Əlaqə Arxiv
news Image
2014.11.06
09:27
| A A A
Rəqabət Məcəlləsi ilə bağlı çözülməyən müəamma
Vüqar Bayramov: “Belə bir məcəllənin qəbulu ilə yanaşı, onun tələblərinin icra edilməsi də olduqca vacibdir” Əli Əlirzayev: “Rəqabət Məcəlləsinin qəbulu ilə müəyyən mənada sahibkarlar öz hüquqlarını daha yaxşı şəkildə müdafiə etmək imkanı qazanacaq”

Azərbaycanda artıq bir neçə ildir ki, Rəqabət Məcəlləsinin qəbulu gündəmdədir. Amma buna baxmayaraq, hələ də bu istiqamətdə son addım atılmayıb. Belə bu məcəllə layihəsi 2006-cı ildə Milli Məclisə təqdim edilib. Hətta parlament iki oxunuşda məcəlləni qəbul edib. Amma nədənsə, üçüncü oxunuşa çıxarılmır. Yenidən bu mövzuya toxunan millət vəkili Vahid Əhmədov da Rəqabət Məcəlləsini Milli Məclisdə qəbul edə bilmədiklərindən gileylənib.

Maraqlıdır, ölkə üçün mühüm əhəmiyyət daşıyan belə bir məcəllənin qəbulu niyə gecikir? İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov gecikmənin obyektiv və subyektiv amillərlə bağlı olduğunu dedi: "Təəssüf ki, Rəqabət Məcəlləsi layihəsi parlamentdə iki oxunuşdan keçsə də, onun qəbulu hələ də həyata keçirilməyib. Halbuki, belə bir məcəllənin qəbulu olduqca vacibdir. Rəqabət Məcəlləsinin qəbulu bütövlükdə iqtisadiyyatın rəqabətli olması və rəqabət qaydalarının müəyyənləşməsi baxımından əhəmiyyətlidir. Belə bir məcəllənin hazırlanaraq parlamentə təqdim edilməsi bir daha onu göstərir ki, onun qəbulu istiqamətində siyasi iradə var. Məhz bu siyasi iradə Rəqabət Məcəlləsinin layihəsinin hazırlanaraq parlamentə təqdim edilməsinə səbəb olub. Amma təəssüf ki, məsələnin qəbulunun yubadılması müşahidə edilməkdədir. Yubanmanın isə obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv hal ondan ibarətdir ki, rəqabətin qəbul edilməsilə yanaşı, eyni zamanda həmin rəqabətin konkret işləmə mexanizmlərinin müəyyənləşdirilməsi ehtiyac var. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbulu ilə bahəm, bütövlükdə mexanizmlərin hazırlanaraq tətbiq edilməsinə də ehtiyac vardır. Bu iş öncədən görülməlidir. Əks halda, məcəllə qəbul olunsa da, bu prosesdə ciddi şəkildə heç nəyi dəyişməmək risqinin olması ilə üz-üzə qala bilər. Məcəllənin qəbul edilməməsinin bir sıra obyektiv olmayan səbəbləri da mövcuddur. Məcəllə layihəsinin uzun müddət qəbul edilməyərək parlamentdə qalması da onu göstərir ki, təəssüf, heç də hamı onun qəbulunda maraqlı görünmür. Məhz buna görə məcəllənin qəbulunda yubanmalar müşahidə edilir. Belə bir məcəllənin qəbulu ilə yanaşı, onun tələblərinin icra edilməsi də olduqca vacibdir. Çünki, onun qəbul olunması bazarda rəqabət mühitinin artırılmasına ciddi təkan verəcək".

İqtisadçı alim Əli Əlirzayev isə məcəllənin qəbulunun səngiməsi səbəbini parlamentdə axtarmağı tövsiyə etdi: "Görünür, kimlərinsə marağına uyğun deyil, ona görə də Rəqabət Məcəlləsinin qəbulu belə yubanır. Rəqabət Məcəlləsi inkişafın aparıcı həlqəsidir. Onun qəbulu ilə müəyyən mənada sahibkarlar öz hüquqlarını daha yaxşı şəkildə müdafiə etmək imkanı qazanacaq. Bütün hallarda belə bir qanunun qəbulu olduqca vacibdir".

Qeyd edək ki, inhisarçılığın aradan qaldırılması, ölkədə bütün parametrlərə uyğun rəqabət mühitinin formalaşması üçün Rəqabət Məcəlləsinin olması vacibdir. Ekspertlər bildirir ki, son illər Azərbaycan iqtisadiyyatında, daxili bazarında baş verən hadisələr, sahibkarlıq yönündə gedən bütün işlər belə bir məcəllənin qəbulunu qaçılmaz edir. Rəqabət Məcəlləsi həm də ölkə iqtisadiyyatında rəqabət mühitini təmin etməyə yönəlik bir sənəddir. Yəni qısaca desək, ölkədə rəqabət mühitinin təmin edilməsi, inhisarçılıq şəraiti yarandıqda bu inhisarların aradan qaldırılması və sağlam rəqabətin təmin edilməsinin hüquqi bazasının yaradılması ondan asılıdır. Lakin bilinməyən səbəblərdən Rəqabət Məcəlləsinin qəbulu da yubadılır. Halbuki, Rəqabət Məcəlləsi qəbul olunarsa, bazardakı rəqabət münasibətlərini müəyyənləşdirəcək və birmənalı şəkildə bazarda qiyməti qorumaq üçün yeni mexanizmlərin tətbiq edilməsinə imkan yaradacaq. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbul edilməsi bazarda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi üçün hüquqi baza formalaşdıraraq, istehlak bazarında rəqabətin qorunması yönündə əhəmiyyətli rol oynayacaq.

Sizin Reklam Yeriniz