yeriniz