Əlaqə Arxiv
news Image
2014.09.13
08:23
| A A A
Yeni dəmir yoluna görə xarici məhsullar ucuzlaşacaq
Rəşad Həsənov: " Azərbaycanda satılan xarici mənşəli məhsulların maya dəyərində onların nəqliyyat xərcləri də nəzərə alınır" Yaşar Əsədov: "Yol xərclərinin Azərbaycanda qiymət münasibətlərinə təsiri böyük deyil"

Bakı-Tiflis-Qars dəmir yolu xətti tezliklə işə düşəcək. 2015-ci ildən bu xəttin artıq istifadəyə verilməsi gözlənilir. Hazırda həmin yolun Azərbaycana aid hissəsində işlər çoxdan başa çatıb. Yalnız Gürcüstan və Türkiyə hissəsində tamamlama işləri gedir. Türkiyə tərəfi işləri 2-3 aya başa çatdıracağını bildirir. Gürcüstan tərəfində də işlərin tezliklə yekunlaşması və artıq bu ilin sonundan dəmir yolu xəttində sınaq hərəkətlərinə başlanması gözlənir. Tam işə düşdükdən sonra sözügedən dəmir yolu ilə daha çox mal, məhsul daşınacaq. Hətta perspektivdə Çin də həmin dəmin yolu xəttinə qoşulacaq. Bu isə o deməkdir ki, Bakı-Tiflis-Qars yolunun çəkilişi ilə geniş bir ərazi üzrə mal, məhsul dövriyyəsi artacaq. O da məlumdur ki, xaricdən gətirilən məhsulların qiymətinə istər-istəməz daşınma xərcləri də əlavə olunur. Belədə ölkədə xarici məhsulların baha olmasında bu amilin də müəyyən rolu vardır. Bu mənada bir çox ekspertlərin qənaətincə, sözügedən dəmir yolu xəttinin işə başlaması fonunda, onun vasitəsilə Türkiyə və Çindən Azərbaycana gətirilən məhsulların qiymətində ucuzlaşma baş verə bilər. Çünki daşınma xərcləri azalacaq.

Lakin iqtisadçı-ekspert Rəşad Həsənov Bakı-Tiflis-Qars dəmir yolunun açılışı ilə Türkiyə və Çindən Azərbaycana gətirilən məhsulların qiymətində enmələrin ola biləcəyinə o qədər də əmin deyil: "Təbii ki, hazırda Azərbaycanda satılan xarici mənşəli məhsulların maya dəyərində onların nəqliyyat xərcləri də nəzərə alınır. Məhz bu amil də nəzərə alınmaqla, gətirilən mal-məhsulun satış qiymətləri müəyyənləşdirilir. Gözlənilir ki, Bakı-Tiflis-Qars dəmir yolunun açılması və Çinin, eyni zamanda digər Asiya ölkələrinin də ora qoşulması ilə bu ölkələr, habelə Türkiyədən gətirilən məhsulların qiymətləri ucuzlaşsın. Amma bununla belə, həmin dəmir yolunun açılışı ilə də gözləmirəm ki, ciddi qiymət enmələri baş versin. Bu da onunla bağlıdır ki, bəzən normal bazar şəraitində formalaşan qiymətin ortaya çıxmaması da, daşınma və yaxud istehsal şərtlərində müəyyən dəyişmələrin, xarici ölkə valyutasında qiymət dəyişikliyinin Azərbaycanda tətbiq edilməməsinə gətirib çıxarır. Hazırda Avropa və Rusiyanın özündən Azərbaycana daşınan məhsullardan da görünür ki, şimal ölkəsində rublun qiymətdən düşməsinə, oradan gəririlən məhsulun maya dəyərinin aşağı enməsinə baxmayaraq, azərbaycanlı istehlakçılar onu əvvəlki qiymətlər, hətta bəzi hallarda daha baha qiymətlə istehlak etmək məcburiyyətində qalır. Qiymətlərin ölkədə tənzimlənməsi vacibdir. Bu halda əhali də bahalı yaşayış mühitində yaşamalı olmur".

Ekspert Yaşar Əsədov da qeyd etdi ki, yol xərclərinin Azərbaycanda qiymət münasibətlərinə təsiri böyük deyil: "Prinsip etibarı ilə, Gürcüstanla Azərbaycanda istehlak edilən məhsulların qiymətinə nəzər yetirsək, görərik ki, burada kifayət qədər böyük fərqlər var. Azərbaycanda qiymətlər Gürcüstanla müqaisədə yüksəkdir. Xaricdən gətirilən mal, məhsulun qiyməti məsələsi yol tranziti xərcindən daha çox, gömrük siyasətindən asılı olan məsələdir. Nəqliyyat xərclərinin Bakı-Tiflis-Qars dəmir yolunun açılışından sonra da belə, gətirilən mallara münasibətdə rolu, düşünürəm ki, çox az olacaq. Hazırda vəziyyət elədir ki, qiymət fərqləri kifayət qədər böyükdür. Bu da ölkənin daxili siyasətilə bağlı haldır. Türkiyənin öz daxili siyasəti var. Bu məqamı hər bir ölkəyə, o cümlədən Gürcüstana, Azərbaycana da aid etmək olar. Ona görə də, məhsulların qiyməti məsələsində əsas amil ölkənin daxili siyasətindən irəli gələn gömrük rüsumları ilə bağlı olacaq. Həmin dəmir yolunun açılışından sonra da, qiymət məsələsində təsir göstərmək baxımından yol xərclərinin formal da olsa əhəmiyyəti olmayacaq".

Sizin Reklam Yeriniz