Əlaqə Arxiv
news Image
2014.09.17
08:52
| A A A
Neftlə bağlı anlaşılmaz vəziyyət yaranır
Samir Əliyev: “Gələn ildən etibarən isə neft ucuzlaşmağa başlayacaq, yəqin ki, hökumət büdcəni təsbit edəndə bunu nəzərə alacaq” İlham Şaban: “Bu il üçün pessimist proqnozlarla razılaşmaq olmaz”

Son aylar kəskin ucuzlaşan neftin qiyməti ilə bağlı daha pessimist proqnozlar verilməkdədir. Müəyyən iqtisadçılar "qara qızıl"ın qiymətinin hətta bu gedişlə 80 dollara qədər düşəcəyi qənaətindədirlər. Bu, şübhəsiz ki, Azərbaycan üçün də həssas məqamdır. Cari ilin ilk 7 ayında Azərbaycan neftinin orta satış qiyməti 110 dollar olub. Bu gün isə 100 dollardan bir az aşağıdır.

Neftin sürətlə bahalaşaacağını söyləyənlər də var. Məsələn, BP-nin sabiq prezidenti Toni Heyvord neftin qiymətinin 150 dollara qədərə qalxa biləcəyini bildirib. Onun sözlərinə görə, Avropa Birliyinin və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları əks təsir göstərə bilər: "Bu sanksiyalar dünya bazarına neftin çatdırılmasına mənfi təsir edə bilər və bu, yaxın illərdə neftin qiymətinin artmasını sürətləndirəcək".

Yerli mütəxəssilər isə daha fərqli fikirdədilər. İqtisadçı- ekspert Samir Əliyev bildirdi ki, neftin qiymətinin düşməsi bir sıra səbəblərlə bağlıdır: "Bu gün müəyyən qruplar, həm də neft ixrac edən ölkələr neftin qiymətini yüksək səviyyədə qalmasında maraqlıdır. Bu vaxta qədər neftin qiymətinə fundamental amillərdən (tələb və təklif) çox, geosiyasi proseslər təsir göstərirdi. Livayada baş verən hadisələr, İŞİD-in bir sıra neft obyektlərini ələ keçirməsi, Ukrayna hadisələri neftin qiymətinin yüksək səviyyədə qalmasını təmin edirdi. Hətta 115 dollara qədər bahalaşmışdı. İndi isə yuxarıda sadalanan problemlər öz həllin tapır. Liviya neft ixracını artırıb, İŞİD-in əlindən neft obyektləri alınıb. İranla münasibətlər düzəlməsə də, ən azından müharibə həddində deyil. İran danışıqlara getməkdə maraqlıdır. Digər tərəfdən, ABŞ öz neft yataqlarını işə salıb. İstehsalı ildən-ilə artırır. Bilirik ki, ABŞ dünyanın ən böyük neft idxal edən ölkəsidir. Dünya üzrə neft idxalının 25%-i ABŞ-ın payına düşür. Amma ABŞ yaxın zamanda idxalçı ölkədən neft ixrac edən ölkəyə çevriləcək. ABŞ-ın anidən neft istehsalını artırması və Çində də iqtisadi səngimə nəticəsində dünyada neftə olan tələbat azaldıb. Bütün bu amillər neftin qiymətinin aşağı düşməsini şərtləndirir. Hətta bu işin görünməyən tərəfləri də var. Faktiki olaraq, Rusiyanı çökdürməyin bir yolu da neftin qiymətinin aşağı salınmasıdır. Çünki, Rusiyanın büdcəsində neftin qiyməti 100 dollar nəzərdə tutulub. Bu amillər neftin qiymətinin düşəcəyini şərtləndirir. Hətta alternativ enerjinin inkişaf etdirilməsi, hibrid maşınların artması neftə tələbatı azaldır. Bunlar neftin qiymətinin aşağı düşməsini şərtləndirir. Azərbaycanda 2014-cü il üçün büdcədə neftin qiyməti 100 dollar nəzərdə tutulub. Hələ ki, neftin qiymətinin 80 dollara düşəcəyi gözlənilmir. Lakini ilin sonuna qədər 90-95 dollar civarında dəyişəcək. Gələn ildən etibarən isə neft ucuzlaşmağa başlayacaq. Yəqin ki, hökumət büdcəni təsbit edəndə bunu nəzərə alacaq. Yaxşı olardı ki, bu halda neftin qiyməti 80 dollar həddində götürülsün".

Ekspertin sözlərinə görə, neftin ucuzlaşması hazırki il üçün büdcəyə ziyanı yoxdur: "Çünki, il bitir. Neftin orta illik qiyməti 100 dollardan yuxarıdır. Gələn il isə bunun aşağı düşəcəyi gözlənilir. Ancaq azalmanın büdcəyə o qədər təsiri olmayacaq. Əgər təsir göstərəcəksə, hökumət investisiya xərclərini azaltmaqla büdcəni icra edəcək. Ona görə də neftin qiymətinin düşməsi büdcənin icrasına təsir etməyəcək".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə əks fikirdədir: "Neftin qiymətinin 80 dollara düşəcək qədər pessimist fikirdə deyiləm. Ancaq neftdən bunu gözləmək da olar. Çünki, son zamanlar qiymət düşməsini gözləmirdim. Bu ay yüksək enmə oldu. Ancaq neftin qiymətində çox faktor iştirak edir. Yəni, qiymətin hansı zamana qədər düşəcəyini demək bir qədər çətindir. Baxmayaraq ki, banklar, enerji agentlikləri brent markalı neftə bu il üçün 105 dollar qiymət qoymuşdular. Ümumilikdə, həmin hədd özünü doğruldur. Çünki, ötən il orta qiymət 110 dollar olmuşdu. Ancaq bu ilin 4-cü rübündə hətta qiymət 90 dollara düşərsə belə, həmin hədd saxlanılacaq. Yəni, illik orta qiymət 103-105 dollar ətrafında olacaq. Çünki, 2-ci rüb və 3-cü rübün əvvəlində dünya bazarında neftin qiyməti çox yüksək olub. Orta qiymət 112 dollardan çox olmuşdu. Ona görə də bu il üçün pessimist proqnozlarla razılaşmaq olmaz. Büdcədə neftin qiymiəti hər barrel üçün 100 dollardan götürülür. Gələn üçün isə çoxları hesab edir ki, bu hədd 90-95 dollar arasında dəyişə bilər".

Sizin Reklam Yeriniz