Əlaqə Arxiv
news Image
2014.09.13
08:18
| A A A
10 bank bağlanmaq təhlükəsi ilə üz-üzə
Samir Əliyev: "Maliyyə imkanları məhdud olan banklarda depozitlərin qaytarılması məsələsi şübhə altına düşür" Əli Əlirzayev: "İlin sonuna qədər məcmu nizamnamə kapitalını yerinə yetirə bilməyən banklar ya aradan çıxacaq, ya da birləşəcəklər "

Məlum olduğu kimi, ilin sonuna qədər kommersiya bankları məcmu kapitallarını 50 milyon manata çatdırmalıdır. Xatırladaq ki, bu qərar 2012-ci ilin sonlarında Mərkəzi Bank tərəfindən verilmişdi. Həmin vaxt banklara məcmu kapitalını 50 milyon manata çatdırmaq üçün 2013-cü ilin sonuna qədər möhlət qoyuldu. Lakin sonradan bu möhlət daha bir il uzadıldı. Belədə özəl bankların məcmu kapitalı göstərilən limitə çatdırmaları üçün 3 aydan bir qədər artıq vaxt qalıb. Lakin müddətin az qalmasına baxmayaraq, bəzi banklar sözügedən göstərişi icra etməkdə acizdirlər. Çünki, bu istiqamətdə üzləşdikləri çətinlikləri aradan qaldıra bilməyiblər. Bu isə ona dəlalət edir ki, ilin sonuna bankların sayının azalacağını müşahidə edə bilərik. Yəni bir neçə bankın bağlana bilər. Qeyd edək ki, bir sıra beynəlxalq kredit təşkilatlarının son tədqiqatlarında ölkəmizdə fəaliyyət göstərən 43 bankdan böyük əksəriyyətinin məcmu kapitalını 50 milyon manata çatdırdığı göstərilir. Lakin 12-yə qədər bank bu məsələdə ciddi çətinlik çəkir.

Onu da qeyd edək ki, avqustun 29-da AMB "Bankların yenidən təşkili" qaydalarını təsdiq edib. Qaydalar bir növ tələbləri yerinə yetirə bilməyən bankların bağlanmasına və ya birləşməsinə hazırlıq xarakteri daşıyır. Qüvvəyə minən bu qaydalar bankların bir-biri ilə birləşməsini, başqa banklara qoşulmasını, eləcə də bank olmayan kredit təşkilatına çevrilməsini nəzərdə tutur. Qaydalara əsasən, bankların yenidən təşkil olunması aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir: Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədi ilə ilkin və yazılı müraciət edilməsi; Yenidən təşkil üçün səhmdarların ümimi iclasının çağırılması və qərar qəbul edilməsi; Kreditorların bu barədə məlumatlandırılması; Yeni bankın və yaxud BOKT-un dövlət qeydiyyatından keçirilməsi; Yeni xüsusi razılıq (lisenziya) alınması. Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalıdır. Bununla yanaşı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir. Sənədə görə, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır. Ümumiyyətlə, hesab edilir ki, zəif banklar, fəaliyyət göstərə bilməyən və bütövlükdə bank sferasının etibarına problem yarada biləcək banklar bu sistemdən uzaqlaşdırılmalıdır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, bağlanma təhlükəsində olan bankların sayı minimum 5, maksimim 10-a yaxın olacaq: "Bu gün banklara yaranmış vəziyyətdən çıxmaq üçün dörd yol qalır. Birincisi, məcmu kapitalı ilə bağlı tələbi yerinə yetirmək. İkincisi yol bu tələbi icra etmək gücündə olmayan bankların birləşməsidir. Bu zaman bir neçə bank birləşdiyi halda məcmu kapitalı 50 milyon etməyəcəksə, yenə də fəaliyyətə başlaya bilməz. Üçüncüsü, belələri bazarı tərk etməlidir. Sonuncu yol isə bank olmayan kredit təşkilatına çevrilməsidir. Bundan əvvəlki qaydalarda bank olmayan kredit təşkilatına çevrilmə imkanları nəzərdə tutulmurdu. Yeni qaydalar bunun üçün qəbul olunub. İndiki şərtlərə görə öncə səhmdarların yığıncağı çağırılmalı, qərar qəbul edildikdən sonra Mərkəzi Banka ilkin müraciət olunmalıdır. Razılıq verildikdən sonra prosedurlar hazırlanmalıdır".

S.Əliyevin sözlərinə görə, həmin prosedurlarda əmanətlərin qaytarılması və kreditlər məsələsi də öz əksini tapmalıdır: "Əgər bank olmayan kredit təşkilatına çevriləcəksə, depozitlərin qaytarılması ilə bağlı məsələ problemə çevrilə bilər. Əgər vəsaitlər sığortalanıbsa, Əmanətlərin Sığortalanması Fondu vasitəsilə qaytarıla bilər. Əksinə, sığortalanmayıbsa, bu, bankların maliyyə vəziyyətindən asılı olacaq. Maliyyə imkanları məhdud olan banklarda depozitlərin qaytarılması məsələsi şübhə altına düşür". Bununla belə hömsöhbətimiz kreditlərin qaytarılması ilə bağlı problemlərin yaşanmayacağını düşünür.

İqtisadçı alim Əli Əlirzayev qeyd etdi ki, bəzi bankların bağlanması əmanətçilərə hər hansı bir təsir göstərməyəcək: "Mərkəzi Bankın verdiyi qərar qanundur. Mərkəzi Bank qanunvericiliyə uyğun işləyir. Bu fonda ilin sonuna qədər məcmu nizamnamə kapitalını yerinə yetirə bilməyən banklar ya aradan çıxacaq, ya da birləşəcəklər. 50 milyon manatlıq limiti keçməyən banklar bağlansa da, ora qoyulan və sığortalanan əmanətlər üçün təhlükə yoxdur. Bu banklar Sığorta Fondunun üzvüdürlərsə, həmin əmanətçilərin vəsaitləri də qaytarılacaq. İkinci bir tərəfdən, hər bir bankın Sığorta Fondunda öz yeri var. Bu mənada əmanətçilər üçün baş verəcək prosesdə elə bir qorxulu hal yoxdur".

Sizin Reklam Yeriniz