Əlaqə Arxiv
news Image
2014.10.30
07:29
| A A A
Biznes kreditlərin faiz dərəcəsində ciddi ucuzlaşma gözlənilir
Əli Məsimov: “Müəyyən tədbirlərə əl atmaqla biznes kreditlərinin faiz dərəcəsini birrəqəmli həddə endirmək mümkündür” Rəşad Həsənov: “Neft Fondunun vəsaitlərinin müəyyən bir qisminin ölkəyə gətirilərək onun aşağı faizlərlə təklif edilməsi məqsədəuyğundur”

Bu gün hökumətin xüsusi maraq dairəsində yer alan məsələlərdən biri də bankların əhaliyə daha çox biznes kreditləri təqdim etməsidir. Çünki, bu, iqtisadiyyatın inkişaf dinamikasını daha sürətli hala gətirir. Əhalinin isə belə kreditlərə marağının artması üçün onun faiz dərəcələrinin aşağı salınması vacib sayılır. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edir ki, qısamüddətli perspektivdə respublikada biznes kreditləri üzrə dərəcələrin birrəqəmli səviyyəyə qədər azalmasını gözləmək olar. Onun sözlərinə görə, artıq biznes kreditləri üzrə faizlər 10,8-10,9% arasındadır: "Hazırda biznes kreditləri üzrə dərəcələr 10,8-10,9% səviyyəsindədir. Biz bençmarka yaxınlaşırıq və mən çox arzu edirəm ki, yaxın vaxtlarda biznes kreditləri üzrə dərəcələr də birrəqəmli səviyyədə olsun. Dərəcələr nə qədər aşağı olarsa, iqtisadiyyatın real sektoru bir o qədər ucuz vəsaitlərə malik olacaq".

Faiz dərəcəsinin bir rəqəmli olması, istər-istəməz daha çox sahibkarın öz istehsalını yaratmaq, yaxud da genişləndirmək üçün banka müraciət etməsinə imkan verəcək. Amma məsələ ondadır ki, banklar hələlik krediti əhaliyə iki rəqəmlə ölçülən faizlərlə verir. Bu fonda gözləmək olarmı ki, Mərkəzi Bank biznes krediti üzrə faiz dərəcəsini birrəqəmli həddə salmaq üçün təsir rıçaqlarını işə salsın, yaxud bu yöndə digər addımlar atsın?

İqtisadçı millət vəkili Əli Məsimov müəyyən tədbirlərə əl atmaqla biznes kreditinin faiz dərəcəsinin birrəqəmli həddə endirilməsinin mümkün olduğu qənaətindədir: "Elman Rüstəmov kifayət qədər savadlı insandır. Biznes kreditinin faiz dərəcəsinin birrəqəmli həddə salınmasının mümkünlüyünü deyibsə, bu istiqamətdə iş görə biləcək. İqtisadiyyatda istehsal sahələrinin inkişaf etdirilməsi kimi aktual məsələnin həllini sürətləndürməkdən ötrü, əlçatan biznes kreditləri olmalıdır. Bu nöqteyi-nəzərdən Elman Rüstəmovun qaldırdığı bu məsələni vacib hesab edirəm. Amma o problemi həll etmək üçün sistemli şəkildə islahatlar aparılmalıdır. O islahatlar 2015-ci ilin yanvarın 1-dən bankların nizamnamə kapitalının artırılması istiqamətində atılacaq addımla başlamalıdır. Digər tərəfdən, rəqabət mühitinin yaradılması, bu sistemdə hamıya məlum çatışmazlıqların aradan qaldırılması istiqamətində islahat xarakterli kompleks tədbirlər həyata keçirilməlidir. Yəni, nizamnamə kapitalının artırılması istiqamətində atılan addımlar faiz dərəcəsinin aşağı salınmasına yönəlik tədbirlərlə tamamlanmalıdır".

Ekspert Rəşad Həsənov isə məsələyə belə münasibət bildirir: "Hesab etmirəm ki, hazırki vəziyyətdə biznes kreditlərinin faiz dərəcəsini birrəqəmli həddə endirmək mümkün olsun. Bunun üçün bankların kredit portfelinin formalaşmasını göz önünə gətirmək lazımdır. Azərbaycanda bankların kredit portfelinin təxminən 55-60 faizi əhalidən alınan əmanətlərdən formalaşır. Əmanətlər isə hazırda banklar tərəfindən 9 faiz qorunan, 11-12 faiz isə sığortalanmayan şərtlərlə cəlb olunur. Belədə, həmin vəsaitlərin birrəqəmli faiz dərəcəsinlə real sektora təklif edilməsi hesab edirəm ki, hələlik mümkün deyil. Lakin bununla belə, həmin istiqamətdə müəyyən işlər görülməli, addımlar atılmalıdır ki, həqiqətən də, biznes krediti onu almaq istəyənə birrəqəmli faizlə verilsin. Müxtəlif maliyyə mənbələrindən istifadə etməklə, həmçinin, Mərkəzi Bankın öz valyuta ehtiyatlarını bank sektorunun maliyyələşməsi prosesində daha aktiv şəkildə cəlb edilməsi, uçot dərəcəsinin azaldılması nəticəsində bu istiqamətdə hər hansı bir irəliləyiş əldə etmək olar. Amma hazırki şərtlər daxilində biznes kreditinin faiz dərəcəsinin bir rəqəmli həddə endirilməsi mümkün deyil. Bundan başqa, ölkənin valyuta ehtiyatları, xüsusilə Neft Fondunun vəsaitlərinin müəyyən bir qisminin ölkəyə gətirilməsi, onların daxili maliyyə institutlarında yerləşdirilərək, Azərbaycanın real sektorunu dəstəkləmək məqsədilə aşağı faizlərlə təklif edilməsi məqsədəuyğundur. Çünki, hazırda görürük ki, bu vəsaitlərin idarə edilməsindən əldə olunan gəlir kifayət qədər aşağıdır. Bu təxminən 1 faizin altında olan rəqəmlərlə ifadə olunur. Belə bir vəziyyətdə isə ölkədə biznes qurumları yüksək faiz dərəcələrindən istifadə edir. Bu mənada qanunvericiliyə müəyyən düşəlişlər etmək şərtilə Neft Fondu vəsaitlərinin bir hissəsini ölkəyə gətirmək məqbuldur. Belə olduğu təqdirdə, biznes kreditinin faiz dərəcəsinin birrəqəmli həddə endirilməsi istiqamətində nəticələrə nail olmaq olar. Hazırki yüksək şərtlər daxilində isə bu mümkünsüzdür".

Sizin Reklam Yeriniz