Əlaqə Arxiv
news Image
2014.10.09
08:01
| A A A
Ticarətdə "tax free" sisteminin tətbiqi gecikir
Halbuki, bu sistemin tətbiqi ölkəyə turist axınını çoxaltmaqla yanaşı, yerli məhsulların xaricə aparılması prosesini də sürətləndirmək iqtidarındadır

Məlum həqiqətdir ki, bu gün dünyada turizm ticarətin inkişaf etdirilməsində "tax free" sistemi müstəsna rol oynayır. Elə bu səbəbdən sözügedən sistemin tətbiqində maraqlı olan ölkələrin sayı durmadan artır. Artıq Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyev hökumətə xarici turistlər üçün "tax free" sisteminin tətbiqi imkanına baxmağı tapşırıb: "Bu məsələlər yeni göstərişdə öz əksini tapıb. Bütün dünyada "tax free" kimi tanınan əlavə dəyər vergisinin qaytarılması məsələsini tətbiq etmək istəyirik. Mən hökumətdən yenə bu məsələyə qayıtmağı, təhlil etməyi xahiş etmişəm".Qeyd edək ki, dünyanın əksər ölkələrində tətbiq edilən "tax free" sistemi ölkə daxilində xarici vətəndaşlar tərəfindən alınan mallar üzrə ödənilmiş vergilərin hava limanlarında qaytarılmasını nəzərdə tutur. Bu, həm turizmin, həm ticarətin inkişafı baxımından cəlbedici rol oynayır. "Tax free" sistemində əsas etibarı ilə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması prosesi həyata keçrilir bu, malın mağazada alınmasından başlayır. Gələn turistlər ölkə vətəndaşı kimi vergi ödəyərək çekləri əldə edir. Burada alıcı üçün gömrük bəyannaməsi tərtib edilir. Bu sənəd verginin qaytarılması üçün əsas sayılır. Verginin qaytarılmasının rəsmiləşdirilməsi isə sərhəddə gömrükdə həyata keçirilir.Qaytarılan vergi müştərinin plastik kartına köçürülə və ya çek formasında onun elektron poçtuna göndərilə bilər. Pulun qaytarılması prosesi 3 ayadək davam edə bilər. Xidməti göstərən şirkətin saytında müştəri onun ƏDV-ni qaytarması ilə bağlı müraciətinin necə yerinə yetirildiyini izləyə də bilər. Ekspertlər qeyd edir ki, "tax free" layihəsində təkcə mağazalar yox, ödəmə terminalları da iştirak edə bilər. Dünya praktikasında "tax free" xidmətini müəyyən şirkətlər təqdim edir ki, verginin 1-2%-i xidməti göstərən təşkilata çatır, ƏDV-nin qalan hissəsi isə turistə qaytarılır. Azərbaycanda da "tax free" sisteminin tətbiqi zəruri sayılır. Düzdür, bunun tətbiqi müəyyən vaxt tələb edir. Bütün sərhəd məntəqələrində ödənilən verginin hesablanması və geri qaytarılması ilə bağlı yeni məntəqələr açılmalıdır. Həmçinin, bu tip sistemin tətbiqi vergi sistemində də yeni islahatların aparılmasını tələb edir. Lakin istənilən halda bu istiqamətdə atılan addım turist axınını artıra, həmçinin, gələn turistin daha çox alış-veriş etməsiən stimul yarada bilər. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, islahatın tətbiqi turistlərin xərclərinin ölkə daxilində 50 faizə qədər artmasına səbəb olur.Beləliklə, "tax free" Azərbaycanda tətbiq olunarsa, həm ölkəyə turist axını çoxalar, həm də yerli məhsulların xaricə aparılması prosesi artar.Ümumiyyətlə, bu sistemin həyata keçirilməsində bir neçə məqsəd var. Birinci məqsəd, təbii ki, turistlərin cəlb olunmasıdır. İkinci məqsəd isə, ölkə daxilində istehsal olunan məhsulların satışının stimullaşdırılmasıdır. Azərbaycanda da "tax free"nin tətbiq olunmasının arzuolunan bir hal olduğunu vurğulayan ekspertlər qeyd edir ki, yerli məhsulların xaricə aparılması prosesinin genişlənməsi baxımından da belə bir təcrübəni tətbiq etmək məqsədəuyğundur .Azərbaycanda isə hələlik rüsumsuz ticarət mağazalarının fəaliyyətinə xüsusi diqqət yetrilir. Xatırldaq ki, ötən il Nazirlər Kabineti "Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları"nı təsdiq edib. Qaydalara əsasən, belə mağazada idxal gömrük rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə üçün nəzərdə tutulan mallar satılacaq. Mağazanın fəaliyyətinə nəzarət onların yaradıldığı ərazi üzrə gömrük orqanı tərəfindən həyata keçirilir. Mağazanın yaradılmasına icazə Dövlət Gömrük Komitəsi tərəfindən verilir.

Sizin Reklam Yeriniz