Əlaqə Arxiv
news Image
2014.11.08
07:45
| A A A
Vətəndaşlar səhm bazarından uzaq qaçır
Samir Əliyev: “Məlumatsızlıq əhalinin prosesdə aktiv olmasına əngəl törədən başlıca meyardır” Hafiz Babalı: “Qiymətli kağızlar bazarı passiv vəziyyətdədir”

Son zamanlar Azərbaycanda bir sıra özəl şirkətlər, xüsusən də banklar tərəfindən bazara səhm çıxarması tendensiyasında artım müşahidə edilir. Bununla onlar qiymətli kağızlar vasitəsilə əlavə maliyyə cəlb olunmasına çalışır. Amma səhm və ya istiqraz alışı prosesində sadə vətəndaşların iştirakı demək olar ki, yox səviyyəsindədir. Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda vətəndaşların bu prosesə marağı yoxdur. Halbuki, səhm bazarı əlavə qazanc əldə etmək baxımından olduqca əlverilşi sayılır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev ölkə vətəndaşlarının səhm bazarına marağının olmamasının kökündə bir sıra amillərin dayandığını dedi: "Ölkəmizdə dinamik inkişaf olsa da, qiymətli kağızlar bazarı hələ də ən zəif bazarlar sırasında yer almaqda davam edir. Ona görə də, bu sahədə çoxlu boşluqlar var. Müəssisələrin hələ də əksəriyyəti səhm satmaqda maraqlı deyil. Təşkilatlar daha çox məhdud məsuliyyətli cəmiyyətlər yaratmağa meyllidir, nəinki səhmdar cəmiyyətlər. Çünki, səhmdar cəmiyyətlərində nəzarət daha çox olur. Səhmdar cəmiyyətləri yaratmağa meylli olmadıqlarından onların bu bazara çıxmalarına ehtiyac da yaranmır. Səhmdar cəmiyyətlərin özləri isə qiymətli kağızları bazara məhdud həcmdə çıxarırlar. Yəni, bu bazarın inkişaf etməməsi, müəssissələrin səhm prosesinə maraq göstərməməsi öz növbəsində əhalinin də səhm bazarına az maraq göstərmələrinə gətirib çıxarıb. Başlıcası isə odur ki, əhalinin bu sahədə məlumatlılıq dərəcəsi çox aşağı səviyyədədir. Məhz məlumatsızlıq əhalinin prosesdə aktiv olmasına əngəl törədən başlıca meyardır. Nə qədər ki, sadaladığım bu üç səbəb aradan qaldırılmayıb, əhalidə də səhm bazarına ciddi maraq yaranmayacaq".

Digər ekspert Hafiz Babalının fikrincə, qiymətli kağızlar bazarı passiv vəziyyətdədir: "10 il bundan qabaq olan bazar bu gün də həmin formatda inkişaf edir. Bu gün Azərbaycanda qiymətli kağızlar bazarı faktiki olaraq Qərbdəkilərdən zəfidir. Azərbaycanda qiymətli kağızlar bazarı özəlləşmə nəticəsində yaranan müəssisələrin əsasında aparılıb. İri səhmdarlar kiçik səhmdarlardan səhmi yığır və bununla da bazarın perspektivi ölür. Qərbdə qiymətli kağızlar bazarılnın əsas dayağı səhmlərin emissiyası, səhm buraxılışı, kapital bazarlndan pul cəlb etməkdir. Yəni, buna qiymətli kağızların kütləvi yerləşdirilməsi deyilir. Azərbaycanda isə belə hal barmaqla sayılacaq qədər azdır. Ölkəmizdə bəzi sahibkarlar ikili mühasibatlılıqla işləyir. Belə şəraitdə də istənilən bazar formalaşa bilməz. Ona görə də, əhalinin bu prosesə marağı yox səviyyəsindədir. Qiymətli kağızların emissiya baxımından artımın olmasında əsas rolu dövlətin qiymətli kağızlarının buraxılması oynayır. Bunlar da dövlətin səhm şəklində emissiya etdiyi qiymətli kağızlardır ki, dövlət də onun tam mülkiyyətçisidir. Onlar satış üçün nəzərdə tutulmayan səhmlərdir. Məsələn, Bakı Metropoliteni, Xəzər Dəniz Gəmişiliyi, Azərbaycan Hava Yolları şirkətlərinin Milli Depozit Mərkəzilə səhmlərin saxlanılması üçün müqaviləsi var. Emissiyanın da əsas yükü onların çiyninə düşür.

Özəlləşmə nəticəsində yaranan kiçik səhmdar cəmiyyətlərin bir hissəsi isə ləğvetmə yolu ilə ya sıradan çıxıb, ya məhdud məsuliyyətli cəmiyyətə çevrilir, ya da əksəriyyəti ümumiyyətlə, fəaliyyətsizdir. Fəaliyyət göstərənlər də bazara səhm çıxarmır. Xırda səhmdar cəmiyyətləri səhmlərin yığılması ilə məşğuldur. Belə olan halda həmin bazarda inkişaf istənilən səviyyədə olmayacaq və əhali də ona maraq göstərməyəcək".

Sizin Reklam Yeriniz