Əlaqə Arxiv
news Image
2014.10.16
08:42
| A A A
Sənayeləşmə siyasəti müsbət nəticələrini verir
Vüqar Bayramov: “Sənayeləşmənin ən spesifik cəhəti ondan ibarətdir ki, Azərbaycanda sənaye məhsullarının 80%-dən çoxu özəl sektorun payına düşür”

Azərbaycanda sənaye sektorunun inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu fonda cari il ərzində görülən işlərin miqyası daha da artıb. Hazırda maraq doğuran məsələlərdən biri isə Azərbaycanın sənaye sahəsində qabaqcıl təcrübəsi olan ölkələrlə birgə sənaye müəssisələri yaratmasıdır. Bu xüsusda Rusiya ilə birgə sənaye müəssisələrinin yaradılması indiki şəraitdə daha asan və məqbul görünür.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, 2014 - "Sənaye ili"ndə ən böyük məqsədlərindən biri sənayenin inkişafına nail olmaqdır: "Yalnız qeyri-neft sektoru deyil, nef sektorunun, hətta aqrar sektorun emaledici sferasının inkişafına nail olmaqdan ibarədir. Odur ki, sənayeləşmə iqtisadiyyatın bütün sferalarını əhatə edir. Azərbaycanda sənayeləşmənin dəstəklənməsi həm də iqtisadiyyatın diverfikasiyası baxımından əhəmiyyətlidir. Ümumilikdə 2014-cü ilin 9 ayında sənayenin inkişafını müsbət qiymətləndirmək olar. Çünki, ötən 9 ayda 25.2 milyard manatlıq sənaye məhsulları istehsal olunub. Onların 72%-i enerji sektorunu əhatə edib. Eyni zamanda emal bölməsində istehsal həcmi təxminən 22% olub. Emal bölməsi əsasən qeyri-neft sektorunun payına düşür. 9 ayda ən pozitiv məqam ondan ibarətdir ki, qeyri-neft sektorunda sənayenin inkişafı 6% yüksəlib. Baxmayaraq ki, neft-qaz sektorunda həmin müddətdə 2% azalma qeydə alınıb. Ancaq qeyri-neft sektorunda sənayenin inkişafının 6% yüksəlməsi ÜDM-da inkişaf tempinin qorunub saxlanılmasına imkan verib. Sənayeləşmənin ən spesifik cəhəti ondan ibarətdir ki, Azərbaycanda sənaye məhsullarının 80%-dən çoxu özəl sektorun payına düşür. O baxımdan sənayeləşmə həm də iqtisadiyyatın liberallaşması deməkdir. Sənayeləşmədə özəl sektorun payı artdıqca, bu, daha liberal münasibətlərin formalaşmasına gətirib çıxarır".

Ekspert əlavə etdi ki, "Sənaye ili"nin uğurla həyata keçirilməsi üçün ölkə Prezidenti tərəfindən həm göstərişlər verilib, həm də sənədlər imzalanıb: "Prezident bir neçə gün öncə Azərbaycanda sənaye parklarının yaradılması ilə bağlı sənəd imzaladı. Bu, ondan xəbər verir ki, sənayeləşməyə yalnız Azərbaycan iqtisadiyyatının inkişafı deyil, həm də ölkədə regional inkişafın əsası kimi baxmaq lazımdır. Sənayeləşmənin əsas məqsədlərindən biri inkişafın paytaxtdan regionlara transfer olunmasından ibarətdir. Rayonlarda sənaye məhəllələrinin yaradılması hər bir rayonda sənayenin inkişfına nail olmaqdan xəbər verir. Çünki, hər bir rayonun sənayenin inkişafı baxımıdan özünə məxsus potensialı var. Bu regionların inkişafına, ölkə iqtisadiyyatında regionların payının artmasında rol oynayacaq. Prezident eyni zamanda aqroparkaların yaradılması ilə bağlı göstəriş verib. Aqroparkların yaradılması aqrar sektorda emaledici sferanın formalaşdırılmasına, inkişafı anlamına gəlir. Artıq istehsalın innovasiya ilə birləşməsinə və elm-tədqiqat müəssisələrinin istehsal prosesinə cəlb edilməsinə imkan yaradacaq".

Vüqar Bayramov bildirdi ki, növbəti illərdə də sənayenin inkişaf etdirilməsi üçün əlavə bir sıra tədbirlərin görülməsinə ehtiyac var: "İlk öncə xüsusi iqtisadi zonaların yaradılması prosesinin başa çatdırılmasına nail olunmalıdır. Bölgələrdə xüsusi iqtisadi rayonların yaradılması bölgələrə həm də xarici investisiyaların daxil olmasına imkan verəcək. Rəqabət Məcəlləsinin qəbul edilməsi, sənayenin inkişafı baxımından hüquqi bazanın təkmilləşdirilməsi, sənaye sektorunda xalis rəqabətin müdafiə edilməsi vacibdir. Ölkə başçısının ötən müşavirələrdə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqları da hüquqi bazanın təkmilləşməsinin vacibliyini göstərir. 7 il müddətinə vergidən azad edilən texnoparkların, klasterlərin regionlara transfer edilməsinə ehtiyac var. Sənayeləşmədə həm də xarici investisiyanın cəlb edilməsi olduğu üçün elektron hökumətin tam formalaşmasının başa çatdırlmalıdır. Avropada olduğu kimi bütün proseduraların elektronlaşdırılmasına ehtiyac var. Elektron imza regionları əhatə etməlidir. Ölkə Prezidenti həmçinin, "Sənaye ili"ndə kommersiya banklarının real sektorun maliyyələşdirməsində aktiv olmalarını ilə bağlı göstəriş vermişdi. Hazırda kommersiya banklarını ümumi kredit portfelinin 15%-i real sənaye sektoruna yönəldilib. O baxımdan kommersiya banklarının real sektora daha çox güzəşt etməsinə ehtiyac var. Bunlardan başqa, ixrac qabiliyyəti yüksək olan şirkətlərə ixrac həcminə uyğun olaraq subsidiyaların verilməsi sisteminin tətbiq edilməsi vacibdir. Regionlarda sənayenin inkişafının stimullaşdırılması üçün Azərbaycanda differensial vergi sisteminə yenidən baxılması məqsədəuyğundur. Ümumilikdə görülən işlə müsbətdir. Sənayeləşmə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası daxilində Azərbaycan hökuməti tərəfindən prioritet elan edilən sektordur".

Sizin Reklam Yeriniz