Əlaqə Arxiv
news Image
2014.11.18
08:20
| A A A
Azərbaycanda rubla gözlənilməz maraq
Natiq Cəfərli: “Hazırda aşağı qiymətləri fürsət bilib, qazanc xatirinə rubl almağa meyl edən insanlar, yaxın gələcək üçün ciddi risq etmiş olurlar” Azər Mehtiyev: “Hamı görür ki, rublun məzənnəsi gündən-günə düşür”

Rus rublu məzənnə baxımından hələ də mövqeyini itirməkdə davam edir. Hazırda 1 dollar 45 rubla çatır. Ölkəmizdə də manatla müqayisədə rubl sürətlə ucuzlaşır. Hazırda 1 rubl 0,016 manata bərabərdir. Lakin maraqlıdır ki, son vaxtlar rus rublunun alıcıları artıb, rublu manata dəyişənlər isə azalıb. Satışın artma səbəbini isə onunla bağlayırlar ki, Rusiyaya gedən şəxslər mümkün qədər çox rubl aparmağa çalışır, çünki burada alınan eyni həcmdə rubl orda xərcləndikdə daha çox xeyir verir, nəinki burdan başqa valyuta apardıqda. Rublun alışının azalması isə Rusiyadan bura rubl göndərişlərinin azalması ilə bağlıdır.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, hazırki vəziyyətdə ola bilsin, kimlərsə, rublun ucuzlaşmasını gələcəkdə qazanc əldə etmək fürsəti kimi dəyərlndirdiyindən, həmin valyutanı daha çox almağa başlayıb. Amma ekspert bu tendensiyanın çox risqli olduğunu dedi: "Rublun ucuzlaşması fonunda ola bilsin, kimlərsə bunu fürsət görüb müəyyən ehtiyatlarını rubla çevirməyi düşünsün. Amma bu, çox təhlükəli addımdır. Çox güman ki, neftin qiymətinin enməsi davamlı olacaq. Bu davamlılıq da öz növbəsində rublun daha da qiymətdən düşməsilə nəticələnəcək. Hazırda aşağı qiymətləri fürsət bilib, qazanc xatirinə rubl almağa meyl edən insanlar, yaxın gələcək üçün ciddi risq etmiş olurlar. Yaxın gələcəkdə rublun məzənnəsinin daha da aşağı düşməsindən bu gün etdikləri yatırımların bir hissəsini faiz nisbətilə itirmiş olacaqlar. Ola bilər hazırda bəzi insanlar yaranmış bu tendensiyanı özləri üçün fürsət hesab edirlər. Belədə qazanc məqsədilə müəyyən ehtiyatlarını rubla çevirirlər. Bununla da gələcəkdə, rublun məzənnəsinin qalxması ehtimalında udmağı düşünürlər. Amma böyük ehtimalla, yaxın gələcəkdə rublun məzənnəsinin dollara qarşı güclənməsi ehtimalı çox aşağıdır. Güman ki, yaxın bir həftə, on gün ərzində netfin qiymətində yeni enmələrlə bərabər, rublun məzənnəsinin də enməsi və qiymətdən düşməsini izləyəcəyik".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev düşünür ki, bu hal özünü ancaq Moskva ilə Bakı arasında bağlanan bəzi müqavilələrə əsasən göstərə bilər: "Hazırda bildiyiniz kimi, Rusiya ilə Azərbaycan arasında müəyyən ticarət əlaqələrini milli valyutalarla həyata keçirməklə bağlı razılaşmalar var. Amma demək ki, indiki halda əhali də bütövlükdə rubl almağa üstünlük verir, bu, inanılan hal deyil. Hamı görür ki, rublun məzənnəsi gündən-günə düşür. Heç kəs bunu görə-görə, məqsədli şəkildə rubl alqısına getməz".Xatırladaq ki, milli valyutamızın məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir. Yəni dollar rubla nəzərən bahalaşdıqca manat da həmin valyutaya qarşı bahalaşır. Bu səbəbdən Rublun dollar qarşısında ucuzlaşması onun manatla müqayisədə qiymətdən düşməsinə də səbəb olub.

Sizin Reklam Yeriniz