Əlaqə Arxiv
news Image
2014.09.23
10:29
| A A A
Rusiya bankları Azərbaycandan pul istəyir
Samir Əliyev: “Rusiya maliyyə institularının və şirkətlərinin Azərbaycana üz tutacağı gözlənilən idi” Rəşad Həsənov: “Rusiya bu gün münasibətləri normal olduğu ölkələrdən bank–maliyyə sektoruna əlavə vəsait cəlb etməyə cəhd göstərir”

Şimal qonşumuz bu dəfə bank sektorunda da Azərbaycan maliyyəçilərini görmək istəyindədir. Belə ki, VTB rəhbəri Andrey Kostin jurnalistlərə açıqlamasında Çin, Sinqapurla və digər aparıcı Asiya bazarları ilə yanaşı Rusiya bankları Azərbaycan və Qazaxıstandan maliyyə vəsaitləri cəlb edə biləcəyini deyib. Onun sözlərinə görə, Rusiya maliyyə strukturları Şərqlə bir qədər gec işləməyə başlayıb: "Burda tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və bunun üçün müəyyən baza yaratmaq lazımdır. Maliyyə resursları olan Azərbaycan, Qazaxıstan kimi ölkələrdə işləmək olar. Rusiya banklarında, o cümlədən VTB-də Şərq və Asiya bazarlarından vəsait cəlb etməkk təcrübəsi var".

Xatırladaq ki, bundan əvvəl Federasiya aqrar məhsullarımızın Rusiya bazarına çıxması üçün şərait yaradıb. Ancaq hələlik bu qərar daxili bazar üçün sərfəli deyil. Mütəxəssislər maliyyəmizin Rusiyanın bank sektoruna axınını da müsbət qiymətləndirmirlər. İqtisadi Təşəbbüslərə Yardım İctiami Birliyinin eksperti Samir Əliyev bildirdi ki, Rusiyanın VTB bankının rəhbərinin dedikləri gözlənilirdi: "Çünki Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edilməyə başlayanda xaricdən pul cəlb edə bilməyən maliyyə institularının və şirkətlərinin həm də Azərbaycana üz tutacağı gözlənilən idi. Göründüyü kimi, Azərbaycan və Qazaxıstan təsadüfən seçilməyib. Hər iki ölkənin kifayət qədər sərbəst neft pulu var. Bildiyimiz kimi, Şimal qonşumuz Azərbaycan Dövlət Neft Fondunun (ADNF) 500 milyon dollarlıq vəsaitinə sahib olub. Yəqin ki, əsas mənbə olaraq da məhz ADNF-nin vəsaitlərinə can atacaqlar".

İqtisadçının fikrincə, əsas donorlardan biri də ARDNŞ ola bilər: "ARDNŞ-in maliyyə bazarına daxil olması və resurslarının bir hissəsini ora yönəltməsi bankların vəsait əldə etmək imkanını artıra bilər. Göründüyü kimi, indiki şəraitdə iri banklarımızın Rusiya maliyyə bazarına çıxışı üçün şanslar yaranıb. Ancaq burda diqqətli olmaq lazımdır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov da hazırda Azərbaycanın maliyyəçi qismində çıxış etməsini məqbul görmür: "Rusiya bu gün münasibətləri normal olduğu ölkələrdən bank–maliyyə sektoruna əlavə vəsait cəlb etməyə cəhd göstərir. Azərbaycanda potensial maliyyə mənbəyi ARDNF hesab edilir. Bu günə qədər belə bir təcrübə var. ARDNF VTB- bankda 500 milyonluq səhm paketinə sahibdir. Rusiyada bəzi bankların Avropa maliyyə mənbələrindən təcrid olunması onların kredit portfelini formalaşdırmaqda diverfikasiya etmək kimi problemlə üz-üzə qoyub. Odur ki, Rusiya buna cəhd edəcək. Amma Azərabycan hazırkı şərtlər daxilində həmin bankların maliyyəçi rolunda çıxış etməyəcək. Çünki, hazırda dünyada siyasi konyektura onu göstərir ki, yaxın gələcəkdə Rusiya qarşı sanksiyalar daha da sərtləşdiriləcək. Sonda Rusiyanın maliyyə sektoruna ciddi mənfi təsirlər olacaq. Ona görə də hazirki şəraitdə Azərbaycan maliyyə mənbələrinin Rusiyanın maliyyə sektorunda iştirakı düzgün deyil. Digər sahələrdə ola bilər. Məsələn, daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsindən Azərbaycan istifadə edə bilər. Lakin maliyyə-bank sektorunda iştirak etmək hazırda risklidir. Düşünmürəm ki, hansısa siyasi məqsəd olmadığı təqdirdə Azərbaycan Rusiya bankının maliyyəçisi rolunda və ya onun səhmlərinin alışında iştirak etsin".

Sizin Reklam Yeriniz