Əlaqə Arxiv
news Image
2014.10.28
09:16
| A A A
Azərbaycanın Rusiya enerji bazarında mövqeyi güclənir
Zəfər Vəliyev: “Həmin zavodun Azərbaycana hansı dividendləri gətirəcəyi hesablanmalıdır”

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiya Federasiyasının Novorossiysk şəhərinin yaxınlığında Kuban Neft Emalı Zavodunun (NEZ) tikintisi layihəsində iştirak etmək haqqında danışıqlar aparır. Məqsəd Azərbaycan neftinin NEZ-ə vurulması və sonra neft məhsullarının Rusiya treyderləri vasitəsilə satışıdır.

Məlumat üçün bildirək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən sammitində Azərbaycanın Kuban NEZ-in tikintisində investisiya iştirakı müzakirə olunub. Layihə ilə bağlı ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev hələ də onlarda təfərrüfatlı məlumatın olmadığını bildirir.

Energetika məsələləri üzrə ekspert Zəfər Vəliyev isə deyir: "May ayında Sankt-Peterburqda Beynəxalq İqtisadi Forumda ARDNŞ və "Rostneft" arasında neft və qazın kəşfiyyatı, hasilatı ilə bağlı bir anlaşma imzalandı. Bu anlaşmaya əsasən, ARDNŞ və "Rostneft" arasında paritet əsasda birgə müəssisənin yaradılması ilə bağlı müqavilə imzalanıb. Orada nizamnamə kapitalının müəyyən olunması məsələsi növbəti danışıqlar mərhələsinə keçirilmişdi. Bildiyimiz kimi, bu yaxınlarda "Rostneft"in prezidenti İqor Seçin Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində gələcəkdə neft və qaz yataqlarında ARDNŞ ilə "Rostneft"in birgə layihələrinin reallaşması məsələləri müzakirə olundu. Həmçinin, Azərbaycan energetika naziri Natiq Əliyev də belə bir açıqlama verdi ki, ARDNŞ və "Rostneft" arasında Kuban NEZ-nin tikintisində ARDNŞ-nin iştirakı ilə bağlı danışıqlar aparılır. Kuban NEZ Novorossiysk yaxınlığındadır. Novorossiysk Rusiyanın Qaradəniz kəsimində ən böyük terminallardan hesab olunur. Amma danışıqların hansı sonluqla başa çatması barəsində dəqiq məlumat yoxdur."

Ekspert əlavə etdi ki, Rusiyanın Qaradəniz kəsiminə yaxın ərazidə 5 NEZ var: "Onlardan biri "Tuapse" zavodudur. Onun illik emal gücü 15 milyon tondur. Nəzərə almaq lazımdır ki, son illərdə "Tuapse" NEZ-də rekonstruksiya və modernləşdirmə işləri aparılır. Orada neftin emal dərinliyi artıq 80%-dən yuxarıdır. İkinci NEZ "Akinski"dir. Bunlardan başqa, "Afipski" və Krasnodar enerji kampaniyasının tabeliyində olan "İlski" NEZ-lər də var. Bu ərazidə həmçinin, digər NEZ-lərdə fəaliyyət göstərir. ARDNŞ-nin o layihədə iştrakı məsələsi təfərrüatları barədə məlumat olmasa da, Kuban NEZ-ə emal üçün Azərbaycan nefti veriləcək. Ancaq maraqlısı budur ki, Azərbaycan tələb olunan həcmdə nefti verə biləcəkmi? Bundan başqa, hələlik zavodun emal gücü də göstərilməyib. Ən əsası isə Qərbin Rusiyaya sansksiya tətbiq etdiyi dövrdə belə bir zavodun tikintisinin nə qədər rentabelli olacağı maraqlıdır".

Zəfər Vəliyev bildirdi ki, ora gedən neft bizim şimal ixrac - Bakı-Novorossiysk kəməri vasitəsi ilə ixrac olunan neftin bir hissəsi olacaq: "Amma emal nəticəsində alınan neft məhsulları Rusiya treyder şirkətləri tərəfindən satılacaq. Nəzərə alaq ki, son dövrlər Avropanın NEZ-lərinin böüyük əksəriyyəti rentabelliyini aşağı olması ilə bağlı fəaliyyətlərini dayandırmaq təhlükəsi ilə üz-üzə qalıblar. Hazırda Avropanın yanacaq-enerji bazarlarında Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən kifayət qədər aşağı qiymətə neft məhsulları ixrac olunur. Ona görə Avropa ölkələri ərazilərindəki NEZ-lərdə neft marjı aşağı düşüb. Bu baxımdan həmin NEZ-in tikilməsi və onun nə dərəcədə rentabelli olması maraqlıdır. Amma Avropa ilə Rusiya və Azərbaycanın neft marjı, NEZ-in rentabelli işləməsi məsələsində müəyyən fərqliliklər mövcuddur. Yəni, Rusiya və Azərbaycanda neftin emalına ayrılan xərclərlə Avropadakı xərclər arasında müəyyən fərq var. Bütün hallarda həmin ərazidə ARDNŞ paritet əsasda iştirak edəcəksə, ilk öncə bazarları da müəyən olunmalıdır. Eyni zamanda həmin zavodun Azərbaycana hansı dividendləri gətirəcəyi hesablanmalıdır. Bunlar hələlik açıq qalan məsələlərdir".

Sizin Reklam Yeriniz