Əlaqə Arxiv
news Image
2014.11.15
08:19
| A A A
Cənub qonşumuzdan Azərbaycanın bank sektoruna böyük diqqət
Azər Mehtiyev: “Azərbaycanla İran arasında ticarət əlaqələrinin geniş olması bank fəaliyyəti sahəsində də fəallığın artırılmasını tələb edən bir məsələdir” Yaşar Əsədov: “Bu vəziyyət ölkəmizdə sələm faizi ilə işləməyən islam bankçılığının inkişafına gətirib çıxarardı”

Ölkəmizə səfəri çərçivəsçində İran prezidenti Həsən Ruhani bir sıra məqamlarla yanaşı, bank sektoru sahəsində də əməkdaşlığın vacibliyinə geniş diqqət çəkdi. O, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-İran biznes forumunda bildirib ki, iki ölkənin bank sektoru arasında pul mübadiləsini asanlaşdırılması vacibdir. İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfinin sözlərinə əsasən, ikitərəfli əmtəə dövriyyəsinin səviyyəsinin yaxşı olmasına baxmayaraq, iki ölkə arasında bank sahəsində əməkdaşlıq istənilən səviyyədə deyil. V.Seyfi qeyd edib ki, "Bank Milli İran"ın Bakı nümayəndəliyi uzun illərdir, iki ölkənin ikitərəfli iqtisadi əlaqələrinin genişləndirilməsi məqsədilə aktiv fəaliyyət aparıb, lakin buna İrana qarşı tətbiq edilmiş sanksiyalar mane olub. Hazırda İran bank sektorunda qarşılıqlı əməkdaşlığın genişləndirilməsində xüsusi maraqlı tərəf kimi çıxış edir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bu istiqamətdə hələ ki, o qədər də optimist olmadığını diqqətə çatdırdı: "Bank sektorunda maliyyə axınlarına nəzarət ciddi məsələlərdən biridir. Əvvəllər də "Bank Milli İran" Azərbaycanda fəaliyyət göstərmişdi.

Azərbaycanla İran arasında ticarət əlaqələrinin geniş olması təbii ki, bank fəaliyyəti sahəsində də fəallığın artırılmasını tələb edən bir məsələdir. Yəqin ki, bu istiqamətdə müəyyən danışıqlar prosesi davam edəcək. Ancaq tez bir zamanda prosesin tam olaraq bank sektorunda qarşılıqlı münasibətlərin güclənməsini və İran banklarının burada, Azərbaycan banklarının da orada fəaliyyətinin genişlənməsi istiqamətində ciddi gediş ediləcəyini gözləmirik. Sadəcə olaraq, son görüş ola bilsin, həmin istiqamətdə danışıqların genişlənməsinə gətirib çıxarsın və bu istiqamətdə ən azı ilkin addımlar atılmış olsun. İran bank sektorunun Azərbaycanda fəaliyyətinin haçansa genişlənməsinin ölkəmizdə ucuz kredit mənbəyi ola biləcəyi barədə də optimist deyiləm. Təbii ki, ölkələrarası ticarət əlaqələrinin genişlənməsi mütləq şəkildə bank sektoru sahəsində də da qarşılıqlı münasibətlərin gücləndirilməsini tələb edir. Bu etibarın artmasını tələb edən bir amildir. Elə bir situasiyada danışırıq ki, hər bir ölkə ilə bağlı proqnoz vermək xeyli mürəkkəbdir. Bəzən ticarət əlaqələrinin özündə formalaşan problemlər, ikitərəfli münasibətlərdəki gərginlik hələ də bütün işlərin qaydasında olmadığını göstərir. Bütün hallarda, sırf iqtisadi baxımdan münasibətlərin formalaşması sahibkarlıq mühiti, iş adamları üçün faydalı bir mühit formalaşdıra bilər. Ancaq Azərbaycanla İran arasında bu istiqamətdə danışıqların nə qədər sürətli getməsi haqda fikir söyləmək çətindir".

Ekspert Yaşar Əsədov bildirdi ki, İran bank sektorunun Azərbaycana çıxışı bu ölkəyə tətbiq edilən sanksiyaların götürülməsi fonunda baş verə biləcək: "Bildiyiniz kimi, hazırda ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar qüvvədədir. Həmin sanksiyaları pozduğundan ABŞ məhkəməsi tərəfindən Fransanın aparıcı banklarından biri 9 milyard dollar cərimələndi. Hətta Almaniyanın "Deutshsche Bank"ı da 3 milyard dollar cərimələnmişdi. Yəni artıq belə presedentlər var. Hazırki situasiyada İran bankları ilə əməkdaşlığa gediləcəyi halda, həmin sanksiyaların Azərbaycana tətbiq edilib-edilməyəcəyi haqda suala birmənalı cavab vermək çətindir. Amma sanksiyalar götürülsə, İranın maliyyə imkanlarının böyük olması fonunda onun bank sektoru ilə Azərbaycanın əməkdaşlığı da ciddi effekt verə bilər. Bu nöqteyi-nəzərdən, iki ölkə arasında bank sektorunda əməkdaşlıq əlbəttə ki, yaxşı olardı. İran bank sektorunun ölkəmizə çıxışı əlverişli olardı. Bu vəziyyət ölkəmizdə sələm faizi ilə işləməyən islam bankçılığının inkişafına gətirib çıxarardı. İran banklarının ölkəmizə çıxışının burada ucuz kredit mənbəyinə səbəb olması isə bütün hallarda dövlətlərarası razılaşmalardan, Azərbaycanın daxili qanunvericiliyindən asılı olacaq".

Sizin Reklam Yeriniz