Əlaqə Arxiv
news Image
2014.11.15
07:35
| A A A
Maliyyə amnistiyasından hələ də xəbər yoxdur
Samir Əliyev: “Maliyyə amnistiyasının əsas məqsədi rəsmi dövriyyədən kənar qazanılmış pulun yenidən rəsmiləşdirilməsidir” Eldar Qocayev: “Maliyyə amnistiyası əslində, əhalinin hər təbəqəsi üçün maraqlıdır”

Hələ cari ilin əvvəlində belə bir məlumat yayıldı ki, Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsi hazırlanır. O da vurğulanırdı ki, burada söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. Artıq xeyli müddət keçsə də maliyyə amnistiyasının nə vaxt elan olunacağından hələlik heç bir xəbər yoxdur.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, maliyyə amnistiyasının əsas məqsədi rəsmi dövriyyədən kənar qazanılmış pulun yenidən rəsmiləşdirilməsidir: "Amma burada da istisnalar var. Bu amnistiya cinayət, terror yolu ilə qazanılmış vəsaitlərə aid deyil. Əsasən vergidən yayınanlara şamil edilir. Azərbaycanda bunun tətbiqi məsələsi artıq 3-4 ildir ki, ayrı-ayrı vaxtlarda səslənir. Əvvəl-axır, bu olacaq. Uzun müddətdir müxtəlfi sahələrdə çalışan şəxslər var ki, pullarının real həcmini dövriyyədən gizlədirlər. Odur ki, indiki zamanda maliyyə amnistiyasının aktuallığı artırır. Ölkə iqtisadiyyatının həcmi böyüyüb, onun çoxlu pula ehtiyacı var. Pul kütləsi azalarsa, müəyyən problemlər yarana bilər. Məhz bu baxımdan maliyyə amnistiyasını verilməsini vacib alət kimi qiymətləndirmək olar".

Ekspert qeyd etdi ki, həmişə qeyri-qanuni yolla pul qzanmağa meyl edən müəyyən qrup şəxslər olub: "Əgər qanunlar işləyəcəksə, amnistiyadan sonra həmin şəxslər yenidən elə pullar qazana bilməyəcəklər. Ancaq maliyyə amnistiyası o demək deyil ki, həmin şəxslər o dəqiqə gizlətdiyi pulları üzə çıxaracaqlar. Bunun özü də sual altındadır".

İqtisadi məsələlər üzrə hüquqşünas Eldar Qocayev isə bildirdi ki, maliyyə amnistiyası bu günə qədər olmayıb deyə, indi necə effek verəcəyini deyə bilmərik: "Maliyyə amnistiyası ona görə tətbiq edilir ki, ölkədən maliyyə axınının qarşısı alınsın. Maliyyə amnistiyası bir çox ölkələrin iqtisadiyyatını böhrandan qurtmağa təkan verən amillərdən olub. Amma burada insanların inam məsələsi mühüm cəhətdir. Məsələn, bizdə rəsmi milyonçu yoxdur. Maliyyə amnistiyasından sonra isə belə şəxslər ola bilər.

Eyni zamanda insanlar ölkənin investisiya bazarının canlandırılması üçün yatırdıqları sərmayənin perspektivinə də inanmalıdırlar. Ona görə də əsas məqam məsələnin hüquqi yox, daha çox iqtisadi və psixoloji tərəfidir. Hüquqi baxımdan burada elə də problem yoxdur. Onsuz da ölkədə pulu olanlar bura müxtəlif yolla investisya qoya biləcəklər. Amma maliyyə amnistiyasının ölkə iqtisadiyyatına nə qədər pul gətirəcəyini demək çətindir. Bəs, maliyyə amnistiyası olmasa, nə baş verər? Bu halda da böyük faciə baş verməyəcək. Onsuz da kim istəsə, həmin pulları nə cürsə ölkə daxilinə yerləşdirəcək. Yəni, maliyyə amnistiyasının Azərbaycanda böyük bum yaradacağına inanmıram. Amma amnistiya xaricdəki pulun 10%-nə qədərini qaytara bilərsə, bu, ölkədə məşğulluğun artmasına kömək edə bilər. Budnan başqa, maliyyə amnistiyasını həyat keçirmək bəlkə də insanlarda müəyyən inam yarada bilər. Eyni zamanda əcnəbilərdə də Azərbaycanda maliyyənin dövriyyəsində problemin olmadığına əminlik yaranar. Hüquqi baxımdan problem olmadığından sadəcə, mexanizm hazırlanmalıdır. Azərbaycana uyğun gələn variant üzərində işlənilməlidir. Sözsüz ki, burada konyuktura öz rolunu oynayacaq. Maliyyə amnistiyası əslində, əhalinin hər təbəqəsi üçün maraqlıdır. Varlılar pullarını dövriyyəyə buraxa bilirlərsə, orta və kasıb təbəqə üçün isə iş yerləri açılır".

Ekspertlərin böyük əksəriyyəti belə hesab edir ki, istər əmlak, istərsədə də digər sərvətlərin leqallaşdırılıması üçün müvaffiq amnissiya sistemina keçmək lazımdır. Bunun üçün digər prosedur məsələlərin həlli də vacib sayılır.

Sizin Reklam Yeriniz