Əlaqə Arxiv
news Image
2014.11.08
07:33
| A A A
Bahalaşma növbəsi quş ətinə çatdı
Vahid Məhərrəmov: “Quş ətinin qiymətinin artımına yanacağın qiyməti müəyyən formada təsir edir”

Dövlət Statistika Komitəsi oktyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisəsini ictimaiyyətə təqdim edib. Bildirilir ki, diri heyvanlar və heyvandarlıq məhsullarından mal və qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 1,2 və 0,7 faiz, təbii balın istehsalçı qiymətləri 1,9 faiz ucuzlaşıb. Ancaq südün istehsalçı qiyməti 2,8 faiz, yumurtanın 8,1 faiz, quş ətinin (diri çəkidə) 8,8 faiz bahalaşıb.

Burada diqqət çəkən məqam quş ətinin bahalaşmasıdır. Çünki, ölkədə sənaye üsuli ilə quş ətinin istehsalı artır. Sahibkarlığa Kömək Milli Fondununn aparıcı məsləhətçisi Elnur Abbasovun sözlərinə görə, bu ilin 9 ayı ərzində sənaye üsuli ilə 46 min ton quş əti istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə maqayisədə 25 faiz çoxdur. Azərbaycanda mövcud olan quşçuluq təsərrüfatlarında illik quş əti istehsalı 127.5 min tona, yumurta istehsalı isə 1.1 milyard ədədə çatdırılıb. Bununla da respublikanın quş ətinə olan tələbatı 92 faiz ödənilib". Bu şəraitdə iəs quş ətinin göstərilən həddə bahalaşması görünür.

Qiymət və istehsal artımlarında olanu təzadı aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov müxtəlif səbəblərlə izah edir: "Qiyməti qalxan yalnız quş əti deyil. Statistika Komitəsi etiraf edir ki, quş əti, yumurta, süd və inəklərin istehsalçı qiyməti artıb. Orada qeyd olunur ki, mal və qoyun ətinin istehsalçı qiyməti azalıb. Amma ola bilməz ki, inəyin istehsalçı qiyməti artsın, bu fonda ətin istehsalçı qiyməti azalsın. Ümumiyyətlə, bütün heyvandarlıq məhsullarının istehsalçı qiyməti artıb. Buna ötən ilin dekabar ayında proqnoz vermişdik. Bildiyimiz kimi, keçən ilin dekabr ayında neft məhsullarının qiyməti 30%-ə qədər qalxdı. Yanacaq isə istehsalda istifadə olunan məhsullardandır. Burada söhbət, istehsal olunan məhsulun daşınmasından getmir. Quş ətinin qiymətinin artımına yanacağın qiyməti müəyyən formada təsir edir. Quş ətinin istehsalı üçün quş yeminə ehtiyac var. Azərbaycan quş yumuna olan ehtiyacını özü tam ödəyə bilmir. Burada çoxlu sayda komponentlər var ki, xarici ölkələrdən gətirilir. Xarici ölkələrdən gətirilən yemin daşınması xərci var. Eləcə də, həmin təsərrüfatlarda çalışan sahibkarın, işçilərin xərci də artır. Yəni, çoxlu xırda-xırda xərcləri sadalamaq olar ki, ümumilikdə bu da istehsal olunan məhsulun maya dəyərini artırır. Digər kənd təsərrüfatı məhsullarının da istehsalçı qiymətinə bu faktor çox ciddi təsir edir.

Bununla yanaşı, cari ildə həm də yem məhsullar qıt olub. Xüsusən, taxıl məhsullarının qiyməti artıb. Taxılın qiymətinin artmasını Dövlət Statistika Komitəsi də təsdiq edib. Bütün bunlar məhsulun, quş ətinin maya dəyərini artıran amillərdir"

Ekspert bundan sonrakı dövr üçün proqnoz da verdi: "Əhali istehlak tələbini qiymətə uyğun qurur. Son zamanlar Gürcüstandan diri mal idxalı artıb. Donduurlmuş ət idxalında da artım var. Bu, daxili bazara müəyyən dərəcədə təsir edə bilər. O cümlədən quş ətinin də idxalı arta bilər. Ölkədə hansısa məhsulun istehsal qiyməti artırsa, onun idxalı arta bilər. Yəni, işbazlar istifadə edib idxalı artıra bilərlər. İdxal artımı daxili bazara təsir edir. Lakin istehsalçı qiyməti artırırsa, aradakı vasitəçilər real vəziyyətə uyğun hərəkət etməlidirlər. Əgər əhalinin alıcılıq qabiliyyəti azalıbsa, vasitəçilər qiyməti artıra bilməzlər. Bazarda heç də həmişə hansısa məhsulda qıtlıq olursa, o demək deyil ki, onun qiyməti sıçrayışla artacaq. Yəni, burada əhalinin alıcılıq qabiliyyəti də rol oynayır. Gərək alıcıların həmin mala tələbi arta. Bu gün bir çox məhsulun qiyməti qalxması əhalinin alıcılıq qabiliyyətinin azalmasına təsir edir. Bu da insanları ərzaq təminatını ödəmək üçün vacib olan məhsullara daha çox üstünlük verməyə məcbur edir. Ola bilsin ki, toyuq ətinin qiyməti artırsa, əhali başqa məhsullara üstünlük versin. Ancaq qiymətin qalxmasına baxmayaraq, elə toyuq ətini almaqda davam edə bilərlər. Ümumiyyətlə, bizdə digər ət və ət məhsulları ilə müqayisədə toyuq əti ucuzdur. Ona görə də toyuq əti əhalinin çox hissəsinin diqqətini özünə cəlb edir".

Sizin Reklam Yeriniz