Əlaqə Arxiv
news Image
2014.11.19
08:20
| A A A
Ət bazarında gedən anlaşılmaz proseslər
Vahid Məhərrəmov: “Bölgələrdə baş verən bu tendensiyanın özünü Bakı şəhərində göstərməməsi tamamilə başqa məsələ ilə bağlıdır” Rəşad Həsənov: “Ətin paytaxta gətirilməsi və burada satışının həyata keçirilməsi işbazlar tərəfindən həyata keçirilir”

Son zamanlar mal ətinin qiymətində müəyyən ucuzlaşmalar baş verməkdədir. Amma məsələ ondadır ki, bu ucuzlaşma tendensiyası özünü ancaq bölgələrdə göstərir. Hazırda paytaxtın bəzi yerlərində mal ətinin 1 kiloqramı 7 manata, bəzi yerlərdə 8 manata təklif olunur. Bakıətrafı ərazilərdə isə 1 kiloqramı dana ətini 6 manat 80 qəpiyə də almaq mümkündür. Lakin , bölgələrdə ətin qiymətində daha çox düşmə var. Hazırda bölgələrdə dana ətinin 1 kiloqramı 6 manata təklif olunur. Lakin maraqlıdır ki, regionlarda mal ətinin qiymətində enmələr olsa da, bu, özünü paytaxtda hər hansı bir şəkildə göstərmir. Halbuki, paytaxta mal əti əsas etibarı ilə bölgələrdən gətirilir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov düşünür ki, paytaxtda mal ətinin qiymətinin düşməməsi burada həmin prosesin müəyyən qüvvələrin nəzarəti altında olması ilə bağlıdır: "Bölgələrdə son zamanlar ətin qiymətinin aşağı düşməsi əvvəlki illərdə olduğu kimi yas mərasimlərinin təmtəraqlı, həddən ziyadə yeyib-içməklə keçirilməməsilə bağlıdır. Artıq yas mərasimlərində bir neçə gün ərzində ehsan verilmir. Əvvəllər isə yas günü, hətta qırx çıxana qədər ehsan verilirdi və bu zaman əsasən də mal ətindən istifadə olunurdusa, buna tələbat vardı. Fermerlər əldə etdikləri ət məhsulunun müəyyən hissəsini yas günlərində tələbat yarandığından, ona uyğun olaraq da təklif edirdilər. Bu gün isə həmin tələb azalıb. Həmin səbəbdən də fermerlər artıq əvvəlki sayda heyvan kəsmirlər. Tələbin azalmasına uyğun şəkildə istehsal da azalıb. Yəni regionlarda mal ətinin qiymətinin müvəqqəti olaraq aşağı düşməsi əsasən bununla əlaqədardır. 10 min əhalisi olan bir kənddə il ərzində 200 baş iri buynuzlu mal-qara məhz yas mərasimlərində istifadə olunurdu. İndi isə həmin məqsəd üçün daha bu qədər heyvan istifadə edilmir. Bu proses də istər-istəməz mal ətinin qiymətinin bölgələrdə aşağı düşməsinə təsir edib. Lakin bölgələrdə baş verən bu tendensiyanın özünü Bakı şəhərində göstərməməsi tamamilə başqa məsələ ilə bağlıdır. Bakıda müəyyən qüvvələr var ki, qəssabxanalar da onların nəzarətindədir. Onlar tədarüklə məşğul olub, davamlı şəkildə ət dükanları və qəssabxanaları təmin edirlər. Bu fonda digər adamların həmin prosesə qoşulması mümkün deyil. Mümkün olsa da, bu, müvəqqəti xarakter daşıyacaq. Ət istehsalçısı olan fermer onu qəssabxanalara özü təklif etsə, qiyməti də ucuz təklif etməlidir. Çünki, kiminsə bazarına daxil olursansa, malı ucuz təklif etməlisən ki, onu alan olsun. Ona görə də, Bakı şəhərində mal ətinin qiymətini yüksək həddə saxlamaqda maraqlı olan qüvvələr digər oyunçuları bu bazara buraxmır. Bakıda bölgələrə nisbətən mal ətinin qiymətinin düşməməsi səbəbi bu amillə bağlıdır. Gürcüstandan gətirilən mal-qaranın həmin qiymət məsələsində rolu isə yox dərəcəsindədir. Onsuz da, oradan gətirilən malın qiyməti daxili istehsala nisbətən aşağıdır. İndiki halda müəyyən qüvvələrin marağında olduğundan Bakıda qiymətlər bölgələrə nisbətən yüksək olaraq qalmaqdadır".

Ekspert Rəşad Həsənov da bölgələrdə mal ətinin qiymətinin enməsinə rəğmən, paytaxtda anoloji halın baş verməməsini işbazların əməllərində axtarmağı lazım bildi: "Kənd təsərrüfatı məhsullarının, o cümlədən maldarlıqla məşğul olan fərdi sahibkarların problemlərindən biri məhsullarını paytaxt bazarına çıxarmaqla bağlıdır. Ətin paytaxta gətirilməsi və burada satışının həyata keçirilməsi işbazlar tərəfindən həyata keçirilir. Proses burada onların nəzarəti altındadır. Bu səbəbdən də Bakıda hazırda qiuymətlərin aşağı düşməsinin şahidi olmuruq. Rayonlarda isə ətin qiymətinin aşağı düşməsi bir sıra səbəblərlə bağlıdır. Hazırda müəyyən xəstəliklərin yayılması ilə əlaqədar olaraq, fermerlər bir çox hallarda mal-qaranı zamansız olaraq bazara təklif etmək məcburiyyətində qalır. Belədə fermer məcburdur ki, daha münasib qiymətə malını yaxın ətraf ərazilərdə satsın. Bakıya gətirilən mal-qara isə müəyyən qrupların əlindədir. Onlar da qiymət enmələrinə imkan vermir".

Sizin Reklam Yeriniz