Əlaqə Arxiv
news Image
2014.10.18
09:17
| A A A
Neftin büdcə qiyməti məqbul sayıldı
Zəfər Vəliyev: “Gələn il üçün neftin qiymətininn 90 dollardan aşağı düşəcəyi elə də güclü əsasda proqnozlaşdırılmır” Vüqar Bayramov: “Büdcədə neftin bir barrelinin 90 dollardan müəyyənləşdirilməsi heç də faciəvi hal deyil”

Dünya miqyasında neftin qiymətinin enməsi fonunda, Azərbaycan "qara qızıl"ının qiyməti də hazırda 90 dollardan aşağı düşüb. Bu enmə tempinin hələ bir müddət davam edəcəyi də gözlənilir. Belə bir vaxtda gələn il büdcəsində neftin bir barrelinin qiymətinin 90 dollardan götürülməsi planlaşdırılır. Bir sıra ekspertlər isə bu həddin risqli olduğu qənaətindədir. Cərəyan edən proseslər də belə bir risqin olduğunu düşünməyə əsas verir. Maraqlıdır, bu fonda gözləmək olarmı ki, Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı neftin bir barreli üçün qiymət 90 dollardan da aşağı hesablansın?

Ekspert Zəfər Vəliyev gələn il büdcəsində neftin 1 barrelini 90 dollardan da aşağı götürməyə ehtiyac olmadığı qənaətindədir: "Gələn il üçün neftin qiymətininn 90 dollardan aşağı düşəcəyi elə də güclü əsasda proqnozlaşdırılmır. Artıq yenidən neftin qiymətində qalxmalar müşahidə olunur. Bu gün (dünən-red.) Nyu-York birjasında Layt markalı neftin bir barreli 81 dollar təşkil edib. Brent markalı neftin London birjasında satış qiyməti isə 85 dollardan yuxarıdır. Aparıcı banklar və investisiya şirkətlərinin verdiyi proqnozlara görə, gələn il üçün neftin ortalama qiyməti 100 dollar civarında olacaq. Azərbaycan üçün isə neftin qiymətinin 90 dollardan olması elə də təhlükəli hal deyil. Hər bir neft hasil edən dövlətlər üçün neftin öz qiyməti var. Azərbaycan şəraitində neftin qiyməti hər barrelə görə 90 dollardırsa, bu ölkəmiz üçün böhran hədd deyil. Dünya bazarında 90 dollardan aşağı olanda, əsas itki və ciddi maliyyə problemi ilə üzləşəcək iki dövlət var - Rusiya və İran. Hər iki dövlətdə neftin böhran həddi hər barrelə görə 90 dollardan yuxarıdır. Gələn il üçün Azərbaycanda neftin qiymətinin 90 dollardan götürülməsi normal haldır. Çünki, gələn il üçün də büdcənin 50 faizindən çoxu Dövlət Neft Fondundan edilən transferlər əsasında formalaşacaq. Gələn il üçün dövlət büdcəsində neftin qiyməti 90 dollar civarında olarsa, büdcəmiz təhlükə ilə üzləşməyəcək. Amma xərclər hissəsinə gəldikdə, dünya bazarında neftin qiyməti aşağı düşərsə, müəyyən investisiya xərclərində ixtisarlara gedəcəyik. Elə investisiya xərcləri olacaq ki, müəyyən müddətə təxirə salınacaq və büdcənin xərc hissəsi ciddi nəzarətə götürüləcək".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da büdcədə neftin 1 barrelinin 90 dollardan aşağı götürüləcəyini proqnozlaşdırmır: "Son zamanlar neftin dünya bazarındakı qiymətlərdə dəyişiklər müşahidə edilir. Bu istiqamətdə azalma olsa da, standart olaraq nə artır, nə də azalır. Hətta son günə qədər dünya bazarında neftin qiymətində azalma müşahidə olunsa da, amma bu gün (dünən-red.) neftin dünya bazarındakı qiymətində 1 faizdən artıq bahalaşma qeydə alınıb. Bu, özünü Azərbaycan neftində də göstərib. Bütövlükdə Azərbaycan neftinin qiyməti təxminən 85 dollardır. Bu da qiymətdə azalmaların olmasından xəbər verir. Bir illik proqnoz ondan ibarətdir ki, hər barreli 95 dollardan bağlanır. Deməli, 2015-ci ilin sonu üçün nəzərdə tutulan müqavilələrdə neftin dünya bazarında qiymətində artımların olacağı əksini tapıb.

Büdcə layihəsi ilə bağlı qərar ölkəmizdə Milli Məclis tərəfindən verilir. Parlament bu əsasda layihəyə müəyyən dəyişikliklər etmək hüququna malikdir. Güman edirəm ki, parlamentdə müzakirələr zamanı ən çox müzakirə ediləcək məsələlərdən biri də neftin büdcədə qiymətilə bağlı olacaq. Nəzərə alaq ki, büdcənin cari ildə 50,3 faizi neft fondundan daxil olmalardan, 39 faizə qədəri isə vergidən formalaşıb, bu o deməkdir ki, 89 faiz praktik olaraq təmin olunmuş gəlirlərdir. Büdcəmizin ancaq 10 faizi dünya bazarında netfin qiymətindən asılıdır. Ona görə də, büdcədə neftin bir barrelinin 90 dollardan müəyyənləşdirilməsi heç də faciəvi deyil. Məsələ ondan ibarətdir ki, qiymətin dəyişməsi bütövlükdə büdcənin yenidən hesablanmasına gətirib çıxara bilər. Bu, hər halda parlamentin hüququdur. Amma güman edirəm ki, parlament büdcədə neftin bir barrelini məhz 90 dollardan müəyyənləşdirəcək".

Sizin Reklam Yeriniz