Əlaqə Arxiv
news Image
2014.11.12
09:16
| A A A
Rusiya amili üzündən quş əti də bahalaşa bilər
Nizami Qarayev: “Yem bazası və müəssisənin imkanları varsa, istehsalı kifayət qədər artırıb əldə olunan məhsulu ixraca yönəltmək olar” Rəşad Həsənov: “Qısa müddətli dövrdə qiymətlər qalxa bilər”

Bir müddət öncə Moskva meri Sergey Sobyanin ölkəmizə səfəri fonunda Azərbaycandan ət və ət məhsullarının idxalında Rusiyanın maraqlı olduğuun gündəmə gətirmişdi. Belə bir vaxtda bəlli olub ki, "GARANT Holding"in nəzdində yaradılmış ilk aqrar şirkət olan "Ucar Aqro" MMC Rusiyaya quş əti ixracına hazırlaşır. MMC-nin baş direktoru Rüfət Məmmədzadə bildirib ki, qarşıdakı illərdə "Ucar Aqro" MMC-də istehsal olunan məhsulları xarici bazara çıxartmaq niyyətləri var: "Bir müddət əvvəl Rusiyaya ixracla bağlı bir sıra dövlət qurumlarının rəsmləri bizim müəssisədə də olublar. Artıq ilk xarici ölkə kimi "Ucar Aqro" MMC-də istehsal olunan məhsullar Rusiya bazarına çıxarıla bilər. Ümid edirik ki, bundan sonra digər ölkələrə də öz yerli məhsullarımızı təqdim edə biləcəyik". Analoji addımların digər bir sıra broyler şirkətləri tərəfindən də atılması istisna olunmur. Maraqlıdır ki, bu hal Azərbaycanda quş əti məhsullarının qiymətinə necə təsir göstərəcək. Bundan əvvəl Rusiyaya aqrar məhsulların icracı onların Azərbaycanda bahalaşmasına gətirib çıxarmışdı.

Kənd təsərrüfatı üzrə mütəxəssis Nizami Qarayevin fikrincə, Azərbaycandan quş və quş ətinin Rusiya bazarına axması daxildə istehsalın artmasına gətirib çıxara bilər. Onun sözlərinə görə, bu tendensiya həmçinin, daxili bazarda həmin məhsulların qiymət bahalaşmasına gətirməyə də bilər: "Azərbaycandan quş və quş ətinin Rusiyaya ixrac edilməsi ölkə daxilində həmin məhsulların qiymətinin qalxması təhlükəsini yaratmaya bilər. Çünki, sənaye əsasında istehsal olunan quş əti, xususən də broyler təsərrüfatında istehsalı artırmaq çox asandır. Yem bazası və müəssisənin imkanları varsa, istehsalı kifayət qədər artırıb əldə olunan məhsulu ixraca yönəltmək olar. Ona görə də, Azərbaycandan quş ətinin Rusiyaya ixrac olunmasının ölkə daxilində həmin məhsulun qiymətinin qalxmasına səbəb olacağından təşvişə düşməyinə dəyməz. Quş ətinin qiymətinin bahalaşmasına Rusiya amili səbəb olmaya bilər. Bu məhsulun qiymətinin bahalaşmasına yem və preparatların, istehsal vasitələrinin qiymətinin qalxması təsir edə bilər. Azərbaycan istəsə belə, Rusiyanın quş ətinə olan tələbatının ancaq cüzi hissəsini verə bilər. Azərbaycandakı müəssisələrin bu gün Rusiyanın tələbatının böyük hissəsini ödəmək imkanı yoxdur. Lakin bununla belə, quş məhsulunun şimal qonşumuza ixracı Azərbaycanda bu sektorun inkişafına yaxşı perspektiv vəd edir. Məhsulun ölkədən ixracı mümkün olarsa, bu, daxili bazarda da bolluğa gətirib çıxarar. Belə ki, istehsal genişlənər. Digər məhsullarda da belədir. İstehsal olunan məhsulun bir hissəsi xaricə satılmadıqda, daxili bazara yönəlir və belədə burada qiymət enməsinə səbəb olur. Bunu meyvə məhsulları sahəsində, xüsusən də almada dəfələrlə müşahidə edirik. Xaricə satıla bilməyən məhsul ölkə bazarına gəlir və daxili bazarda qiymət sabitləşir, bəzən də aşağı düşür. İstehsal genişlənəcəksə, tendensiyanı bu şəkildə müşahidə etmək mümkündür. Amma burada bir məqam da var ki, rus rublunun dollarla müqayisədə dəyərdən düşməsi Rusiya bazarının cəlbediciliyini azaldır. Bu amili unutmamalıyıq. Azərbaycandan ixrac olunan məhsul orada rubla satılsa da, vəsaitin geri qayıtması üçün onun dollara çevrilməsi lazımdır. Rublun hazırki məzənnəsində məhsulu həmin pulla satsaq da, dollara çevirəndə daha az qazandığımızı müşahidə edirik. Ona görə də, müəyyən mərhələdən sonra Rusiya bazarının iqtisadi cəhətdən cəlbedici olması mümkün olmayacaq. Əslində, bu bazara çox ümid etməməliyik. Bir təbliğat xarakterli proses var, bir də real vəziyyət. Real vəziyyətə baxsaq, görürük ki, ayrı-ayrı məhsullarda Rusiya bazarının cəlbedicilik qabiliyyəti aradan qalxır. Rublun hazırki məzənnəsi orada məhsul satana böyük qazanc götürməyə imkan vermir".

Müstəqil ekspert Rəşad Həsənov düşünür ki, quş məhsullarının Rusiyaya ixracı ancaq qısa müddət üçün həmin malların qiymətinin artmasına səbəb ola bilər: "İstənilən halda ixrac imkanlarının yaranması müsbət haldır. Yerli broylerlərin istehsal etdiyi məhsulun 90 faizi daxili bazara hesablanıb. Belədə, daxili bazarın tələbatına uyğun istehsal formalaşıb. Azərbaycanda ət məhsulları istehsalı sahəsində ancaq quş əti sahəsində ixrac imkanları mövcuddur. Çünki bu sahə müəyyən qədər dinamik sahədir. Burada məhsulun əldə edilməsi, istehsalı sürətli prosesdir. Hansısa broyler məhsulunun ixracı məsələsini ortaya qoyursa, təxminən, iki ay ərzində hazır məhsulu ixrac edə bilər. Onu da nəzərə alaq ki, Azərbaycanda köhnə və yeni qurulan kifayət qədər broyler təsərrüfatları mövcuddur. Onların potensialından da ancaq 60 faiz istifadə olunur. Belə vəziyyətdə, yerli broylerlər potensiallarını tam olaraq işə salmaqla iki aya Rusiyaya ixrac imkanı əldə edə bilərlər. Lakin burada bir nüans da var. Həmin məhsulun keyfiyyətinə diqqət etmək lazımdır. İxrac olunan məhsul daha keyfiyyətli və daha müasir qablaşmada olmalıdır. Broylerlər keyfiyyət və qablaşma məsələsini həll etdikdən sonra, düşünürəm ki, qısa zamanda öz məhsullarını Rusiya bazarına çıxara bilər. Belə olan halda, qısa müddətli dövrdə ölkə daxilində mümkündür ki, quş ətinin qiyməti qalxsın. Lakin broyler təsərrüfatları istehsalı qaydaya salandan sonra, daxili bazardakı boşluğu da aradan qaldırmaqla, qiymət məsələsini zaman-zaman həll edə bilərlər".

Sizin Reklam Yeriniz