Əlaqə Arxiv
news Image
2014.10.03
08:21
| A A A
Benzinin qiyməti ucuzlaşacaq
Zəfər Vəliyev: “Azərbaycanın yanacaq bazarı yaxşı olardı ki, beynəlxalq bazarın prinsiplərinə uyğunlaşdırılsın”

Məlumat verildiyi kimi qiyməti 97 qəpik olan "Premium Avro-95" benzini artıq 2 qəpik aşağı düşüb. Artıq üç gündür "Azpetrol" şirkəti "Premium Avro-95" markalı benzinini 95 qəpiyə satır. "Azpetrol" şirkəti bunu dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli qərarına əsasən, ölkəyə idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Bu, "Premium Avro-95" və "Super Avro-98" benzininin daxili bazarda sərbəst qiymətlərlə satışına imkan verir. İndi isə, "Azpetrol" şirkətinin arqumenti "Super Avro-98" benzininin də qiymətinin aşağı düşəcəyinə işarə edə bilər. Ekspertlərin fikrincə, bu, gözləniləndir.

Energetika məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirir ki, hazırda beynəlxalq neft bazarlarında qeyri-müəyyən vəziyyət yaranıb: "Artıq 1 aya yaxındır ki, neftin qiyməti durmadan düşür. Bütün yanacaq növlərinin qiyməti də aşağı düşüb. İkinci tərəfdən Avropanın enerji bazarında da vəziyyət çox qeyri-müəyyəndir. Çünki, ABŞ və Səudiyyə Ərəbistan Avropa bazarlarına ucuz qiymətə enerji daşıyıcıları ixrac edirlər. Bu fonda Aropada neft emal zavodları rəqabətə dözüm gətirə bilmirlər. Bu yaxınlarda Fransanın və İtaliyanın "Total" şirkətləri elan etdilər ki, vəziyyət belə davam edərsə, onlar tabeliyində olan bir neçə zavodları bağlamaq məcburiyyətində qalacaqlar".

Ekspert qeyd etdi ki, Azərbaycanda "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətini dövlət nizamlamır: "Bunların hər ikisi idxal olunur. "Aİ-95" markalı benzinin qiymətini 2 qəpik düşməsi normal haldır. Hətta qiymət qaldırılanda hesabat aparmışdıq. O vaxtı söyləmişdik ki, belə artım başa düşülən deyil. O dövrlər beynəlxalq bazarlarda yanacağın qiymətinin aşağı düşməsi müşahidə olunurdu. Təbii ki, yay mövsümündə dünyanın bir çox ölkələrində nəqliyyat mövsümü başlayır. Ona görə də enerji daşıyıcılarına olan tələbat artır. Yay mövsümündə dünyanın bütün ölkələrindəki neft emalı zavodları gücləndirilmiş iş rejimində işləyirlər. Ona görə də neftin qiyməti bahalaşır və neft marjı da artır. İndi isə payız-qış mövsümü ilə bağlı Avropadakı zavodların əksəriyyəti bir müddət əsaslı təmirə dayanırlar. Ona görə də neftə olan tələbat aşağı düşür. Bununla da qiymətlər enir. Qiymətlərin düşməsinin bir səbəbi də söylədiyimiz kimi, ABŞ və Səudiyyə Ərəbistanın dünya bazarlarına kifayət qədər neft ixrac etmələridir. Ancaq ölkəmizdə "Aİ-95" markalı benzinin qiyməti iki qəpik düşsə də belə, bu, yenə bahadır. Eyni zaman biz "Aİ-98" markalı benzinin qiymətinin də düşməsini gözləyə bilərik. Çünki, dünya bazarında qiymətlər aşağı düşür. Azərbaycanın yanacaq bazarı yaxşı olardı ki, beynəlxalq bazarın prinsiplərinə uyğunlaşdırılsın. Yəni, bütün qiymətlər neftin qiymətinə bağlansın".

Zəfər Vəliyevin fikrincə, qalan – dövlət tərəfindən tənzimlənən yanacaq qiymətlərində enmələr hələlik müşahidə olunmayacaq: "Çünki, Azərbaycanda neft-qaz çıxarma sənayesi bütövlükdə dövlətin nəzarətindədir. Ona görə də qiymətlər dövlət tərəfindən nizamlanır. Amma əslində, ölkə ərazisində neft məhsullarının qiyməti uzun müddət sabit qala bilməz. Bu, bazar prinsiplərinə zidd bir haldır. Hazırda vəziyyət elədir ki, Azərbaycanda neft məhsullarının qiyməti qonşu dövlətlərlə təxmini eynidir. Amma qiymət bazarda, birjalarda formalaşmalıdır. Birja Azərbaycanda yoxdur. Rusiyada isə var. Orada ölkə daxilində neft məhsullarının qiyməti məhz birja vasitəsi ilə tənzimlənir. Ona görə də Rusiyada regionlar üzrə neft məhsullarının qiymətləri fərqlidir. Azərbaycan neft ölkəsidir. Neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir. Amma yaxşı olardı ki, bizdə də qiymətlər birja vasitəsi ilə tənzimlənsin. Neftin qiymətinə uyğun neft məhsullarının qiyməti formalaşsın".

Sizin Reklam Yeriniz