Əlaqə Arxiv
news Image
2014.09.09
08:53
| A A A
Payızda bazarlarda daha böyük bahalaşma gözlənir
Vahid Məhərrəmov: " Payız aylarında kənd təsərrüfatı məhsullarının qiyməti artacaq " Nizami Qarayev: "Startda müəyyən qədər qiymət artımları müşahidə olunsa da, sonrakı mərhələdə qiymət stabilləşəcək"

Azərbaycandan hələ də Rusiya bazarlarına daha böyük həcmdə kənd təsərrüfatı və ərzaq məhsulları ixrac olunur. Bu isə daxili bazarda da qiymətlərin qalxması ilə nəticələndi. Qarşıdan payız və qış ayları gəlir. İlin bu fəslində isə mövsümü məhsulların bir hissəsi azalır. Həmin azalma fonunda da həmişə ilin soyuq ayları ərzində bahalaşma baş verdiyini müşahidə etmişik. Beləliklə, görürük ki, adəti üzrə payız ayları gəlməsi ilə kənd təsərrüfatı məhsullarının bahalaşmasına rəvac verdiyi kimi, digər tərəfdən də Rusiya amili anoloji vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxara bilər.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov "Mövqe"yə daha böyük bahalaşmanın baş vermə ehtimalının real olduğunu dedi: "Ümumiyyətlə, payız aylarında kənd təsərrüfatı məhsullarının qiyməti artacaq. Bu da yalnız məhsulun çox hissəsinin Rusiyaya ixracı ilə bağlı deyil. Həm də onunla bağlıdır ki, cari ildə məhsul istehsalında ciddi azalmalar baş verib. Hazırda Rusiyaya yeganə olaraq ancaq meyvələr ixrac olunur. Artıq pomidor və digər tərəvəzlərin ixracı həyata keçirilmir. Ona görə ki, həmin məhsullar artıq tükənib. Meyvənin Rusiya bazarına ixracının artması daxili bazarda qiymət bahalaşmasına səbəb olub. Bu kimi problemlər fonunda qiymətin artımı baş verir. Ət və süd məhsulu, yumurtanın qiymətində də bahalaşma baş verəcək. Ümumi olaraq, onu deyə bilərik ki, payızda ərzaq məhsullarının qiymətində kəskin artımlar labüddür, bu gözlənilir".

Digər ekspert Nizami Qarayev isə qeyd etdi ki, xaricdən daha çox məhsul gətirmək və yerli istehsalın artırılmasına stimul yaratmaqla, qiymətlərin kəskin bahalaşması yolunda sipər çəkmək olar: "Rusiyanın Avropa ilə münasibətlərindən yaranmış vəziyyəti elədir ki, hazırda burada Azərbaycan məhsulları üçün alternativ bazar açılıb. Rusiya bazarının tələbi də xeyli böyük olduğundan, Azərbaycanın həmin bazarı tam təmin etməyə imkanı yoxdur. Bu da Azərbaycan məhsulunun əsas hissəsinin Rusiya bazarına axınına səbəb olduğundan, daxili bazarda qiymətlərin qalxması tendensiyası müşahidə olunur. Nəticədə qiymətlərin kifayət qədər qalxdığını müşahidə edirik. Əvvəlki illərin anoloji dövrü ilə müqayisə etsək, qiymətlərin əhəmiyyətli dərəcədə bahalaşdığını görə bilərik. Bu tendensiyanın davam etməsinə hazırda iki faktor qoşa olaraq təsir edir. Bir tərəfdən, payız aylarında Rusiya bazarının kənd təsərrüfatı məhsullarına tələbatının artması, digər tərəfdən də mövsümün sonu ilə əlaqədar aqrar sahə mallarının ölkəmizdə azalması fonunda Azərbaycanın daxili bazarında qiymət qalxmaları müşahidə oluna bilər. Lakin burada alternativ bir mexanizm də işləyir. İş adamları qonşu ölkələr, Türkiyə, İran, hətta bəzi məhsulları, məsələn kartofu Belarus və Rusiyadan gətirərək, Azərbaycan bazarında stabilliyin yaradılmasını təmin edə bilərlər. Daxili bazarda qiymətin bundan sonra da qalxması müşahidə olunarsa, daha çox iş adamı prosesə qoşulacaq. Nəticədə daha çox kənd təsərrüfatı məhsulu Azərbaycana gətiriləcək. Startda müəyyən qədər qiymət artımları müşahidə olunsa da, sonrakı mərhələdə düşünürəm ki, qiymət stabilləşəcək. Çünki, ölkəyə kənardan kifayət qədər kənd təsərrüfatı məhsulu gətiriləcək. Amma aydındır ki, Rusiyanın Qərblə münasibətlərinin yaxın zamanlarda düzələcəyi gözlənilmir. Ona görə də, Azərbaycan fermerləri, iş adamları prosesin uzun müddətli olması tendensiyasına hazır olmalıdırlar. Məsələn, kənardan məhsul gətirən iş adamları uzunmüddətli müqavilələr bağlayaraq, ölkənin əsas məhsullara olan tələbatını təmin etməlidir. Yerli istehsalçılar da növbəti ildə istehsalı genişləndirərək, daxili tələbatın qismən örtülməsinə və ixracın genişlənməsinə nail olmalıdırlar. Bu istiqamətdə dövlətin müvafiq qurumlarının da görəcəyi işlər var. Onlar tərəfindən Rusiya bazarına göndərilən aqrar sahə məhsullarının statistikası aparılmalıdır. Çıxarılan məhsulun həcminə uyğun növbəti ildə istehsalın planlaşdırılması düzgün həyata keçməlidir ki, daxildə məhsul qıtlığı yaranmasın".

Sizin Reklam Yeriniz