Əlaqə Arxiv
news Image
2014.11.12
08:49
| A A A
Avropada Azərbaycan məhsullarına böyük tələb yaranır
Azərbaycanın ekoloji cəhətdən təmiz aqrar məhsullarına Avropada onlara böyük ehtiyac olduğu üzə çıxır

Azərbaycandan kənd təsərrüfatı məhsulları almaq istəyən ölkələrin sayı artmaqdadır. Düzdür, hazırda bu istiqamətdə liderlik şimal qonşumuza məxsusdur. Lakin analoji istəkdə bulunan Avropa dövlətlərinin də sayı artır. Belə ki, bir müddət əvvəl Baltikyanı ölkələrin belə bir istəkdə bulunduğu məlum olmuşdu. İndi isə Çexiya şirkətləri Avropa İttifaqının Rusiyaya qarşı məlum sanksiyaları fonunda Azərbaycan bazarını Rusiyaya alternativ kimi nəzərdən keçirir. Çexiyanın sənaye və ticarət naziri Yan Mladek dekabrın əvvəlində Azərbaycana qarşıdakı səfəri zamanı bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə etmək niyyətindədir. Çexiya Azərbaycandan kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə-tərəvəz, eləcə də şərab və qənnadı məmulatlarının idxalında maraqlıdır. Çexiyanın ticarət və sənaye nazirini Azərbaycana qarşıdakı səfəri zamanı ölkənin işgüzar dairələrinin təqribən 40 nümayəndəsi müşayiət edəcək.

Bəs Avropa dövlətlərinin Azərbaycanın kənd təsərrüfatı məhsullarını almaq istəyi ölkə bazarına nə vəd edir?

Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki Qərb ölkələrinin Azərbaycanın aqrar məhsullarını almağa meyl etməsi, yerli məhsulun Avropa standartlarına uyğunlaşdırılmasının sürətləndirilməsinə gətirib çıxara bilər: "Çexiya Avropa İttifaqına daxil olan ölkədir və burada qurumun standartları mövcuddur. Ona görə də, həmin ölkələrdə məhsulunun satılması üçün ilk olaraq Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa İttifaqının standartlarına uyğunlaşdırılması, keyfiyyətinin yüksəldilməsini təmin etməlidir. Azərbaycan məhsulu Çexiyanın timsalında Avropa bazarına çıxa bilərsə, əlbəttə, bu, ölkəmiz üçün uğurlu addım olardı. Azərbaycanda hələ ki, ekoloji cəhətdən təmiz tərəvəz məhsulları, meyvələr, paxlalı bitkilər yetişdirilir. Avropada onlara böyük ehtiyac var. Sadəcə olaraq, Azərbaycan məhsulları Avropa standartlarına uyğunlaşdırılmalıdır. Ümumiyyətlə, ittifaq ölkələrinin Azərbaycandan məhsul almağa meyl etməsi, ölkəmizdə bu sahədə Avropa standartlarına uyğunlaşma prosesini sürətləndirə bilər. Ümid edək ki, Azərbaycan özü üçün yaranacaq bu bazarı əldən verməyəcək. Qərb ölkələrindən bəzilərinin Azərbaycan məhsullarına marağının artması Azərbaycanda kənd təsərrüfatı sahəsində inkişafa yönəlik aqrar islahatların genişlənməsi və dövlətin ora daha çox vəsait ayırmasına da stimul verə bilər".

Kənd təsərrüfatı üzrə mütəxəssis Nizami Qarayev alternativ bazarlara çıxış baxımından Çexiyanın ölkəmizin aqrar sahə məhsulunu almasına maraq göstərməsini mühüm amil kimi dəyərləndirdi: "Çexiya, Baltikyanı ölkələr kimi Avropa İttifaqı dövlətlərinin ölkəmizdən aqrar sahə məhsulları almaqda maraqlı olması Azərbaycan fermeri, kənd təsərrüfatı üçün yeni perspektivlər açır. Belədə fermerlərimiz alternativ yeni bazar qazanmış olurlar. Bu da Azərbaycanda kənd təsərrüfatının inkişafını stimullaşdıran fakt ola bilər. Bunun üçün də yerli fermerlər öz istehsalını Avropa tələblərinə uyğun şəkildə həyata keçirməyi bacarmalıdır. Bunun üçün kənd təsərrüfatı, tərəvəz məhsulları Avropa standartına uyğun çeşidlənməli, markalanmalı, tərkibinə nəzarətin həyata keçirilməsi kimi tədbirlər həyata keçməlidir. Bu prosesdə dövlətin müəyyən qurumlarının fəaliyyəti də olmalıdır, fermerlərə dəstək göstərilməlidir. Çünki, fermerlərin çoxu bu fəaliyyəti həyata keçirməkdə çətinlik çəkə bilər. Hər halda, Çexiya və Baltikyanı ölkələrin bu istəyi bizim üçün Rusiya bazarına alternativ bazarın yaranması deməkdir. Belədə, gələcəkdə, bir bazardan asıllığı aradan qaldırmaq imkanı qazanarıq. Həm də bu bazarın şaxələnməsi məsələsi olduğundan, xüsusi diqqətlə yanaşılmalıdır ki, məhsulumuz ölkədən xaricə çıxarıla bilsin. Son dövrlər gedən proseslər göstərir ki, kənd təsərrüfatı hər bir ölkənin, o cümlədən Azərbaycanın iqtisadiyyatında önəmli paya malik olmalıdır. Bu baxımdan aqrar sektorun önəmi xüsusi qeyd edilməlidir. Gələcəkdə, bu sahənin inkişaf etdirilməsi üçün dövlət indidən sektora daha ciddi diqqət ayırmalı, daha artıq vəsait yönəltməli, ciddi proqramlar qəbul etməlidir. Ölkəmizin bu sahədə ciddi potensialı var. Ölkənin ixracını genişləndirmək üçün bu sahədən ciddi olaraq faydalanmaq mümkündür. Bu istiqamətdə qoyulacaq investisiyalar Azərbaycan kəndlisinin əvvəlki şöhrətini bir daha özünə qaytara, məhsulumuzun daha böyük miqyasda istehsal və ixracını təmin edə bilər".

Sizin Reklam Yeriniz