Əlaqə Arxiv
news Image
2014.11.07
07:31
| A A A
Azərbaycan Asiya enerji bazarında da əsas oyunçulardan birinə çevrilir
Zəfər Vəliyev: “Yaxın gələcəkdə Asiya bazarı cəlbedici olacağından Azərbaycan bu bazara çıxmaq üçün imkanlar axtarmalıdır” İlham Şaban: “Ölkəmiz neft ixracı məsələsində Asiya bazarında da mühüm rol oynayır”

Son zamanlar enerji istehsalçıları öz xammalını satmaq üçün daha çox Asiya bazarına meyl etməyə başlayıb. Bu regionda neft və qaza tələbat getdikcə artır. Xüsusən də Çin, Hindistan kimi ölkələrdə enerji resurslarına tələbat durmadan artır. Bu isə Asiya bazarları uğrunda enerji istehsalçılarının kəskin rəqabətinin başlanmasını istisna etmir. Artıq Rusiya Avropa ilə münasibətləri korlaması fonunda daha çox Asiya bazarlarına diqqət ayırmağa başlayıb. Hətta bir neçə ay öncə Moskva enerji ixracı ilə bağlı Pekinlə 400 milyard dollar dəyərində bir müqavilə imzaladı. Bundan başqa, Türkmənistan və İranın da Asiya bazarında fəallığı müşahidə edilir və belə görünür, bir müddətdən sonra əsas enerji bazarı rolunda daha çox Asiya qitəsi çıxış edəcək. Azərbaycana gəldikdə, ölkədə istehsal olunan neft və qaz əsasən Avropa bazarına daşınır. Lakin ölkəmiz də Asiya enerji bazarlarında əsas oyunçular sırasında yer almaq üçün indidən müəyyən addımlar atır. Artıq ARDNŞ və Hindistanın "GAIL Limited" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum ARDNŞ və "GAİL" arasında maye qazın istehsalı, satın alınması, nəqli və bu sahələrdə layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur. Şirkətlər həmçinin hasilat vasitələri sahəsində biznes imkanlarının inkişaf etdirilməsi və neft-kimya layihələrinə birgə sərmayə qoyuluşu məsələlərini də nəzərdən keçirəcəklər. Gözlənir ki, bundan sonra Azərbaycan enerji ehtiyatlarının bir hissəsini artıq Asiya bazarına yönəltsin.

