Sənədsiz evlərin qeydiyyatı ilə bağlı məsələnin birdəfəlik həlli hələ də uzanmaqdadır. Bu isə belə evlərlə ilgili yaranan problemlərin davam etməsini şərtləndirir. Xatırladaq ki, magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə hələ bir neçə il əvvəl göstərişlər verilib.
Lakin ötən müddət ərzində Bakı Şəhər İcra Hakimiyyətinin sənədsiz tikililərin siyahısının dəqiqləşdirilməsi istiqamətində gördüyü işlər görünür, hələ tam başa çatmayıb. Qeyd edək ki, ölkə üzrə 500 minə qədər sənədsiz evlərin olduğu bildirilir ki, onun da böyük əksəriyyəti paytaxtın payına düşür. Həmin mülklərin bir hissəsi yüksək gərginlikli elektrik xətləri, nəqliyyat infrastrukturu obyektlərinin, Dövlət Neft Şirkətinə məxsus torpaqların üzərində yerləşir. Bununla belə sənədsiz evlərin qeydiyyat problemi uzanmaqda davam edir. Bu, həm də həmin evlərin əmlak vergisindən kənarda qalması deməkdir.
"MBA LTD" konsaltinq və qiymətləndirmə
şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirir ki, əslində, bu evlər
hər biri əmlak vergisinə cəlb olunmalıdır. Burdan alınan gəlir
hesabına isə bələdiyyələrin büdcəsi formalaşır. Qeydiyyata
alınmayan evlər bələdiyyələrin büdcə problemlərinin artmasına təsir
edir: "Əslində, bu evlərin siyahıya alınması istiqamətində
işlər görülür. Bu haqda məlumatlar verilir də. Amma işlər bundan o
tərəfə gedə bilmir. Səbəb isə məlum deyil. Əslində, bu evlər əmlak
vergisinə cəlb olunmalıdır. Əmlak vergisi bələdiyyə büdcəsinin
formalaşmasına yönəlir. Hər bir bələdiyyə öz ərazisindəki
mənzilləri siyahıya alıb qiymətləndirməsini aparmalıdır. Əgər bunu
edə bilmirsə, öz büdcəsini formalaşdıra bilmir. Elə
bələdiyyələr var ki, belə evləri vergiyə cəlb edir. Amma hamısı
buna nail ola bilmir. Nəticədə bələdiyyələrin büdcəsinin
fomalaşmasında bugünkü problemlər yaşanır.
Düşünürəm problemin həlli üçün sənədsiz evlərin siyahıya alınması tam olaraq başa çatdırılmalıdır. Hansıları sənədləşdirmək olar, hansılarda çatışmazlıqlar varsa müəyyələşdirilməlidir. Hansını ki sənədləşdirmək olmaz, köçürülməsinə ehtiyac var və sair, bu bilinəndən sonra qərar qəbul etmək olar. Sadəcə olaraq, bu prosses bir qədər zaman və xərc tələb edir".
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin eksperti Nərmin İbrahimova da Movqe.az-a açıqlamasında
bildirib ki, sənədsiz evlərin qeydiyyata alınmaması ilk
növbədə yerli büdcələrə təsir edir: "Belə ki, əmlak vergisi
bələdiyyələr tərəfindən yığılır. Bildiyimiz kimi, Azərbaycanda
bələdiyyələrin əsas problemlərindən biri maliyyə ilə bağlıdır.
Bələdiyyələrin böyük əksəriyyətinin büdcəsi əsasən dövlət
büdcəsindən edilən transferlər hesabına formalaşır. Vergi
yığımından əldə edilən gəlirlərin payı isə yerli büdcələrdə azdır.
Bu baxımdan, sənədsiz evlərin qeydiyyata alınması ilk növbədə
bələdiyyələrin dövlət büdcəsindən asılılığını əsaslı şəkildə
azaldacaq, yəni dotasiyaların həcmi azalacaq. Başqa sözlə, sənədsiz
evlərin qeydiyyata alınması dövlət büdcəsinə birbaşa deyil, dolayı
yolla təsiri edəcək".