Bu il noyabrın 1-nə kimi tarlalardan 436,2 ton yaşıl çay yarpağı toplanıb. Çay istehsalında olan bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz və ya 113,7 ton azalma deməkdir. Belə ki, 2013-cü ildə noyabrın ayının 1-nə kimi tarlalardan 549.9 ton ton yaşıl çay yarpağı toplanıb.
Xatırladaq ki, ökəmizdə 2012-ci ildə 550,3 ton, 2013-cü ildə isə 567,5 ton yaşıl çay yarpağı toplanıb. 2014-cü ilin sonuna çox az bir zamanın qaldığını nəzərə alsaq, yaşıl çay yarpağının bu ilki yığım göstəricisinin ötən ili keçəcəyi real görünmür. Həm də nəzərə alaq ki, Azərbaycanda yaşıl çay yarpağı yığımı may ayının əvvəllərində başlayır və noyabr ayınadək davam edir. Mütəxəssislər çayçılıqda müşahidə olunan tənəzzülü müxtəlif səbəblərlə izah edirlər.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, çayçılıq bizdə hətta qonşu Gürcüstana nisbətən zəif inkişaf dib: "Baxmayaraq ki, bizim Rusiya kimi yaxşı bazarımız var. Biz həmin bazara nisbətən yüksək qiymətə məhsul çıxara bilirik. Çayçılıq məhsuladarlığı artırmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq, hazır məhsulun satışının həyata keçirilməsini təşkil etmək kimi kompleks tədbirlər tələb edir. Bunun üçün də xüsusi dövlət proqramı hazırlanmalıdır. Həmin proqrama uyğun olaraq bu sahəyə güzəştli kreditlər ayrılmalı, yardımlar edilməlidir. Burada bir sıra seleksiya işləri aparılmalıdır. Torpaqlar mineral, üzvü maddələrlə təmin olunmalıdır. Çalışmaq lazımdır ki, burada daha çox əl əməyindən istifadə edilsin. Ancaq əldə olunan məhsul daha yüksək qiymətə satılmalıdır ki, xərcləri kompensasiya etmək mümkün olsun".
Ekspertin sözlərinə görə, hazırda
seleksiya işləri zəif aparılır: "Digər tərəfdən, fermerlərin bir
çox istehsal vasitələrinə ehtiyacı yarandıqda onlar çox vaxt
ödənilmir. Xüsusən, onlara uzunmüddətli güzəştli kreditlərin
verilməsi həyata keçirilmir. Bunun da səbəbi var. Çay istehsalı ilə
məşğul olan fermerlər uzun müddət gözləməli olurlar. Yəni, ilkin
işə başlayandan 8 il sonra çay kolları məhsul verməyə başlayır.
Onda da ilk ildə yox, sonrakı illərdə məhsuldarlıq artır. Yəni,
fermerlər uzun müddət gözləməli olurlar. 8 il davamlı şəkildə xərc
çəkilir. Fermerlər isə nəticəni bilmədən belə uzun müddət
gözləməkdə maraqlı deyillər. Ona görə də əksər fermer bu sahədən
uzaqlaşmağa məcbur olur".
Digər mütəxəssis Hüseynqulu Məmmədli bildirir ki, Sovetlər dönəmində Azərbaycanın 5 rayonunda çay əkini həyata keçirilirdi: "Onların içində ən çox çay yığımı həyata keçirilən Lənkəran idi. Lənkəranda 7 min hektara yaxın əkin sahəsi var idi. İndi isə Lənkəranın yalnız bir o vaxtdan qalan çay sahəsi var. 5 çay fakbrikinin heç biri işləmir. Yalnız birinin kiçik sexi işlədilir. Lənkəranda ildə təxminən 200 tona yaxın çay yarpağı istehsal olunur. Bu qədər yarpaqdan isə 5 ton quru çay emal olunur. Azərbaycan əhalisinin çaya olan tələbatı isə illik 20 min tondur".
Hüseynqulu Məmmədli tənəzülün müəyyən səbəblərinin olduğunu qeyd etdi: "Vaxtı ilə fermerlərin verdiyi çay yarpaqlarını fabriklər köhnə texnologiya ilə emal etdiyinə görə həmin quru çay xarici çay ilə rəqabətdə uduzdu. Yəni, yerli çay satıcılıq qabiliyyətini itirdi. Pulu fabrikdən ala bilməyən fermerlər çay kollarının yerinə tərəvəz əkimini həyata keçirməyə başladılar. Yəni, Lənrəkaranda çay istehsal azalıbsa, bu, digər bölgələrdə çay istehsalı tam dayanıb, deməkdir".
Ekspert qeyd etdi ki, çay Azərbaycanın
strateji əhəmiyyətli bitkisidir: "Sovetlər dağılanda strateji
məhsullarımız olan pambıqçılıq, üzümçülük, çayçılıq da məhv oldu.
Pambıqçılıq və üzümçülüyün bərpası üçün qısa müddət lazımdır. Amma
çayçılığın bərpası ən azı 10 il vaxt tələb edir. Çünki, çay bitkisi
əkiləndən 6 il sonra ilkin məhsul verməyə başlayır. 20 ildən sonra
isə tam məhsuldar çay sahəsinə çevrilə bilər. İnvestorlarda isə
10-15 ildən sonra gəlir götürəcəkləri sahəyə maraq yoxdur. Odur ki,
çayçılığın inkişafı yalnız dövlətin o sahəyə yönəldəyəci vəsaitdən
asılıdır".