Əlaqə Arxiv
news Image
2014.11.07
07:55
| A A A
Dövlət universitetlərinin özəlləşdirilməsinə baxışlar fərqləndi
Gülçöhrə Məmmədova: “Ölkədə dövlət ali məktəbləri mütləq fəaliyyət göstərməlidir” Ruslan Atakişiyev: “Yaxşı olar ki, ümumiyyətlə, dövlət əsaslı ali məktəblərdə bütünlüklə ödənişsiz təhsil sisteminə keçilsin”

2015-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin altı komitəsinin birgə iclasında müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev təhsillə bağlı maraqlı təklif irəli sürüb. O, Azərbaycanda dövlət universitetlərini özəlləşdirməsinin lazım olduğunu bildirib: "Özəlləşdirmədə faktiki surətdə gəlir söhbəti yoxdur. Dünyada reytinqinə görə, 200 universitet arasında neçəsi dövlət universitetidir? Bunların arasında bir dənə də dövlət universiteti yoxdur. Deməli, bu dövlət universitetlərini özəlləşdirmək lazımdır, təhsil kreditləri vermək lazımdır ki, imkansız adamlar təhsil kreditləri götürsünlər, pulun ödəsinlər, təhsil alsınlar. Universitetlər isə əksinə, dövlət büdcəsinə vergi ödəsin ki, məmurların, professor və müəllimlərin maaşlarını artıra bilək, onlar 10-15 min manat maaş ala bilsinlər".

Ancaq millət vəkilinin həmkarı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Gülçöhrə Məmmədova təkliflə razı deyil. Xanım deputat "Mövqe"yə açıqlamasında bildirdi ki, ölkədə dövlət ali məktəbləri mütləq fəaliyyət göstərməlidir: "Dövlətin maliyyə dəstəyini almalı, onun himayəsi altında olmalıdırlar. Bu, ən başlıcası əhalinin böyük hissəsinə dövlət hesabına təhsil almağa imkan verir. Ən əsası budur. Yəni, bütün ali məktəblər özəlləşdirilə bilməz".

"İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev də hesab edir ki, Azərbaycanda dövlət universitetlərinin özəlləşdirilməsi məqsədəuyğun deyil: "Çünki, cəmiyyətin bütün təbəqəsinin təhsilə əlçatanlığı təmin olunmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində həm dövlət, həm də özəl universitetlər fəaliyyət göstərir. Almaniya, Norveç, İsveç kimi ölkələrin ali təhsil müəssisələrinin 90%-i dövlət əsaslıdır. Yəni, həmin universitetlər pulsuz olaraq əhaliyə təhsil verir. Almaniyada, Yaponiyada yerli vətəndaşlar pulsuz təhsil alır. Bu gün artıq ABŞ prezidenti Barak Obama pulsuz səhiyyədən danışır. Hətta Yaponiyda təhsil naziri ölkənin birinci naziri hesab edilir. Bizim Konstitusuyamızda da qəbul olunub ki, vətəndaşlarımızın hüquqlarından biri də bərabər şəkildə təhsil almaqdır. Biz bundan danışırıqsa, dövlət universitetləri pulsuz, keyfiyyətli təhsil verməlidir. Həmin təhsili vermək üçün də dövlət universitetləri yüksək ixtisaslı müəllimlərlə təmin olunmalıdır".

Ekspert əlavə etdi ki, əhalinin bütün təbəqələrinə təhsilə çıxış imkanı verilməlidir: "Bəli, inkişaf etmiş ölkələrdə hər iki universitet növü fəaliyyət göstərməkdədir. Bilirik ki, özəl universitetlərdən əhalinin daha yüksək təbəqəsi yararlanır. Burada da həmin universitetlər arasında rəqabət formalaşdırır ki, özlərinə daha çox müştəri cəlb edə bilsinlər, dünyanın rəqabət göstəricilərində daha öndə yer alsınlar. Yəni, hər iki təhsil sistemi paralel şəkildə gedir. Çünki, vətəndaşlar aşağı, orta və yüksək gəlirli səviyyəlidirlər. Bütün insanların təhsilə çıxışı təmin olunmalıdır. O cümlədən Azərbaycanda da. Bu gün bizim dövlət büdcəmiz 2000-ci ilin əvvəlinə nisbətən 20, müstəqilliyimizin ilk illərinə nisbətən isə 40 dəfə artdığı bir halda Azərbaycanda dövlət universitetlərinin fəaliyyəti daha genişləndirilməlidir. Yaxşı olar ki, ümumiyyətlə, dövlət əsaslı ali məktəblərdə bütünlüklə ödənişsiz təhsil sisteminə keçilsin. Bu, əhalinin bütün təbəqələrinin təhsil almasına şərait yaradacaq. Bununla paralel özəl təhsil müəssisələrinin də fəaliyyəti genişləndirilməlidir. Universitet açmaq proseduraları asanlaşdırılmalıdır. Bu sahədə investisiya imkanları yüngülləşdirilməlidir. Bu da rəqabətli şəraitdə özəl universitetlərin təhsil keyfiyyətini yaxşılaşdıracaq".

Ruslan Atakişiyev ölkəmizdə həyata keçirilən praktikanı da qeyd etdi: "Son illər ölkəmizdə adambaşına maliyyələşmə proqramı həyata keçirilir. Bu proqram çərçivəsində universitetindən asılı olmayaraq, ölkəmiz üçün zəruri olan ixtsaslarda təhsil alan tələbələrin pulu dövlət büdcəsi hesabına ödənilir. Bu da gənc kadrların inkişafında dövlətin iştirakını göstərir. Təhsil strateji məsələdir. Bu məsələdə dövlətin yaxından iştirakı həmişə olmalıdır".

Sizin Reklam Yeriniz