Əlaqə Arxiv
news Image
2014.09.03
08:01
| A A A
Azərbaycan kapitalı da Rusiyanı tərk edir
Vüqar Bayramov: “Həm səhm bazarında müşahidə edilən durğunluq, həm də iqtisadiyyatdakı böhrana meyllilik və rublun məzənnəsinin aşağı düşməsi Rusiya iqtisadiyyatına inamın azalmasına gətirib çıxarıb”

Təxminən bir ay əvvəl Rusiya bankirləri Qərbin sanksiyaları fonunda Rusiyadan kapital axınının davam etdiyini bildirmişdilər. Hətta Mərkəzi Bankın sədri Elvira Naibullina il ərzində Rusiyadan kapital axınının yüksək səviyyədə qalacağını demişdi. Hazırda proses elə deyilən istiqamətdə də getməkdədir. Artıq bir neçə xarici şirkət, iş adamları baş verəcək böhrandan qorunmaq üçün öz kapitallarını Federasiya ərazisindən çıxarırlar. Hazırad Türkiyədən olan iş adamlarının daha çox kapitallarını Rusiyadan çıxarması müşahidə olunur. Azərbaycanlılara məxsus kapitalın da tədricən Rusiyanı tərk etməsi müşahidə edilir. Bunlar arasında həmyerlilərimiz olduğu da vurğulanır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov məsələ ilə bağlı "Mövqe"yə bildirdi ki, azərbaycanlıların öz kapitallarını Rusiyadan çıxaracağı öncədən proqnozlaşdırıldı: "Söhbət azərbaycanlıların heç də bütün kapitalını Rusiyadan çıxmasından getmir. Amma nəzərə alaq ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Rusiya iqtisadiyyatında bir çalxalanma var. Bu, həm də özünü rublun məzənnəsinin kəskin azalmasında göstərir. Sanksiyalardan sonra rubl məzənnəsini dollara nisbətən 12%, bu ilin ötən 8 ayında isə 9% itirib. Rublun məzənnəsini itirməsi Rusiya iqtisadiyyatına inamın azalmasından xəbər verir. Eyni zamanda Rusiya şirkətlərinin səhmlərinin və qiymətli kağızlarının səhm bazarında qiymətinin azalması da qaçılmaz olacaq. Praktiki olaraq, həm səhm bazarında müşahidə edilən durğunluq, həm də iqtisadiyyatdakı böhrana meyllilik və rublun məzənnəsinin aşağı düşməsi Rusiya iqtisadiyyatına inamın azalmasına gətirib çıxarıb".

Ekspert əlavə etdi ki, pespektivdə Rusiyada böhran proqnozlaşdırılır: "Rusiyada iqtisadi böhranın davam edəcəyi gözlənilir. Nəzərə alaq ki, sanksiyalar tətbiq ediləndən sonra Rusiya iqtisadiyyatını 150 milyard dollardan artıq vəsaitin tərk etdiyi bildirilir. Hazırda Türkiyə şirkətləri, həttə rusiyalı iş adamları gizli şəkildə olsa da belə, öz vəsaitlərinin bir qismini Mərkəzi Şərqi Avropa ölkələrinə yönəldirlər. Ona görə də azərbaycanlı iş adamlarının bir qisminin öz vəsaitlərinin Rusiyadan çəkməklə bağlı qərarı başadüşüləndir. Çünki, hazırda Rusiya iqtisadiyyatı cəlbedici deyil, böhrana meyllidir. Növbəti illərdə bu iqtisadiyyat iş adamları üçün yaxşı nəsə vəd etmir. Xüsusi ilə də böyük iş adamlarının öz vəsaitlərinin bir qisminin Rusiya iqtisadiyyatından çəkə bilərlər. Ancaq nəzərə alaq ki, Rusiyada çoxlu sayda kiçik sahibkarlıqla məşğul olan azərbaycanlılar da fəaliyət göstərir. Xüsusi ilə onların gəlirlərinin azalması, iş yerlərinin bağlanması təhlükəsi var. Yəni, böhran praktiki olaraq, həm yerlilərimizə, həm də rusiyalı iş adamlarına mənfi təsir etməkdədir. Təəssüf ki, Rusiyanın aqressiv siyasəti davam etdikcə Rusiya iqtisadiyyatı daha çox itirəcək".

Vüqar Bayramov hesab edir ki, iri kapitalları olan azərbaycanlılar daha çox Mərkəzi Şərqi Avropa ölkələrinə üstünlük verəcəklər: "Çünki, Mərkəzi Şərqi Avropanın həm bazarı böyükdür, həm də azərbaycanlıların iş əlaqələri var. Həmçinin, bəzi azərbaycanlı sahibkarların Rusiyadan Azərbaycana dönəcəyi proqnozlaşdırılır. Təbii ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir. O baxımdan həmin sahibkarlar üçün gəliş sərfəlidir. Yəni, iş adamlarının Azərbaycana üz tutması müsbət haldır. Problem ondan ibarətdir ki, Rusiyada iqtisadi tənəzzül hazırda orada işləyən, amma iş adamı olmayan azərbaycanlıların işlərinə problem yaradacaqsa, onların Azərbaycana qayıtması heç də müsbət olmayacaq. Çünki, onların böyük bir qismi ixtisaslı kadr deyil. Yaxın iki ildə onların bura gəlməsi proqnozlaşdırılmır. Hələlik daha çox böyük kapitalın Rusiyanı tərk eməsi müşahidə edilir. Bu prosesin yaxın iki ilə qədər davam edəcəyi gözlənilir. Onlar isə daha çox Mərkəzi Şərqi Avropa ölkələrinə yönəlir".

Sizin Reklam Yeriniz