Əlaqə Arxiv
news Image
2014.09.19
08:01
| A A A
Rusiya defolta gedir?!
Zahid Məmmədov: "Qərbin sanksiyaları fonunda belə Rusiya iqtisadiyyatının defolta uğrayacağı mümkün deyil" Yaşar Əsədov: "Rusiya bazarları ölkəmiz üçün açıldığından, ona qarşı tətbiq olunan sanksiyalar Azərbaycana fayda gətirir"

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda artıq bu ölkənin defolta gedə biləcəyilə bağlı fikirlər səslənir. Məslə bundadır ki, şimal qonşumuzun pul vahidi rublun dəyərdən düşməsi prosesi sürətlənib. Bu gün sərbəst bazarda rublun dəyəri 38.93 dollar səviyyəsinə düşüb. Rus pulunun tarixindəki ən aşağı səviyyəyə düşməsi, neftin qiymətindəki geriləmə, Ukrayna böhranıyla əlaqədar Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar bazarlara təsir edib. Eyni zamanda Amerika Birləşmiş Ştatları Mərkəz Bankının (FED) şərhi gözlənilən faiz qərarı rublun zəifləməsinə təsir göstərib. Bütün bunların Rusiyada defolta səbəb olacağı barədə çoxsaylı proqnozlar səslənməkdədir. Çünki Rusiyanın ifri neft, qaz şirkətləri, bankları, hərbi sənayesi, o cümlədən başqa istehsal sahələri xarici investisiyalardan məhrum olub. Bundan başqa, bu günə qədər Rusiyaya investisiya yatıranlar artıq öz sərmayələrini bu ölkədən çıxarır. Bu ilin altı ayı ərzində Rusiyadan çıxarılan sərmayənin həcmi 74,6 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövründən 2,2 dəfə artıqdır. Son hadisələr fonunda yerli vətəndaşlar da Rusiya banklarına etibar etməməyə başlayıb. Belə ki, yerli sakinlər Rusiya banklarından 400 milyard rubla qədər pullarını çıxarıb. Bu fonda da Rusiyanın defolta uğrayacağı ehtimaıl artır.

Lakin iqtisadçı-ekspert Zahid Məmmədov Rusiyanın defolta uğrayacağını düşünmür: "Qərbin sanksiyaları fonunda belə Rusiya iqtisadiyyatının defolta uğrayacağı mümkün deyil. Ümumiyyətlə, həyatda hər bir hadisənin zərəri olduğu kimi xeyri də var. Burada idxalı əvəzedici sahələrin inkişafı baş verə bilər. Hər şey iqtisadi siyasətlə bağlıdır. Daxili məhsulun inkişafı, onun qorunması, monopolizmə qarşı mübarizə, sahibkarlığın inkişafına dəstək, hər şey gözəl hazırlanmış iqtisadi siyasət proqramına bağlıdır. Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyaların Azərbaycana isə hər hansı bir aidiyyatı yoxdur. Bu sanksiyaların ölkəmkizə heç bir təsiri olmayacaq. Təəssüf ki, bu arada kimlərsə Azərbaycanın istehsal etdiyi məhsulların Rusiyaya getməsindən kimlərinsə istifadə etdiyini iddia etməyə başladı. Rusiyaya qarşı sanksiyaların Azərbaycan iqtisadiyyatına nə aydiyyatı ola bilər ki? Azərbaycan öz yolu ilə inkişaf etməkdədir".

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə də, Rusiya iqtisadiyyatı defolta düşməyəcək: "Rusiyanın iqtisadiyyatı, təbii sərvətləri elə bir nəhəng, zəngin səviyyədədir ki, bu ölkə heç zaman defolta uğramayacaq. Rusiyanın xaricə hansısa borcları var. Amma bu borclar şimal ölkəsinin qızıl valyuta ehtiyatlarından əhəmiyyətli dərəcədə azdır. Bəzən düşünürəm ki, elə bir zaman gələcək dünya sadəcə olaraq, Rusiyanın təbii sərvətlərinə möhtac qalacaq. Ona görə də defolt amili fantastikdir. Rusiyanın defolta uğrayacağı fikrini beynəlxalq ictimaiyyətin beyninə yeritmək olar, amma faktiki, bu baş verməyəcək. Zənn edirəm ki, bir müddətdən sonra Qərb Azərbaycana da təzyiq göstərəcək ki, Rusiya ilə əlaqələrini tamamilə azaltsın. Lakin belə təzyiqlər Azərbaycan üçün keçərli olmayacaq. Digər tərəfdən hazırda vəziyyət elədir ki, Azərbaycan üçün bağlanan Rusiya bazarları indi ölkəmiz üçün açılmağa başlanılıb. Bu mənada Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycana fayda gətirir".

Sizin Reklam Yeriniz