Onun sözlərinə görə, investisiya ölkənin makroiqtisadi
inkişafının ən vacib göstəricisidir: "Cari ilin il 9 ayında
Azərbaycan iqtisadiyyatına 19 milyard dollar investisiya yatırılıb,
bunun 8 milyard dolları xarici investisiyalardır. Çətin ki, dünyada
investisiyaların belə səviyyədə olduğu daha bir ölkə tapmaq mümkün
olsun. Bununla yanaşı, 2014-cü il üçün təqribən 20 milyard dollar
həcmində kapital qoyuluşu proqnozlaşdırılıb, yəni biz cari
göstərici nəzərə alınmaqla investisiya proqnozunu ilin sonunadək
üstələcəyik".
O.Haqverdiyevin fikrincə, Azərbaycanda makroiqtisadi vəziyyət
dünyada davam edən maliyyə-iqtisadi böhran fonunda nadir
istisnadır. Eyni zamanda, ekspert dünya bazarlarında neftin
qiymətinin azalması dinamikasından narahatlığını ifadə edib:
"Neftin qiyməti hazırda Azərbaycan iqtisadiyyatı üçün yeganə
narahatlıq doğuran məqamdır. Məsələn, 2008-ci ildə neftin qiyməti
azalanda dövlət büdcəsinin kəsiri 1,5 milyard manat təşkil edib.
Düşünmürəm ki, bizi belə sonluq gözləyir, lakin gələn il neftin
qiymətinin azalma tendensiyası davam edərsə, 2015-ci il üçün
proqnozlarımıza yenidən baxmalı olacağıq".
O vurğulayıb ki, bu cür tendensiyaya baxmayaraq, 2014-cü il
dövlət büdcəsinin proqnozlarının icra edilməməsindən söhbət gedə
bilməz: "Birinci yarımillikdə və hətta üçüncü rübün əvvəlində
neftin qiyməti hökumətin müəyyənləşdirdiyi optimal həddən - 100
dollardan (dövlət büdcəsinə daxil edilmiş) yüksək idi. Yəni biz
ilin əvvəlindən müəyyən ehtiyat topladıq. Neft planlaşdırılandan
daha yüksək məbləğə satıldı. Üstəlik, əgər Azərbaycan neftinin
qiyməti ilin sonunadək indiki 90-95 dollar səviyyəsində qalarsa, o
zaman orta illik qiymət 100 dollardan aşağı düşməyəcək".
Ekspert əlavə edib ki, gələn il Azərbaycan üçün neftin optimal qiyməti də 100 dollar olacaq, lakin qiymət azalması tendensiyası davam edərsə, ona yenidən baxılacaq.
Onun fikrincə, bu fonda qeyri-neft sektoru iqtisadiyyatda payını təqribən 6-7 faiz artırmağa davam edəcək: "Biz ümid edirik ki, 2015-ci ildə qeyri-neft sektoru dinamik inkişaf edəcək, buna rəğmən, neft-qaz sənayesi əsasdır və neftin qiymətindən asılılıq hələ hiss edilməkdədir. Buna baxmayaraq, Azərbaycanın 53 milyard dollarlıq qızıl valyuta ehtiyatı qismində tutumlu maliyyə "təhlükəsizlik yastığı" var. Həmin ehtiyatlar ölkənin xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Və biz bu göstərici üzrə MDB-nin bütün ölkələrini qabaqlayırıq".