Əlaqə Arxiv
news Image
2014.10.04
08:48
| A A A
Ətin qiymətinin baha olmasının səbəbləri açıqlandı
Vahid Məhərrəmov: "Mal əti istehlakçıya gəlib çatana qədər bir neçə əldən keçir, ona görə də, diri çəkisi ilə kəsilmiş ətin qiymətində belə kəskin fərqlər olur" Murtuzəli Hacıyev: "Belə də olmalıdır"

Araşdırmalara görə, Azərbaycanda mal ətinin qiyməti hər kiloqrama görə, diri çəkidə 4-6 manata başa gəlir. Ətin bir kiloqramı isə 8-8,5 manata gəlib çıxır. Bu da onu göstərir ki, diri çəki ilə ətin öz qiyməti arasında fərq çox böyükdür.

Azərbaycanda onsuz da mal və qoyun ətinin qiyməti bahadır. Xüsusən də, bayram ərəfəsi dönəmlərdə bu sahədə qiymətlər daha da artır. Maraqlıdır, malın diri çəkisi ilə kəsilmiş ətin qiyməti arasında bu qədər yüksək fərqin olmasının səbəbi nədir?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, bunun səbəbi malın ilk əldən istehlakçıya gedib çatana qədər çoxsaylı əldən keçməsi məsələsilə bağlıdır: "Malın diri çəkisi ilə kəsildikdən sonra təmiz ət çıxışı təxminən 60-65 faiz civarındadır. Yəni 100 kiloluq heyvan kəsildikdə 65, ən yaxşı halda bir qədər yüksək kəsilmiş ətə malik olur. Bu proseslə məşğul olanlar da həmin amili nəzərə alırlar. Hətta elə hallar olur ki, çıxış 60 kq-dan da az olur. Bu onun köklüyü, sağlamlığı kimi amillərlə əlaqədardır. Azərbaycanda ümumiyyətlə, məhsulun maya dəyəri yüksəkdir. Diri çəkinin 4 manat olması olduqca yüksək həddir. Onu deyə bilərəm ki, əslində, diri çəkisi 4 manata başa gələn heyvanın bu gün satış qiyməti təxminən 7-7,5 manat civarında olmalıdır. Mal yetişdirənlər onu hardasa 6,5 manata satır. Yəni bu zaman hər kq-dan 50 qəpik əldə edirlər. Burada ən az gəlir götürənlər əlbəttə ki, fermerlərdir. Onlar il boyu heyvanı bəsləmək, ona xidmət etməklə daha az gəlir əldə edir, nəinki malı tədarük edən, rayonlardan şəhərə daşıyan və onu kəsib satan qəssablar. Yəni mal əti istehlakçıya gəlib çatana qədər bir neçə əldən keçir. Fermerdən onu alan bazara gətirir. Burada da tədarükçü alıb, onu böyük şəhərlərə gətirir. Sonra mal heyvan kəsimi ilə məşğul olan sahibkara verilir. Oda öz növbəsində malı qəssaba verir. Yəni mal əldən-ələ keçdikcə hər kəs öz marağını nəzərə alır. Marağına uyğun faiz hesabı ilə üzərinə müəyyən miqdar gələrək, onu satır. Belədə də iri və xırda buynuzlu malın qiyməti Azərbaycanda gəlib baha qiymətə satılır. İndi quzu ətinin qiyməti 12, mal ətinin qiyməti isə 8 manata başa gəlir. Bu da yüksək qiymət deməkdir. Belə hesablayanda mal əti 10 dolalrdan baha gəlir. Dünya ölkələrində mal ətinin kiloqramı üçün 10 dollar olduqca yüksək göstəricidir".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə diri çəki ilə kəsilmiş ət arasında ciddi qiymət fərqinin olmasını adi qarşıladı: "Belə də olmalıdır. Orada narazılıq yaradacaq ciddi bir şey yoxdur".

Sizin Reklam Yeriniz