Əlaqə Arxiv
news Image
2014.10.29
08:05
| A A A
Azərbaycan yenə neft bazarının əsas oyunçularından biri olaraq qalacaq
İlham Şaban: “Belə çıxır ki, hələ bizdə neft erası bitməyib” Zəfər Vəliyev: “ARDNŞ-nin neft siyasətində diqqət yetirdikdə, deyə bilərik ki, yaxın 10 ildə Azərbaycanda neft hasilatı 40 milyon ton səviyyəsində saxlanılacaq”

Məlumdur ki, Azərbaycan 2009-cu ildə neft hasilatının rekord göstəricisinə nail oldu. Həmin dövrdə 50 milyon ton neft hasil edildi. Ancaq ondan sonra yenidən hasilatda azalmalar başladı. Bununla bağlı iddialar səsləndirilirdi ki, Azərbaycanda neft hasilatının azalmasına səbəb neft ehtiyatlarının azalmasıdır. Ancaq Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik Konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin açıqlaması bu iddiaları alt-üst etdi. O, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,55 trilyon kubmetr, ölkənin təsdiq edilmiş neft ehtiyatlarının isə 2 milyard ton səviyyəsində olduğunu bildirdi. Göründüyü kimi, qeyd olunan rəqəmlər neft ehtiyatının kifayət qədər olduğunu göstərir ki, bu da hasilatı atırmağa imkan verir. Məhz belə bir vaxtda ABŞ-ın məşhur "Goldman Sachs Group" bankı 2015-ci ildə OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatının artacağını proqnozlaşdırıb. Onların proqnozuna görə, gələn il Şimali Amerika hüdudlarından kənarda yerləşən ölkələrdə, o cümlədən Braziliya və Azərbaycanda neft hasilatı artacaq. Hətta bank analitiklərin fikrincə, Səudiyyə Ərəbistanının, Braziliyanın, Şimali Amerikanın, eləcə də Azərbaycanın hasilatı artırması 2015-ci ildə bazarda təklifi yüksəldəcək.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, cari ilin ortasında BP-nin hesabatında Azərbaycanın neft ehtiyatları 1 milyard ton göstərilib: "Amma Xoşbəxt Yusifzadənin söylədiyi rəqəmlər iki dəfə çoxdur. Bu da hansısa yataqların hesabına olmalıdır. Hələlik bu yataqlar açıqlanmayıb. Ancaq Xoşbəxt müəllimin dediyi rəqəmlər boş yerə deyilə bilməz. Hansısa geoloji tədqiqatların əsasında deyilib. Son 1 ildə şimal, şimal-qərb bölgəsində kəşfiyyatla bağlı layihələr keçirilib. Vitse-prezidentin sözlərindən belə çıxır ki, hələ bizdə neft erası bitməyib. Ancaq Azərbaycanda hasilatın artması yönümdə bizdə məlumat yoxdur. Hətta hasilatın azalma təhlükəsi var. Bunun dövlət statistika komətisənin məlumatları da təsdiq edir. Məsələn, ötən ilin 9 ayı ilə müqayisədə Azərbaycanın neft hasilatında 300 min ton azalma var. Bunun növbəti ildə də azalacağı proqnozlaşdırılır".

Energetika məsələləri üzrə digər ekspert Zəfər Vəliyev bildirdi ki, söylənilən qaz ehtiyatları haqqında fikir demək olar: "Amma neft ehtiyatları haqqında dəqiq fikir söyləmək mümkün deyil. Elə 2014-cü ilin əvvəlində BP-nin yaydığı hesabatda göstərilir ki, Azərbaycanın neft ehtiyatları 1 milyard ton civarındadır. Xoşbəxt Yusifzadə Azərbaycanın su və quru yataqlarındakı neft ehtiyatları barədə kifayət qədər təflisatlı məlumata malik olan şəxsdir. Xoşbəxt Yusifzadə ötən il müsahibəsində Xəzərin dənizinin dərin laylarında daha zəngin neft yataqlarının olması barədə də fikir bildirmişdi. Amma dərin yataqlarda neft kəşf edilərsə, onun maya dəyəri yüksək olacaq. Bundan başqa, orada hasilat-qazma işləri də çətin məsələdir".

Ekspert qeyd etdi ki, Azərbaycanın neft hasilatının ən yüksək həddi 2009-2010-cu illərdə olub: "Həmin vaxt neft hasilatımız 50 milyon tondan yüksək olmuşdu. Ondan sonra isə neft hasilatı 2013-cü ilə qədər 7 milyon ton aşağı düşüb. Ötən il Azərbaycanda neft hasilatı 43 milyon ton təşkil edib. Bunun gələcəkdə necə olacağın proqnoz etmək çətindir. Amma ABŞ-ın "Goldman Sachs Group" bankının vediyi məlumata görə, 2015-ci ildə Azərbaycanda neft hasilatı artacaq. Necə artacağı barədə isə məlumatlar yoxdur. Ümumilikdə ARDNŞ-nin neft siyasətində diqqət yetirdikdə, deyə bilərik ki, yaxın 10 ildə Azərbaycanda neft hasilatı 40 milyon ton səviyyəsində saxlanılacaq".

Sizin Reklam Yeriniz