Əlaqə Arxiv
news Image
2014.10.02
11:13
| A A A
Rusiyadan Azərbaycana göndərilən pullar azalır
Samir Əliyev: «Rublun ucuzlaşması Azərbaycana göndərilən vəsaitlərin həcminin azalmasına gətirib çıxaracaq» Rəşad Həsənov: «Rusiyadakı azərbaycanlıların gəlirlərinin azalması müşahidə olunur»

Şimal qonşumuzun valyutası ABŞ dolları qarşısında sürətlə dəyər itirməkdə davam edir. Artıq dollar sərbəst bazarda yenidən qalxaraq 40 rubl həcminə çatıb. Ekspertlər bildirirlər ki, bu vəziyyət Azərbaycandan da təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, Rusiyada əmək fəaliyyəti ilə, xüsusən ticarətlə məşğul olan xeyli sayda soydaşımız var və onlar mütəmadi olaraq Azərbaycandakı ailələrinə, yaxınlarına vəsait göndərirlər, onda rublun dəyərdən düşməsi birbaşa olaraq bu vəsaitlərin həcmində azalmalara gətirib çıxara bilər.  

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev vəziyyətlə bağlı Movqe.az-a açıqlamasında bildirib ki, rublun dəyərdən düşməsi həm Neft Fondunun gəlirlərinə, həm də ayrı-ayrı vətəndaşların vəsaitlərinə təsir göstərəcək: "Rusiya Azərbaycana qonşu dövlət və bundan əlavə əsas ticarət partnyorlarından biridir. Rusiya iqtisadiyyatındakı hansısa dəyişiklik, sanksiya Azərbaycana da mütləq təsirini göstərir.  Bu, həm müsbət, həm də mənfi təsir ola bilir. Məsələn, müsbət təsirdən danışanda onu qeyd edək ki,  bir müddət əvvəl Rusiyanın Avropadan kənd təsərrüfatı malları almaqdan imtina etməsi Azərbaycan femerlərinin işinə yaradı. Onlar məhsullarını rahatlıqla Rusiya bazarına çıxara bildilər. Rublun dəyərdən duşməsi isə mənfi nəticələrə gətirib çıxaracaq. Belə ki, Neft Fondunun Rusiyada 1 milyard dollardan çox aktivləri var.  Neft Fondu həm 500 milyon dollar həcmində rus rublunu,  həm də VTB bankının sənədlərini alıb. Artıq rus rublunun ucuzlaşması bizim 500 milyon dollarlıq rus rublunun dəyərsizləşməsinə gətirib çıxarır. 2014-cü ildə təxminən 17-18% ucuzlaşma hiss olunub. Bu o deməkdir ki, Neft Fondunun rubldan olan aktivi 18% dəyərini itirib. Bundan əlavə, VTB bankının səhmləri də  ucuzlaşır. Həm səhmlər özü ucuzlaşır, həm də sənədlər rubldan olduğuna görə dəyər itirir. 

Bu vəziyyətin vətəndaşlara da təsiri var. Ona görə ki, hər il Rusiyaya işləməyə gedən insanlar tərəfindən Azərbaycana milyonlarla dollar vəsait gəlir. Fikrimcə, rublun ucuzlaşması Azərbaycana göndərilən vəsaitlərin həcminin azalmasına gətirib çıxaracaq". 

İqtisadçının sözlərinə görə, üstəlik bu azalma təkcə rublla bağlı deyil:  "Rusiyada iqtisadiyyat bir qədər gərgin vəziyyətdə olduğuna görə, iş yerlərinin bağlanması, biznesin zəifləməsi baş verir. Bu baxımdan baş verən prosseslərin Azərbaycana mənfi təsiri gözləniləndir".  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov isə hesab edir ki, Rusiyada yaşanan gərgin vəziyyət ordakı azərbaycanlıların iş yerlərini itirmələrinə, ölkəyə qayıtmalarına səbəb ola bilər:  "Sözsüz ki, rublun dəyərini itirməsi ordakı vətəndaşlarımızın Azərbaycana göndərdikləri vəsaitin həcminə təsir göstərəcək. Çünki hazırda Rusiyada iqtisadi gəlirlilik olduqca aşağı düşüb. Bu səbəbdən Rusiyadakı azərbaycanlıların gəlirlərinin azalması müşahidə olunur. Təbii ki, gəlirlər azalırsa, bu amil ölkəyə göndərilən vəsaitlərə də öz təsirini göstərəcək. İndiki halda vəsaitləin həcmində azalma müşahidə olunacaq və iqtisadi gərgilik insanların iş yerlərini itirməsinə və ölkəyə qayıtmasına səbəb ola bilər".

 Ekspert bildirib ki, Azərbaycan bu məsələyə diqqətlə yanaşmalıdır: "Güman olunur ki, hökümət bununla bağlı tədbirlər görəcək. Görülə biləcək işlərdən biri Rusiyadan qayıdacaq vətəndaşlarımızın işlə təmin olunması ola bilər. Hökümət bununla bağlı konkrt qərarlar qəbul etməlidir". 


Sizin Reklam Yeriniz