F.Məscidi bildirib ki, Azərbaycanın özəl şirkətləri bu zonada 8
zavod və müəssisə inşa edir: "Onlardan 3 zavodun tikintisi artıq
başa çatıb və bu zavodlarda məhsullar istehsal edilir. Azərbaycan
şirkətləri azad zonada milyonlarla dollar sərmayə yatırıb, lakin bu
şirkətlərin nə qədər investisiya yatırması ilə bağlı dəqiq rəqəm
deyə bilmərəm".
Onun sözlərinə görə, azərbaycanlı investorlar Araz zonasında neft emalı zavodu, polimer məmulatları istehsalı zavodu və kosmetika və parfumeriya məhsulları istehsalı zavodunun tikintisinə, qablaşdırma, sellofan torbalar istehsalı və s. sahələrə investisiya yatırıblar.
F.Məscidi qeyd edib ki, neft emalı zavoduna xam nefti də
Azərbaycan, İran və İraqdan tədarük etmək imkanı var.
Zonanın sədr müavini deyib ki, həmin zavodlarda istehsal olunan
məhsullar İranın daxili bazarlarının ehtiyacını təmin etməklə
yanaşı, xarici ölkələrə də ixrac olunur: "Əgər hansısa məhsul Araz
iqtisadi zonasında istehsal olunursa, bu halda həmin məhsulun digər
ölkədən İrana idxalına görə vergi tətbiq olunur ki, zonada istehsal
olunan məhsullar ölkə daxilində satılsın".
F.Məscidi bildirib ki, hazırda Araz azad ticarət-sənaye
zonasının ərazisinin Culfadan Biləsuvara kimi genişləndirilməsi
üçün layihə hazırlanıb və dövlətə təqdim olunub: "Bu layihə
təsdiqlənərsə, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından
Biləsuvar sərhədinə kimi böyük bir ərazi azad zona olacaq və bu,
iki ölkənin investorlarının müştərək sərmayələr qoymasına əlverişli
şərait yaradacaq".
Onun sözlərinə görə, Araz zonası Qulubəyli bölgəsində Azərbaycan və İranın müştərək sənaye şəhərciyini yaratmağa hazırdır: "Əgər Azərbaycan tərəfi də maraqlı olsa, Füzuli bölgəsində iki ölkənin müştərək sənaye şəhərciyini təsis edə bilərik".
Qeyd edək ki, İranın Azərbaycanla həmsərhəd olan Culfa rayonu ərazisində 9 il əvvəl yaradılan Araz azad ticarət-sənaye Zonasında fəaliyyət göstərən müəssisələr 20 il vergidən və digər rüsumlardan azad edilirlər. Bu həm də xarici iş adamlarına aiddir.
Araz iqtisadi zonası 53 min hektar ərazini əhatə edir. Culfa şəhərindən başlayaraq Xudafərin, Canənlu və Qulubəyli kəndlərinə kimi uzanır. Zonanın Culfa şəhərində ərazisi 21 min hektar təşkil edir. Zonanın ən böyük hissəsi, yəni 33 min hektar sahəsi Qulubəyli-Xudafərin bölgəsində yerləşir.