Son vaxtlar Rusiyanın yeritdiyi məlum siyasətlə əlaqədar Azərbaycandan bu ölkəyə kənd təsərrüfatı məhsullarının xüsusi axını müşahidə olunmaqdadır. Artıq Rusiya bildirib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarından əlavə, ət məhsulları, konservlər də almaqda maraqlıdır. Bu, getdikcə iki ölkə arasında ticarət dövriyyəsinin artmasına da rəvac verir. Şimal qonşumuz ölkəmizdən daha çox məhsul almaqda da maraqlıdır. Rusiya İctimai palatasının beynəlxalq komissiyasının sədrinin müavini Serqey Markov bu fonda iki ölkə arasında münasibətlərin genişlənməsində maraqlı tərəf olduqlarına bəyan edir. O bildirir ki, Rusiya Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalını 80 faiz artıra bilər. Onun sözlərinə görə, bu mərhələdə Rusiya bazarlarına Azərbaycan kənd təsərrüfatı məhsullarının giriş infrastrukturunun yaradılması haqqında müzakirələr aparılmalıdır. Markov ehtiyac olduğu halda topdan satış çatdırmalarının və onların təminatı üçün Rusiyada Azərbaycan loqistik mərkəzlərinin yaradılmasının lazım olduğunu bildirib: "Avropa Birliyi ölkələrinin kobud səhvləri ona gətirib çıxaracaq ki, azad olmuş sektorlar başqa istehsalçılar tərəfindən ələ keçiriləcək. Bu isə AB ölkələri üçün çıxılmaz vəziyyət yaradacaq".
Aydındır ki, Rusiyaya ixracın bel əsürətlə artması qeyri-neft sektorunda yaşanan inkişafı bir qədər də sürətli hala gətirir.
İqtisadi Resursların
Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev
Movqe.az-a açıqlamasında bildirib ki, hazırkı situasiyada ölkədə
yeni müəssisələr yaradıla, işsizliyin aradan qaldırıması
istiqamətində müsbət nəticələr əldə edilə bilər: "Son dövrlər
Avropa sanksiyaları fonunda Rusiyanın Azərbaycan qida məhsullarına
ehtiyacının yaranması Azərbaycan üçün Rusiya bazarına geniş çıxış
imkanları verdi. Azərbaycan iqtisadiyyatının əsas
istiqamətlərindən biri ölkənin ixrac qabiliyyətini artırmaq, ixrac
yönümlü məhsulların istehsalını daha da genişləndirmək, idxalı əvəz
edən məhsulları daha da artırmaqdır. Bu çərçivədə Azərbaycan
üçün əsas hədəflərdən biri Rusiya və MDB ölkələri bazarıdır. İlkin
dövrdə Rusiya bazarına çıxışın genişlənməsi səbəbindən bugünkü
istehsal tələbatı tam ödəyə bilmədi. Nəticədə daxili bazarda
istehsal olunan məhsulların yerli bazara yönəlməsində qiymət artımı
müşahidə olundu. Amma hesab edirəm ki, Rusiya bazarına çıxışın
yaratdığı perspektivlər uzun müddət davam edərsə, əlaqələr daha da
genişlənər, Azərbaycandan məhsullar davamlı şəkildə Rusiya
bazarına gedərsə, ölkədə ixracyönümlü məhsulların istehsalı
genişlənər. Bu da sahibkarlar üçün yeni investisiyalar qoymaq
imkanlarının artmasına gətirib çıxaracaqdır. Bu, birbaşa olaraq
Azərbaycanda işsizliyin aradan qalxması üçün də imkanlar yaradacaq.
Regionlarda yeni-yeni istehsal müəssisələrinin açılması baxımından
yeni imkanlar yaranacaq ki, bu da iqtisadi inkişaf baxımından
xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar qeyri-neft sektorunun
inkişafı üçün imkanlar yaradır".
İqtisadçı Rusiyaya ixrac tələbatının artması ilə bağlı məhsulların istehsalının genişlənməsinin yerli bazar qiymətlərinə də təsir edəcəyini düşünür: "Onu da qeyd etmək lazımdır ki, Rusiyaya ixrac olunan məhsullara tələbatın artması ilə bağlı istehsal yeni subyektlərinin yaradılması və yaxud da mövcud olanların genişləndirilməsi nəticəsində artıq həm ixraca geniş imkan yaranacaq, həm də daxili bazar tam çeşidlə təmin olunacaq. Nəticədə yerli bazarda qiymətlərin də sabitləşdiyini görəcəyik".
İqtisadçı alim Əli Əlirzayev də
məsələyə eyni prizmadan yanaşır. İqtisadçı bildirir ki, kənd
təsərrüfatı məhsullarının istehsal həcminin artımı ümumi daxili
məhsulu artıracaq: "Bu zaman iqtisadiyyatın şaxələnməsi prosesi
daha sürətlə gedəcək, ölkənin neft sektorundan asılılığı azalacaq".