Ekspert Zəfər Vəliyev bildirdi ki, Azərbaycan enerji məsələsində Asiya istiqamətində də aktiv fəaliyyətə keçməlidir: "Asiya və Sakit okean regionu dövlətləri həmişə xam neft, neft məhsulu qaz və sıxılmış qaza böyük ehtiyacı olan dövlətlərdir. Xüsusən də LNC markalı sıxılmış qazı götürsək, Asiya-Sakit okean regionunda bu qazın əsas idxalçısı rolunda Yaponiya çıxış edir. Ardınca, Cənubi Koreya, Çin və Hindistan gəlir. Təbii ki, həmin bazarlara xam neft, eyni zamanda təbii qaz, sıxılşmış qaz və digər sertifikatlaşdırılmış neft məhsullarını ixrac edən dövlətlər var. Bundan başqa, Asiya bazarlarının da öz oyunçuları mövcuddur. Bu oyunçulardan biri də Rusiyadır. Rusiyanın bu region ölkələri ilə su və quru sərhədi var. İlin 9 ayında Rusiya Uzaq Şərqdəki Kozmina terminalı vasitəsilə Asiya regionuna 20 milyon ton xam neft ixrac edib. İran da neftinin bir hissəsini Fars körfəzindən Asiya bazarlarına yönəldir. Bu prosesdə Türkmənistan da xüsusi rol oynayır. Onun hasil etdiyi qazın böyük hissəsi Özbəkistan, Qazaxıstan vasitəsilə Çin bazarına ixrac olunur. Keçən ilin statistik göstəricilərinə görə, Aşqabad həmin yolla 30 milyard kubmetrə yaxın təbii qaz ixrac edib. Azərbaycan da təbii ki, bu sahədə öz fəaliyyətini genişləndirir. ARDNŞ-ın Asiya bazarında neftin satışını təşkil etməsi üçün Sinqapurda törəmə şirkəti mövcuddur. Asiya və Sakit Okean dövlətlərinin enerji bazarında qiymətin formalaşması da məhz Sinqapur birjası vasitəsilə reallaşır. Ona görə də 4-5 ildir ki, bu istiqamət üzrə həm neft məhsulu satırıq, hətta Bakı-Tiflis-Ceyhan kəmərinin fəaliyyətə başlamasından sonra, o istiqamətə xam neft də ixrac edirik. ARDNŞ bir neçə gün öncə Hindistanın aparıcı neft şirkətlərindən olan "GAİL"lə qarşılıqlı Anlaşma Memorandumu imzalayıb. Burada sıxılmış qazın istehsalı, satışı, marketinqi ilə bağlı memorandum idi. Bu fonda ola bilər ki, ARDNŞ Asiya bazarına çıxmaqla bağlı digər layihələri də həyata keçirsin. "GAİL"lə bağlanan müqavilə ARDNŞ-a böyük üstünlük gətirəcək. Çünki, Hindistanın bu şirkəti paralel olaraq Rusiyanın "Qazprom" şirkətinin Sinqapurdakı törəmə şirkətilə və sıxılmış qazın idxalı ilə bağlı ABŞ şirkətilə də müqavilə bağlayıb. Ona görə, Azərbaycan gələcəkdə Asiya bazarlarına çıxmaq üçün təbii ki, imkanlar axtarmalıdır. Belə ki, yaxın gələcəkdə, Asiya bazarı çox cəlbedici bazar sayılacaq".

Ekspert İlham Şaban neftin Asiya bazarına daşınmasında problem olmadığını söylədi: "Azərbaycan hazırda ixrac etdiyi neftin təxminən 65 faizini Avropa və Amerika bazarına yönəldib. Deməli, yerdə qalan 35 faiz neft ixracı Yaxın Şərq, Asiya bazarına gedir. Bu baxımdan ölkəmiz neft ixracı məsələsində Asiya bazarında da mühüm rol oynayır. Yəni, neft ixracı kifayət qədər diversifikasiyalıdır. Mavi yanacağın Asiya bazarına yönləndirilməsi isə fikrimcə, mürəkkəb məsələdir. Çünki, qazın lazımi yerə daşınması üçün infrastruktur lazımdır. Şərqə doğru Azərbaycanın belə bir infrastrukturu hələlik yoxdur. Söhbət təkcə Xəzərin sağ və sol sahillərini birləşdirəcək infrastrukturdan getmir. Həm də Türkmənistan ərazisindən gedir. Bu ölkə qazını Çinə daşıyan boru kəməri Türkmənistan Özbəkistan sərhədindən başlayır. Türkmənistanın qərbindən şərqinə isə təxminən min km-ə qədər məsafə var. Düzdür, onlar "Şərq-Qərb" kəmərini tikirlər və onu 2015-ci ilin sonuna başa çatdırmalıdırlar. Sovet dövründə Türkmənistanın özünün infrastrukturu olmayıb. Yəni istəsək də, hazırda Türkmənistan vasitəsilə Azərbaycan qazının Asiya bazarına ötürülməsi çətindir. Bunun üçün yəqin ki, Türkmənistana xeyli həcmdə tranzit haqqı ödənilməlidir ki, o da öz növbəsində əvəzində bizdən qaz alıb, ora versin. Azərbaycan qazı Türkmənistan, Özbəkistan, Qazaxıstandan keçməklə Çinə çata bilər. Belədə, Azərbaycan qazının Türkmənistan kimi qaz nəhəngi olan ölkədən keçməklə Çinə gedib çıxması baha başa gələr".

Sizin Reklam Yeriniz